”Bolton səfər etdiyi ölkələrin İranla əlaqələrini maksimum azaltmasına israr edir”

”Ölkələrə bunun müqabilində imtiyaz və təhlükəsizlik zəmanəti verilir”

Source:
Con Bolton
Con Bolton


”Ölkələrə bunun müqabilində imtiyaz və təhlükəsizlik zəmanəti verilir”

Birləşmiş Ştatlar Yaxın Şərqdə qətiyyətli döyüşə hazırlaşır. Burada mərkəzi hədəf Vaşinqtonun regionun sabitliyini pozmaqda, terrorizmi və dini cəhaləti dəstəkləməkdə ittiham etdiyi İrandır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskvaya və Cənubi Qafqazın digər üç dövlətinin paytaxtına səfəri bunu göstərir.

Bu barədə “Turan” agentliyinin Con Boltonun bölgəyə səfərə həsr edilən təhlili yazısında deyilir.

Təhlildə bildirilir ki, cənubdan İranla sıx qonşuluğu olan ölkələrə səfər coğrafiyası ABŞ-ın İranın mühasirəsinin sərtləşdirilməsi – İran netfinin satışına embarqo tətbiqi, İranın SWIFT ödəniş sistemindən ayrılması və s. prosesində bu dövlətlər üçün hər hansı asayiş pozuntularını istisna etmək istədiyini gstərə bilər.

“Yəni ABŞ Boltonun səfər marşrutuna daxil olan ölkələrin imtiyazlar və təhlükəsizliklərinə zəmanət müqabilində İranla əlaqələrin səviyyəsini maksimum azaltmaqda israr edir, yazıda qeyd edilib.

Yazı müəllifləri Boltonun səfərini hər bir paytaxt üzrə xüsusi təhlil edərək, yazıblar:


Moskva

Boltonun Moskvaya səfəri göstərib ki, ABŞ yaxın gələcəkdə Rusiya ilə qarşıdurmaya getmək niyyətində deyil. Bu, RF-nin yüksək rəhbərliyi ilə görüşləri başa çatdıqdan sonra onun verdiyi bəyanatlardan məlum olub. Trampın müşaviri jurnalistlərə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olmadığını, Suriya böhranının nizamlanmasında Rusiyanın rolunu müsbət qiymətləndirdiyini bildirib. “Şirin həb” kimi Bolton noyabrın 11-də Parisdə qeyri-formal Tramp-Putin görüşünün hazırlandığı və 2019-cu ilin birinci rübündə Amerika-Rusiya biznes şurasının keçiriləcəyi barədə məlumat verib.

Formal olaraq bu görüşün təşəbbüsünü Boltonu qəbul edən Putin irəli sürüb, amma sonuncunun operativ cavabından belə çıxırdı ki, tərəflər artıq bu məsələni vaxtından əvvəl razılaşdırıblar. Rusiya tərəfinə ABŞ-ın nüvə təhlükəsizliyi və terrorizmə qarşı mübarizə sahəsində təhdid hesab etidyi İran üzrə mövqeyi haqqında məlumat verilib.

Amerika prezidentinin müşavirinin sözlərindən həmçinin məlum olub ki, ölkənin Orta və Uzaq Məsafəli Raketlərin Ləğvi haqqında Müqavilədən (OUMRM) çıxması onun bugünki reallıqların tələblərinə cavab verməməsi və Çin, Koreya və s. şəxsində orta və uzaq məsafəli raketlərin yeni sahiblərinin və istehsalçılarının ortaya çıxması nöqteyi-nəzərdən köhnəlib. Beləliklə, o, ABŞ-ın sazişdən çıxdıqdan sonra raket sahəsində gələcək fəaliyyətinin Çinə qarşı yönələcəyinə eyham edib.

Beləliklə, yuxarıda qeyd edilən məlumatdan göründüyü kimi, ABŞ və Rusiya arasında qarşılışlı anlaşma var və Yaxın Şərqdə münasibətlər sisteminin yenidən qurulması məsələsində maraqları üst-üstə düşür, xüsusən, İranla bağlı, Çinə və digər ölkələrin artan raket gücünün məhdudlaşdırılması, habelə MDB-nin, o cümlədən Rusiyanın Qərb vektorunun inkişafı ilə bağlı.


Bakı

Boltonun Azərbaycan prezidenti İlham Əliyevlə görüşün yekunlarına görə jurnalistlər üçün verdiyi məlumat da İran probleminin gündəlikdə əsas məsələ olduğunu təsdiq edir.

Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmi dəstəkləməsinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.

Həmçinin, iqtisadi layihələrə, xüsusən Cənub Qaz Dəhlizinə toxunulub, deyə Bolton bildirib.

O qeyd edib ki, Vaşinqton bu və digər məsələlər üzrə fəal əməkdaşlığa, o cümlədən terrorizm əleyhinə tədbirlərdə və narkotinqin yayılmasına, traffikinqə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə iştiraka ümid edir.

