”Əlilliyi olan qızımın pensiyasını kəsiblər ki, yenidən yoxlansın”

”42 dərəcə istidə, özünü, hərəkətlərini, bioloji ehtiyaclarını hiss etməyən xəstə ilə Bakı küçələrində qaldım”

Source:
Ramiz Sarıyev
Ramiz Sarıyev


”42 dərəcə istidə, özünü, hərəkətlərini, bioloji ehtiyaclarını hiss etməyən xəstə ilə Bakı küçələrində qaldım”

“Qızım anadangəlmə əlildir. Dünənədək buna görə pensiya alırdı. Nazir dəyişəndən sonra pensiya dayandırıldı. Dedilər, yenidən həkim komissiyasından keçməlisiniz. Həmin gündən qalmışıq küçələrdə. Pensiyanı düzəldə bilməmişik”, – Ağcabədi rayonunun Kəhrizli kəndinin sakini Ramiz Sarıyev belə deyir.

Bildirir ki, o, həm də vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, döyüşçüdür:

“Buna görə peşman deyiləm. Yenə olsa, yenə gedərəm. Ancaq uğrunda döyüşüb, canımızı ortaya qoyduğumuz vətənimizdə bu gün yaşamağa imkan vermirlər. Bilmirik dərdimizi hara, kimə deyək. Nə baxan, nə də eşidən var”.

Dedilər, yeni nazirin göstərişidir

R.Sarıyev deyir ki, əlilliyi olan qızı Nazpəri Sarıyeva 1999-cu il doğumludur. Əlilliyi anadangəlmədir, sonradan qazanılmayıb. İlk gündən də pensiya kəsilib. Atası deyir ki, bugünədək onun pensiya almasında heç bir problemləri olmayıb:

“Bu əlillik elə bir şeydir ki, bərpası yoxdur axı. İndi necə deyə bilərlər ki, yenidən həkim müayinəsindən keçmək lazımdır. Sağalan xəstəlik deyil. İyunda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında yerləşən həkim komissiyası müavinəti ləğv etdi. Açıq-aşkar da bildirdilər ki, yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi nazirinin göstərişidir. Onun göstərişinə görə, xəstə birbaşa Bakı şəhərində yerləşən həkim komissiyası tərəfindən yoxlanmalı və əlillik dərəcəsi orada, yəni Bakı şəhərində təyin edilməlidir”.

Bakıda bizə dedilər ki, sizi bura nahaq göndəriblər

Ramiz Sarıyev bundan sonra, iyulun 17-də xəstə qızını götürüb, Bakıya yollanıb:

“Kirayə maşın tutdum, çünki başqa cür mümkün deyildi. Bir ətək də pul verdim. Təsəvvür edin, 42 dərəcə istidə, tamamilə özünü, hərəkətlərini, bioloji ehtiyaclarını hiss edə bilməyən xəstə ilə Bakının nabələd küçələrində qalmaq nə deməkdir? Nəhayət, Bakı şəhərində bizə dedilər ki, sizi bura nahaq göndəriblər. Bu uşağa baxmağa nə ehtiyac var? Hər şey göz qabağındadır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yerləşən Tibbi Komissiya bu xəstənin əlillik dərəcəsini nahaq yerə ləğv edib. Qayıdıb gedin, onlar özləri həmin sənədləri bərpa etsinlər. Kor-peşman təkrarən uşağı da götürüb Ağcabədi rayon Tibbi Komissiyanın yanına apardım. Aldığım cavab isə belə oldu: “Bizlik deyil””.

Əlilliyi göz qabağında olan bir insanın pensiyasını niyə kəsməlidirlər?

R.Sarıyev deyir ki, indi dərdini kimə desin, nə etsin bilmir:

“Bu, süründürməçilikdən başqa bir şey deyil. Yoxsa əlilliyi göz qabağında olan bir insanın pensiyasını niyə kəsməlidirlər? Nə əsasla, hansı səbəblə? Mən bir şey anlamışam, deyəsən vətəndaşları hövsələdən, çilədən çıxarıb, dövlətə qarşı yönləndirmək istəyirlər. Bu işə başqa ad qoya bilmirəm”.

Bütün müraciətlərə eyni anda baxmaq mümkün deyil

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, əgər həmin şəxsin əlilliyi varsa, təqaüd kəsilə bilməz:

“Proses belədir ki, bir neçə ildənbir həkim komissiyası təyin edilir. Bundan sonra əlilliklə bağlı pensiyanın verilib, verilməməsi məsələsinə baxılır. Əgər həmin şəxsin vəziyyətində hər hansı bir irəliləyiş yoxdursa, pensiyası yenidən veriləcək. Ola bilsin, sənədlərin hazırlanmasında bir az ləngimə olub. Hər halda, müraciət edənlər çoxdur. Bütün müraciətlərə isə eyni anda baxmaq mümkün deyil”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən isə şikayətin araşdırılacağı deyilib.

Ana səhifəBölgə”Əlilliyi olan qızımın pensiyasını kəsiblər ki, yenidən yoxlansın”