Sakinlər Sumqayıt yarmarkasından şikayətçidir

”Qiymətlər marketlərdən, həftəlik bazarlardakından fərqlənmir”

Source:


”Qiymətlər marketlərdən, həftəlik bazarlardakından fərqlənmir”

Sumqayıt sakinləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə şəhərlərində açılan yarmarkadan narazılıq edirlər. Bildirirlər ki, buranın adı yarmarkadır, əslində isə sadəcə yerpulu yığılan, adi bazardır.

Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası 2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə açılıb.

Bunun nəyi kənd bazarı oldu?

Sakinlər bildirirlər ki, əslində buradakı məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, onlarla emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq idi. Bununla da bazarlarda süni qiymət artımının qarşısını almaq istəyirdilər:

“Ancaq hazırda olan vəziyyət əksinədir. Qiymətlər marketlərdən, həftəlik bazarlardakından fərqlənmir. Gətirilən məhsulların isə əksəriyyəti köhnə, xarab, vaxtı keçmiş, kənd məhsulu adı altında əhaliyə sırınan market mallarıdır”.

Şəhər sakinlərindən Aynur Salmanlı belə deyir. Bildirir ki, ötən həftə yarmarkadan kənd toyuğu adı ilə həyətdə böyüdülmüş broyler alıb:

“Evə aparanda qaynanam dedi ki, bu nədir? Belə kənd toyuğu olmur. Yuyanda sarı su tökülürdü. Sarıköklə rəngləyib, kənd toyuğu adı altında satıblar. Aldığım qatıqdan isə ümumiyyətlə, danışmıram. Hamısı keyfiyyətsiz, xarab məhsullardır. Meyvə-tərəvəzin qiymətində də marketdəkindən böyük fərq yoxdur. Daha bunun nəyi kənd bazarı oldu?”

Qiymətlər kəllə-çarxda, məhsullar keyfiyyətsiz

Həftənin hər şənbə-bazar günləri Sumqayıtın 12-ci mikrorayonunda – Dəmiryol Vağzalının yanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur.

Sakinlər həm yarmarkada satılan malların keyfiyyətindən, həm onların qiymətindən, həm də yarmarkanın yerindən narazılıq edirlər. Bildirirlər ki, yarmarkanın indiki yerdə yerləşməsi ölkə qanunlarını pozur:

“Yaşayış evlərinin yaxınlığında antisanitariyadır. Milçəyin, ağcaqanadın əlindən otura bilmirik. İy, qoxu da öz yerində. Üstəlik, qiymətlər kəllə-çarxda, məhsullar keyfiyyətsiz. Biz buna nəyə görə dözməliyik? Dəfələrlə müvafiq qurumlara, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət etmişik. Heç gəlib baxmayıblar da. Görünür, icra hakimiyyəti bazardan yaxşı pul götürür. Heç bir çarə taparmı? Odur ki, heç bir tədbir görmür”, – sakinlərdən Saleh Əfəndiyev belə deyir.

Nə keyfiyyət var, nə də təmizlik

S.Əfəndiyev bildirir ki, onda olan məlumata görə yarmarkadan qanunsuz yerpulu yığırlar:

“Əslində isə yarmarkalarda satıcılardan bir qəpik də yerpulu və ya digər məqsədlə heç bir pul yığılmamalıdır. Dövlətin qoyduğu qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmamalıdır. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçirilməlidir. Ancaq bunu da gəlir yerinə çevirə biliblər. Elə ona görə də nə keyfiyyət var, nə də təmizlik”.

İmkanı olan heç zaman buradan ət almaz

Fəzail Əliyev isə bildirir ki, yarmarkada təhlükəli mallar satılır:

“Ucuz və kənd məhsulu adı altında vaxtı keçmiş, yararsız məhsullar satırlar. Üstəlik, buna nəzarət də yoxdur. Satışa çıxarılan qida məhsulları laboratoriya müayinəsindən keçirilmir. Aidiyyatı qurumların bundan xəbəri yoxdursa, gəlin baxa bilərlər. Ucuz qiymətə ət satırlar bəzən. Yoldaşım almışdı, qaynat ki, bişəcək. Bilinmir, mal ətidir, yoxsa eşşək. Mənşəyi bilinmir, keyfiyyəti çox aşağıdır və ya köhnə heyvanın ətidir. İmkanı olan heç zaman buradan ət almaz. Olan da elə kasıba olur. İmkansızlıqdan harda ucuz ət, meyvə-tərəvəz görür, alır. Axırda da xəstəlik tapır, heç bilmir ki, nədən oldu”.

Yarmarka həm nəqliyyatın, həm də sürücülərin gediş-gəlişinə maneə törədir


Nazirlər Kabineti

nin qərarına əsasən, yarmarkanın harada təşkil olunması, antisanitar qaydalara əməl edilməsi və s. işlər yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar var. Həmin qaydaların 20-1.11 bəndində deyilir ki, yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir.

Sumqayıt sakinləri isə bildirirlər ki, şəhərlərində təşkil olunan yarmarka düz avtomobil yolunun ortasında (yarmarka vaxtı bu yol avtomobillər üçün bağlanır) və dəmiyolu vağzalının düz yaxınlığındadır:

“Dəfələrlə müraciət etmişik, şikayət etmişik, ancaq vəziyyət dəyişməyib. Satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin orta hissəsində fəaliyyət göstərir və bu ətrafda yol hərəkətini məhdudlaşdırır. Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi, avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneə törədir.

Yarmarkanı piyadalar və maşınlar üçün daha rahat olan yerdə təşkil etmək yaxşı olar. Çünki ərazidə gərginlik, basabas yaradır. Həmçinin ictimai nəqliyyat da yolunu dəyişir. Bu da həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatlıqdır”.

Yolun solunda, heç kimə mane olmayan yerdədir

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən hər həftə qurulan yarmarka ilə bağlı əhalidən hər hansı şikayət almadıqlarını söyləyiblər:

“Əgər şikayət olsaydı, mütləq araşdırılardı. Ümumiyyətlə, həmin yarmarka illərdir eyni məkanda keçirilir və bundan narazılıq yoxdur. Məhsullar ucuz və keyfiyyətlidir. Hər hansı şikayət varsa, buyurub müraciət etsinlər, araşdıraq. Orada hər hansı antisanitariyadan, yol kəsilməsindən də söhbət gedə bilməz. Vağzala gedən yolun üstündədir. Ancaq yolun ortasında və ya vağzalın çox yaxınında deyil. Yolun solunda, heç kimə mane olmayan yerdədir”.

Kənd Təsərrüfatı Nazirliyindən isə məsələni araşdıracaqlarını, problem varsa, həll ediləcəyini söyləyiblər.

Ana səhifəBölgəSakinlər Sumqayıt yarmarkasından şikayətçidir