”Bakı supermarketlərində ərzaq məhsullarının qiymətləri bahalaşıb”
“Turan” informasiya agentliyi Azərbaycanda qiymət artımı və bununla bağlı proqnozlar haqqında təhlili material hazırlayıb.
Agentlik xatırladıb ki, bir həftə əvvəl Azərbaycanda Ai-95 və Ai-98 markalı benzinin qiyməti bahalaşıb. Premium (Ai-95) benzini 1,50 manata satılır (əvvəl 1,25 manat idi), Super Premium (Ai-98) 10 qəpik bahalaşıb və 1,60 manatdır.
“Milli Məclisin deputatları və nazirlik məmurları xalqa təsəlli etməyə tələsiblər ki, bu bahalaşma ölkədə satılan digər markalı yanacaqların qiymətlərinə, eləcə də ərzaq məhsullarına təsir etməyəcək. Bildiriblər ki, bu markalı benzinlər ölkəyə idxal olunur, buna görə bu addımın Tarif Şurası ilə heç bir əlaqəsi yoxdur. Bu markalı yanacağın xaricdən idxalatı ilə SOCAR-ın törəmə firmaları məşğul olur. Həm də dollar və avro ilə gətirirlər ki, onlar da tərslikdən bahalaşır”.
Yazı müəllifi qeyd edib ki, xüsusən, deputat Aydın Hüseynov bildirib ki, ölkədə Premium və Super Premium benzini istehlakçılarının sayı o qədər də çox deyil, avtomobil sahiblərinin cəmi 5%, bəlkə də 3%-i.
“Məsələ ondadır ki, bu yanacaq markaları güclü mühərriki olan bahalı avtomobillər üçün nəzərdə tutulub. Bizdə bahalı xarici maşın sahibləri o qədər də çox deyil. Ai-95 və Ai-98-i zəngin insanlar aldığına görə, qiymətin bahalaşması digər sürücülərə zərbə vurmayacaq”, deputat deyib.
Agentlik isə vurğulayır ki, amma, məlum olur ki, Bakı supermarketlərində ərzaq məhsullarının qiymətləri bahalaşıb.
“Un, kərə yağı və bitki yağı, pendir, yumurta, kolbosa məmulatları. Sadalanan məhsullar orta hesabla 2-5%, göyərti isə 100% bahalaşıb! Məsələn, iyunda 0,1 manat olan bir dəstə keşniş və şüyüd indi 0,2-0,3 manata satılır”.
Bununla belə yazı müəllifi vurğulayır ki, istehlak bazarında qiymətlərin yay artımının premium markalı benzinlərlə əlaqəsi olub-olmaması məlum deyil.
“Ölkəmizdə “yaxşı” ənənə yaranıb: inşaat materiallarının və digər materialların, ehtiyat hissələrinin bahalaşması həmişə ərzaq məhsullarının və xidmətlərin bahalaşmasına gətirib çıxarır. Bizim satıcılar bu işdə son dərəcə çevikdirlər.
Yerli saytlar bahalı avtomobillərin sahiblərinin, müşahidələrdən göründüyü qədər, Ai-95 və Ai-98 benzini almağa çox da meylli deyillər. Onlar bir litri 0,9 manatdan yerli istelsal olan Ai-92 benzini doldururlar. Başa düşürlər ki, motoru məhv edirlər, amma həvəskar eksperimentləri ilə məşğul olurlar. Bəziləri növbə ilə, bəzən 92, bəzən 95 markalı benzin doldurur”.
Yazıda bildirilir ki, “sürünən” inflyasiya fonunda enerji daşıyıcıları qiymətinin yenidən bahalaşacağı haqqında fikirlər səslənir.
Müstəqil ekspert Natiq Cəfərli hesab edir ki, bu ehtimallar əsassız deyil.
“Elit markalı benzin qiymətlərinin bahalaşması digər növ məhsulların qiymətinin bahalaşmasına bir növ psixoloji hazırlıqdır. Premium və Super Premium markalı benzinlərin tariflərini dövlət tənzimləmir, məntiqi olaraq onlar bazar tərəfindən tənzimlənməlidir, ölkəmizdə bu bazarda oyunçu yoxdur. Onları ARDNŞ-yə məxsus 1-2 şirkət tədarük edir. Qiyməti də onlar müəyyən edir. Mahiyyətcə, ticarət sahəsində və aqrar sahədə bu benzinlə işləyən nəqliyyat vasitəsi yoxdur, buna görə istehlak bazarında nəzərəçarpan dəyişikliklər olmamalıdır, baxmayaraq ki, Azərbaycanda proseslər iqtisadi qanunların əksinə gedir”, deyə Cəfərli qeyd edir.
Ekspertin fikrincə, brend markalı yanacağın qiymətində hazırki artış bazarda psixoloji gərginlik yaradır, tarifləri dövlət tərəfindən müəyyən olunan digər markalı benzinlərin bahalaşması gözləntilərini artırır. Ai-92 benzininin və digər markaların da bahalaşacağı tamamilə mümkündür. Çünki dünya təcrübəsində Ai-95 benzini, dizel yanacağı və Ai-92 arasında böyük fərq yoxdur.
Hazırda Azərbaycanda Ai-95 1,50 manat, dizel yanacağı isə 0,6 manatdır. Dünyanın heç bir ölkəsində qiymətlərdə bu qədər kəskin fərq yoxdur. premium sinfi benzinin qiymətinin bahalaşmasının bu istiqamətdə aksiyaların davam etdirilməsi üçün psixoloji hazırlıq olması ehtimalı var. Ai-92 benzininin, dizel yanacağının, onların ardınca qazın, istilik enerjisinin, suyun, ərzağın, məişət texnikasının bahalaşması ehtimalı var. Bu gözləntilər çoxdan mövcuddur.
“Ola bilər ki, payızın sonunda dizel yanacağı bahalaşsın. Niyə bu vaxtı? Çünki ölkədə aqrar mövsüm başa çatacaq, dizeldən isə bu sahədə istifadə olunur. Yanacaq tariflərinin dəyişməsi haqqında qərar qəbul etmək olacaq”, deyə Cəfərli fikrini tamamlayıb.
Yeri gəlmişkən, bu mövzuda sosial şəbəkələrdə fəal müzakirələr gedir. Məsələn, Raby Rabinovich nikli istifadəçi yazır:
“Ai-92-ni də yaxın günlərdə bahalaşdıracaqlar… Sonra dizel yanacağını… Sonra qaza keçməyə başlayacaqlar… Sizin ucuz yanacağınız olmamalıdır, yəqin layiq deyilsiniz. Aydın səbəbi yoxdur, amma öz dəstəmizi əsas kütlənin hesabına ört-basdır etmək istəyirik”.
Ramiz Babayev mövzunu davam etdirir: “Hökumət millətin sağlamlığının qeydinə qalır, benzin qiyməti nə qədər baha olsa, insanlar o qədər çox piyada gedəcəklər və ya velosipedə minəcəklər. Hələ dizeli də, 92-ni də bahalaşdırmaq lazımdır, həm də necə lazımdır. Onda şəhər daha təmiz olacaq, tıxac da olmayacaq, sadə insanlar metro və ya avtobusa minəcək, sadə olmayanlar isə rahat hərəkət edəcəklər, əla”…
Bir sözlə, xalq yeni qiymətlərə hazırlaşır, yazıda qeyd olunub.