Azərbaycan dövləti jurnalist Rauf Mirqədirov və ictimai fəal Fuad Əhmədliyə ümumilikdə 8 min avro təzminat ödəməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da və 8-də Azərbaycana qarşı iki qərar qəbul edib. Qərarlar jurnalist Rauf Mirqədirov və ictimai fəal Fuad Əhmədlinin şikayətləri ilə bağlıdır.
Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
“Rauf Mirqədirovun işi üzrə” Avropa Məhkəməsi jurnalistin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib.
2015-ci ildə dövlətə xəyanət ittihamı ilə 6 il azadlıqdan məhrum edilən jurnalist Avropa Məhkəməsinə şikayətində bildirib ki, yerli məhkəmələr onun əleyhinə təqdim edilən sübutları lazımi qaydada araşdırmayıb.
AİHM müəyyən edib ki, Azərbaycan məhkəmələri keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqdim etdiyi məktublarda göstərilən məlumatları yoxlamadan sübut kimi qəbul ediblər. Jurnalistin həmin məlumatların etibarlılığı ilə bağlı etirazları isə cavabsız qalıb.
Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulduğunu tanıyaraq Mirqədirova 3600 avro mənəvi təzminat ödənilməsinə qərar verib.
“Fuad Əhmədlinin işi üzrə” isə Avropa Məhkəməsi onun 2016-cı ildə həbs edilməsi ilə bağlı şikayətini araşdırıb.
Əhmədli bildirib ki, Azərbaycan məhkəmələri onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini əsaslandıra bilməyib.
O, həmçinin dövlət qurumlarının 2016-cı il avqustun 19-da və 23-də verdiyi bəyanatlarla təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu bildirib.
Avropa Məhkəməsi Əhmədlinin həbsdə saxlanılması üçün yetərli əsasların göstərilmədiyini və təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu müəyyən edib.
AİHM Konvensiyanın 5.3-cü və 6.2-ci maddələrinin pozulduğunu tanıyıb.
Qərara əsasən, Azərbaycan dövləti Fuad Əhmədliyə mənəvi zərərə görə 3900 avro, məhkəmə xərclərinə görə isə 500 avro ödəməlidir.
Fuad Əhmədlinin hüquqlarını Avropa Məhkəməsində vəkil Əsabəli Mustafayev müdafiə edib.
Beləliklə, iki qərar üzrə Azərbaycan dövlətinin ödəməli olduğu təzminatın ümumi məbləği 8 min avrodur.