Boltonun Qarabağla bağlı hər hansı təklif gətirmədiyi və Bakıda Azadlıq Radiosunun fəaliyyətinin bərpası məsələsini qaldırmadığı barədə etirafı ekspertlərin İran mövzusunun Boltonun portfelində əsas mövzu olacağı barədə rəylərinin doğruluğunu nümayiş etdirdi.

Bakı üçün İran mövzusu iki komponentdən ibarət idi:



1.

İrana qarşı sanksiyaların Azərbaycana iqtisadi cəhətdən mənfi təsirini necə azaltmaq olar,



2.

Azərbaycanı İranda gözlənilən kataklizmin təhlükəsindən necə qorumaq olar.



Biz prezident Əliyevlə və xarici işlər naziri ilə bu məsələləri müzakirə etdik. Məqsədimiz İrana qarşı maksimum sanksiya tətbiqini təmin etməkdən, eyni zamanda dostlarımıza lazımsız ziyan vurmamaqdan ibarətdir, Azərbaycanda bizim dostlarımız sırasındadır, deyə Bolton Turan-a müsahibəsində bildirib.

Bu mənada ABŞ Azərbaycanla dəfələrlə edilmiş cəhdlərə baxmayaraq, indiyədək nail olunmamış geniş və dərin dialoq təklif edə bilərdi.

Bolton Əliyevlə insan hüquqlarının pozulması və demokratiya məsələlərini müzakirə edib:

“Bu məsələlər ABŞ üçün böyük əhəmiyyət kəsb edir və prezident Əliyevlə çox səmərəli dialoqumuz oldu, hesab edirəm ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə və bir-birindən nələrsə öyrənə biləcəyi bir çox sahələr var”.

İndiyədək Bakı insan hüquqları, vətəndaş cəmiyyəti və demokratik idarəetmə sahəsində Amerikanın təkliflərinin həyata keçirilməsindən ehtiyatlanırdı. Əvvəllər də olduğu kimi, Əliyevin belə bir dialoqdan imtina etmədiyini düşünmək olar, amma bu, növbəti təşəbbüsün yalnız niyyət müqaviləsi olaraq qalmayacağı demək deyil.


Yerevan

Ermənistan paytaxtında Boltonu Gürcüstanda Qızılgül İnqilabından sonra Amerikanın yüksək səviyyəli nümayəndələrini qarşıladıqları kimi qarşılayıblar. Son ayların demokratik dəyişikliklərindən ilham alan Ermənistan ində Qərbə daha əminliklə baxır. Amerika-Ermənistan dialoqu göstərib ki, tərəflər daha açıq yaxınlaşmaya və Rusiya vektorunu Amerika vektoru ilə dəyişdirməyə hazırlaşır.

Boltonun Ermənistan inqilabının lideri Nikol Paşinyanla görüşündə açıq-aşkar Rusiya silahı yerinə Amerika silahı almaq təklifini təsadüfi adlandırmaq olmaz. Bu, ABŞ-ın Ermənistanda bu ilin dekabrında parlament seçkilərindən sonra dönməz xarakter alacağı gözlənilən demokratik prosesi dəstəkləmək qətiyyətindən və zəmanətindən xəbər verən çox güclü təşəbbüsdü.

Tərəflər həmçinin İran mövzusunda fikir mübadiləsi aparıblar. Boltonun dediklərindən görünür ki, İrana qarşı artan sanksiyalar fonunda Ermənistanın təhlükəsizliyi gündəlikdədir. O qeyd edib ki, İranla sərhəd “mühüm məsələ olacaq, belə ki, baş nazirə də açıqladığım kimi, İrana maksimum təzyiq göstərmək istəyirik, çünki o, hələ nüvə silahı yaratmaq məqsədindən əl çəkməyib”.


Tbilisi

Boltonun marşrutu Tbilisidə başa çatır. Faktiki olaraq, o, növbətçi xarakter daşıyır, belə ki, hələ bir həftə əvvəl Bolton Vaşinqtonda Gürcüstan baş naziri Mamuka Baxtadzeni qəbul edib. Görüş başa çatdıqdan sonra sonuncu bildirib ki, “Gürcüstan qarşısında duran təhdidlər” və “onların birgə aradan qaldırılması məqsədilə ABŞ-ın rolu” müzakirə olunub. Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, diqqət müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzərində cəmləşib.

Həmçinin, regiondakı vəziyyət, iqtisadi məsələlər nəzərdən keçirilib. O əlavə edib ki, Gürcüstan hökumətinin “iqtisadi istiqamətdə müəyyən planı var”, Bolton onunla tanış olub.

Görüşün yekunlarına görə Bolton öz “Tvitter” mikrobloqunda yazıb ki, Gürcüstan baş naziri ilə Görüşdə Gürcüstan və ABŞ münasibətlərinin həmrəyliyini təsdiq edib.

“Çiçəklənən və demokratik Gürcüstan regionda güclü nümunədir”, deyə Con Bolton bildirib.

Bunu da əlavə etmək olar – həm də Ermənistan və Azərbaycanın sivil demokratik dünya istiqamətində irəliləməsi üçün Mayakdır.

Ana səhifəAnalitika”Bolton səfər etdiyi ölkələrin İranla əlaqələrini maksimum azaltmasına israr edir”