''Gecələr qorxa-qorxa yatıram ki, birdən ev başıma uçar''
Yevlaxlı xadimə imkansızlıqdan evini təmir etdirə bilmir
Yevlaxın Qaraməmmədli kəndinin sakini, 53 yaşlı Gülgəz Məhərrəmova qəzalı evdə yaşayır. Deyir, hər əsən külək, yağan yağış, qar yaşadığı evdən nələrsə aparır. Uşaqlığı bu evdə keçib, doğmadır, ancaq artıq yaşanası vəziyyətdə deyil.
“Ailə qurmamışam. Odur ki, ata evi mənə qalıb. Bacı və qardaşlarım köçüb gediblər. Xadimə işləyirəm. O qədər böyük imkanım yoxdur özümə ev alım, yaxud qəzalı evi təmir edim. 120 manatdır maaşım. Onunla çörəyimi, çayımı güclə alıram. Yaş da az deyil. Səhhətdə probem yaranır, həkimə getməli olursan. Bacı-qardaşın da imkanı o qədər güclü deyil ki, kömək etsinlər. Dövlətdən başqa arxamda kimsəm yoxdur”.
Gülgəz Məhərrəmova deyir ki, pensiya yaşının artması da ona sərf etmir. Az yaşı yoxdur və nə qədər süpürgəçi kimi çalışa bilər, onu da bilmir:
“Təzyiq olur, əvvəlki kimi enerjim yoxdur. Düzü, həkimə getsəm, bəlkə də nə qədər problemim çıxar. Getməyə imkanım da yoxdur”.
G. Məhərrəmova bilmir 120 manatlıq maaşını yeməyinə, kommunala, həkimə, dərmana, yoxsa evinin təmirinə xərcləsin. Deyir, heç təmir ediləsi durumda da deyil:
“Təmiz tökülüb, əldən gedir. Bir yerini düzəldirsən, digəri əldən çıxır. Bir baxın də, əlimə gələnlə dəlmə-deşikləri tutmuşam ki, evin içinə külək əsməsin. Yaxşı dolanmaq üçün gərək yaxşı işləyib, pul qazanasan. Bu, kəndlərdə mümkün deyil. Cavanların çoxu ana-atasının pensiyası ilə dolanır. Mən hələ ən yaxşısı sayılıram ki, işim var. İş də, nə iş… Yorğunluğun qarşılığında aldığım qəpik-quruş. Bunun müqabilində heç olmasa evinin istismar müddəti başa çatmış insanlara bir gün ağlayalar. Onu da etmirlər. Vallah, imkanı olan bu şəraitdə yaşamaz. Gecələri qorxa-qorxa yatıram, xüsusən də qar yağanda, külək əsəndə deyirəm indicə ev başıma uçacaq”.
Şikayətci deyir ki, axtarışdadı, ancaq başqa iş tapa bilmir. Ona görə də xadiməliklə kifayətlənməli olub:
“Kənd yerində hərə öz işini özü görür. Gedib kiməsə kömək edib, pul qazanmaq da mümkün deyil. Odur ki, elə tapa bildiyim iş xadiməlik olub. Ayı birtəhər başa vururam. Xəstə olsam da, gedib süpürgəçilik edib, çörəkpulumu qazanıram. Amma evi təmir etməyə, heç bir mismar almağa da pulum yoxdur. Yəni belə böyük işlərə gücüm çatmır”.
G.Məhərrəmova dəfələrlə problem ilə bağlı aidiyyatı qurumlara məktubla müraciət edib. Ancaq bir nəticəsinin olmadığını deyir:
“Hətta bir dəfə Mehriban xanım Əliyevaya da məktub yazmışdım. İzah etdim ki, tənhayam, imkanım yoxdur, çətinliklə dolanıram. Evim isə başıma uçur, nolar bir yardım edin. Məktubun çatması ilə bağlı xəbərnamə də aldım. Bu günədək səbrlə gözləyirəm, amma heç bir xəbər yoxdur. Nolardı, neft ölkəsiyik, həqiqətən yaxşı iş olardı, işləyərdik, ya da dövlət yardım edərdi, neft pullarından bizə pay düşərdi, bizim də kiməsə müraciət etməmizə gərək qalmazdı. Amma mən adicə qəzalı evimi təmir etməkdən acizəm. Yoxdur də, nə edə bilərəm?”
G.Məhərrəmova deyir ki, kənddə adətən yeni ev almırlar, tikirlər. Onun isə nəinki yeni ev tikməyə, heç təmirə də pulu yoxdur:
“O qədər pulu ancaq xəyal edə bilərəm. Təmir üçün azı 5-6 min lazımdır. Bu, mənim 5 illik əmək haqqımdır. Hökumətdən isə bir haray yoxdur. İndi sizə bu barədə danışıram. Qorxuram işdən də çıxaralar, lap acından öləm. Amma düşünürəm ki, şansdır, bəlkə də səsimi eşidərlər. Nə bilim, ümiddir də edirəm, danışıram. Bəlkə bir işə yarayar”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan deyiblər ki, rayonda Fövqəladə Hallar Komissiyası var. Elə icra hakimiyyətində yerləşir. Belə vəziyyətlərlə bağlı onlara müraciət edə bilərlər:
“Düzdür, şəxsi qəzalı evlərin təmiri ilə bağlı bir büdcəmiz yoxdur. Hər halda, baxıb, qəzalılıq dərəcəsini ölçə bilərik. Gələcəkdə də nəsə etmək mümkün olsa, əlimizdən gələni edərik. Xanım müraciət etsin”.