“Hicab qadağası” fonunda Təhsil İdarəsi məktəblərdə yoxlamalara başlayır

69 nömrəli məktəbdə çəkilən görüntüdən screenshot

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə geyim yoxlamalarına başlayacağını açıqlayıb

Son günlər hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı şikayətlərin artdığı bir vaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə geyim qaydalarına nəzarətin gücləndiriləcəyini açıqlayıb.

İdarənin oktyabrın 9-da yaydığı məlumata görə, dövlət məktəblərində monitorinqlər keçiriləcək. Yoxlamalar zamanı həm şagirdlərin məktəbli forması ilə bağlı tələblərə, həm də müəllimlərin geyim qaydalarına əməl edib-etmədiyi araşdırılacaq.

BŞTİ bildirib ki, geyim qaydalarına nəzarət məktəb rəhbərliyinin səlahiyyətindədir. Bununla bağlı yaranan məsələlər isə məktəblərin Pedaqoji Şuralarında müzakirə edilərək həll olunmalıdır. İdarə şagirdlərin müəyyən edilmiş formada dərsə gəlməsinə görə məsuliyyətin valideynlərin üzərinə düşdüyünü vurğulayıb.

Açıqlama ölkənin müxtəlif məktəblərində hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı şikayətlərin yayıldığı dövrə təsadüf edir.

Son günlər sosial şəbəkələrdə Cəlilabad və digər rayonların məktəblərində hicablı qızların dərsə buraxılmadığı barədə məlumat və görüntülər yayılıb. Valideynlər və şagirdlər məktəb rəhbərliklərinin hicabın çıxarılmasını tələb etdiklərini bildirirlər.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə icazə verilmir.

Qərarda hicabın adı birbaşa çəkilməsə də, yeni qaydalar hicaba qoyulan məhdudiyyət kimi qiymətləndirilir və mübahisələrə səbəb olub.

Oktyabrın 6-da isə Nazirlər Kabineti müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqləyib. Yeni qaydalara görə, müəllimlər işgüzar üslubda geyinməli, onların geyimi və istifadə etdikləri geyim elementləri təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni monitorinqlərin məqsədinin məktəblərdə intizamlı və bərabər təhsil mühiti yaratmaq olduğunu qeyd edib.

Bununla belə, idarənin açıqlamasında hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirilməyib. Geyim qaydalarına əməl etməyən şagirdlərin təhsil hüququnun necə təmin ediləcəyi də izah olunmayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ “Hicab qadağası” fonunda Təhsil İdarəsi məktəblərdə yoxlamalara başlayır