”Öldürən tutulub, iştirakçılar azadlıqda gəzir”

İki ay əvvəl qətlə yetirilmiş şəxsin ailəsi istintaqdan şikayətçidir

Source:
Elşad Quliyev
Elşad Quliyev


İki ay əvvəl qətlə yetirilmiş şəxsin ailəsi istintaqdan şikayətçidir


“Bıçaqla vurulub, onu bu vəziyyətdə atıb, qaçıblar. Nə özləri kömək ediblər, nə də polisə məlumat veriblər. Qardaşım xəstəxanaya gec götürüldüyü üçün çoxlu qan itirib, elə bu səbəbdən də ölüb. Onu hadisə yerində atıb qaçmasaydılar, indi sağ-salamat aramızdaydı”.

Bu il mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində Poladlı kənd sakini, 35 yaşlı Elşad Quliyev bıçaqlanıb. Ailəsinin iddiasına görə, onu vuran şəxs və hadisə yerindəki digər dostları qaçıb. Özü isə xəstəxanaya götürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu hadisəyə görə Böyük Qaramurad kənd sakini, 21 yaşlı Məhəmmədəli Cəfərli həbs olunub. Ancaq Elşad Quliyevin qardaşı Rəşad Quliyev Meydan TV-yə danışır ki, qardaşının ölümünə görə bir nəfərin həbsi ilə kifayətlənmirlər. O bildirir ki, yaralıya vaxtında yardım etməyib, hadisə yerində qoyub qaçan dostları da həbs olumalıdırlar:



Nə xəstəxanaya götürüblər, nə polisi məlumatlandırıblar

“5 nəfər olublar, kafedə yeyib-içdikləri yerdə “Baba” ləqəbli Məhəmmədəlinin anası, atası da gəlib, nə söz-söhbət olubsa, kim aranı qızışdırıbsa, Məhəmmədəli bıçağı götürüb, qardaşımı vurub. Yaralandığını görüb hamısı qaçıb gedib. Kafe sahibi də qaçıb. Nə özləri yardım göstəriblər, nə də polisə məlumat veriblər. Qardaşım məhz bu səbəbdən ölüb – çoxlu qan itirmədən. Həmin vaxt köməksiz olub, çabalayıb-çabalayıb, xəbər tutanlar polisə məlumat verincə, xəstəxanaya götürülüncə gec olub”.

Rəşad Quliyev deyir, əslində ilk vaxtlar həmin şəxslər də saxlanılıb. Ancaq qısa müddətdən sonra buraxılıblar:

“Onlar bu qətlin birbaşa iştirakçıları olublar. Sadəcə, polisdə qaldıqları müddətdə hesablarını verib, azadlığa çıxdılar. Birlikdə yeyib-içəndə Məhəmmədəlini qızışdırıblar ki, guya Elşad onun anasının ünvanına söyüb. Sonra da Məhəmmədəlini lağa qoyublar ki, sən necə kişisən, o boyda söyüşü götürürsən… Qardaşım onların yalan danışdığını desə də, Məhəmmədəli dinləmək istəməyib və birbaşa bıçağa əl atıb. Onu da deyim ki, Məhəmmədəli qardaşımdan yaşca çox kiçikdir və fiziki baxımdan da cılız oğlandır. Biz bu cinayəti onun təkbaşına törətdiyinə inanmırıq. Polisdə gah dedilər, dostları əllərini tutub, Məhəmmədəli vurub, gah dediklərini inkar etdilər… İstintaq olanları ört-basdır etməklə məşğuldur, prokurorluq işi öz maraqlarına uyğun aparır”.



Xəstəxanalardan da şikayət var

Rəşad Quliyev həm də Gədəbəy və Gəncə xəstəxanalarından şikayətçidir. Deyir, yaralı qardaşını əvvəlcə Gədəbəy Mərkəzi Xəstəxanasına aparıblar, xəstəxanada ilkin tibbi yardım göstərilib və məsləhət görülüb ki, Gəncə xəstəxanasına götürsünlər. Gəncə xəstəxanasında yaralını əməliyyat masasına qoyublar, qohumlarına qan da aldırıblar:

“Qana görə bizdən 200 manat aldılar, sonra da dedilər, gecdir, yaralı keçinib. Sonra bildik ki, bizdən qana görə pul alınan vaxt artıq qardaşım həyatda olmayıb, ölüyə görə qanpulu alıblar bizdən”.

Gədəbəy Rayon Polis Şöbəsindən bildirilib ki, Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində Poladlı kənd sakini, 35 yaşlı Elşad Quliyevə beş bıçaq zərbəsi vurulub və o, xəstəxanada keçinib. Hadisəni törədən 21 yaşlı Məhəmmədəli Cəfərli həbs olunub, hazırda Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi qaldırıb.

Gədəbəy Rayon Prokurorluğundan isə bildirilib ki, mərhumun ailəsinin şübhələndiyi şəxslərin və kafe sahibinin ifadələri alınıb. Onların qətldə iştirakları ilə bağlı deyilənlər sübuta yetirilməyib.



Xəstəxana: “Əməliyyat etmişik, yaralarını tikmişik”

Gədəbəy Mərkəzi Xəstəxanasından bildirilib ki, bu il mayın 25-də Böyük Qaramurad kəndindən yaralı vəziyyətdə gətirilən Elşad Quliyevə hər cür tibbi yardım göstərilib: “5 bıçaq zərbəsilə gətirilmişdi, durumu çox ağır idi, əməliyyat elədik, yaralarını tikdik, sarıdıq, ancaq artıq çox qan itirmişdi, əlavə tibbi müdaxilələrə ehtiyac vardı. Ailəsinin öz istəyi ilə Gəncə Mərkəzi Xəstəxanasına yola saldıq”.

Gəncə Mərkəzi Xəstəxanasından isə yaralının ailəsindən qana görə pul alınması ilə bağlı deyilənlər təkzib olunub. Xəstəxanadan bildirilib ki, Elşad Quliyev əməliyyat masasına çatmamış həyatını itirib və bu barədə dərhal ailə üzvlərinə məlumat verilib.

Ana səhifəBölgə”Öldürən tutulub, iştirakçılar azadlıqda gəzir”