”Azərbaycanın qonşularının özgüvənliyi lovğalıqdır”
İctimai rəyi öyrənən nüfuzlu “Pew Research Center” millətlərin öz mədəniyyətini başqa millətlərin mədəniyyətilə nisbətdə necə gördüklərini araşdırıb.
Aparılan sorğu Avropa ölkələrində və Cənubi Qafqazın iki respublikasında keçirilib, Gürcüstan və Ermənistanda.
Gürcüstan və Ermənistanda sorğuya qatılanlar öz mədəniyyətlərini başqa millətlərin mədəniyyətindən üstün sayıblar. Gürcüstanda 85 faiz, Ermənistanda 84 faiz, Rusiyada isə sorğuda iştirak edənlərin 69 faizi mədəniyyətlərini başqa xalqların mədəniyyətindən üstün sayır.
Ancaq Avropa Birliyinin aparıcı dövlətləri Fransada bu göstərici 36, Almaniyada isə 45 faizdir. Baltikyanı respublikalardan Estoniyada 23, Latviyada 38, Litvada 37 faiz belə düşünür. Belarusda 42, Ukraynada 41 faiz öz mədəniyyətlərinin başqa mədəniyyətlərdən üstün olduğu qənaətindədirlər.
Skandinaviya ölkələrində yanaşma fərqlidir, Norveçdə rəyi soruşulanların 58 faizi, İsveçdə 26, Danimarkada 44, Finlyandiyada 49 faiz mədəniyyətlərini başqa ölkələrin mədəniyyətlərdən üstün sayırlar. Bir-biri ilə qonşu olan Portuqaliya və İspaniya arasında fərq az deyil, birincidə 47, ikincidə 20 faiz öz mədəniyyətlərini üstün hesab edirlər.
NATO və Avropa Birliyinin mərkəzləşdiyi Belçikada 23 faiz bu düşüncədədir. Böyük Britaniyada 46 faiz öz mədəniyyətlərini yüksək sayırlar. Antik mədəniyyətin beşiyi olan Yunanıstanda 89 faiz öz mədəniyyətini qonşularından üstün sayır. Romalıların varisləri italyanlarda isə bu faiz göstəricisi 47-dir.
Bu barədə məlumatı paylaşan REAL Partiyasının İdarə Heyətinin üzvü Erkin Qədirli Fransada millətçiliyin güclü olduğunu xatırladaraq qeyd edib ki, mədəniyyətinin Avropada siyasi təsirinə görə ən çox öyünəsi ölkə elə Fransadır:
“Bununla belə, Fransada milli mədəniyyətlərini başqa milli millətlərin mədəniyyətindən üstün hesab edənlərin sayı, başqa ölkələrlə nisbətdə xeyli aşağıdır. Vətəndaş millətçiliyinin özəlliyi həm də bundadır – lovğalıqsız özgüvən yaradır”.
Erkin Qədirli hesab edir ki, Gürcüstanda, Ermənistanda və Rusiyada vətəndaş millətçiliyi yoxdur, onlarınkı şovinizmdir, etnik millətçilik, özlərini hamıdan üstün sayırlar:
“Düşündükləri əsassız, hətta yanlış ola bilər, amma bu, bizi rahatlandırmamalıdır. Gürcülərin, ermənilərin və qismən olsa da rusların, bu cür düşündüklərini kobud gerçəklik kimi görməliyik. Buna “mental fakt” deyirlər. Yəni, düşünülənlər doğru olmaya bilər, amma düşüncənin özü fakt olduğuna görə, onu sosial gerçəklik saymalıyıq. Başqa sözlə, istəsək də, istəməsək də, qonşularımızın böyük əksəriyyəti özünü bizdən mədəni baxımdan üstün sayır. Bu fakt, yəni onların belə düşünmələri bizim üçün böyük təhlükə qaynağıdır. Bunu görməzdən gələ bilmərik”.
Erkin Qədirli “Pew Research Center”in Azərbaycan və Türkiyədə sorğu keçirməməsinin səbəbini bilmir:
“Səbəbini bilmirəm, bəlkə xristian ölkələrini götürüblər, yaxud bu iki ölkəyə buraxmayıblar. Sorğu keçirilmiş olsaydı, güman ki, rəqəmlər çox aşağı olardı. Bəlkə də yanılıram, amma “Facebook”dakı yazılardan və yanaşmalardan gəldiyim qənaət budur. Çoxlarının başqa millətləri öz millətimizdən üstün saydığını gördüm, özgüvənimiz zəifdir. Özgüvəni zəif olan toplum demokratiya qura bilməz. Mən həm də buna görə indiki tarixi dönəmdə vətəndaş millətçiliyini ölkəmiz üçün önəmli sayıram”.
Onun sözlərinə görə, sorğuda respondentlərə 1 sual verilməyib, əksinə, onlarla sualın nəticəsi belə olub. Suallar arasında din, etnik azlıqlara, qonşulara münasibət, təhlükə duyumu var. Beləliklə, ümumi nəticəsi mədəniyyətə çıxır, mədəniyyət deyəndə, yalnız məişət, əxlaq deyil, bura hər şey daxildir. Kompleks yanaşma var:
“Yunanlar çox dindardılar, dövlət kilsəsidir, miqrantlara qarşıdırlar, etnik azlıqlara yuxarıdan aşağı baxırlar. Gürcü və ermənilər haqda da bunu demək olar”.
Erkin Qədirli bildirib ki, Azərbaycanın qonşularının özgüvənliyi lovğalıqdır:
“Məsələn, Fransa mədəniyyət baxımından özünü hamıdan üstün saya biləcək ölkədir, amma orada nəticə bizim qonşulardan aşağıdır. Qonşularımızın lovğa və yekəxana olması ona görə təhlükədir ki, bizi həmişə özlərindən aşağı sayacaqlar. Bir az vəziyyət dəyişən kimi münaqişə yaradacaqlar, Dağlıq Qarabağ münaqişəsi elə başladı. Türk olduğumuza görə aşağı baxırlar, gürcülər tatrebi, ruslar da azer deyirlər. Ancaq rusların özgüvəni onlardan yüksəkdir. Burda bir məqam da var, rəqəmin yüksək olması özgüvənlə bağlı deyil, özgüvən bir az başqa şeydir”.