Xəzan Əlixanova üç azyaşlı övladını böyütmək üçün dövlətdən yardım istəyir
“Böyük qızım bu il məktəbə getməlidir, icra hakimiyyətinə müraciət elədim ki, heç olmasa onun məktəbli geyiminə, dərs ləvazimatlarına kömək eləsinlər. Deyirlər, bura xeyriyyə fondu deyil”.
Xaçmazda bir ailə var – işsiz, xəstə anadan və üç azyaşlı qız övladından ibarət bir ailə… Bu ailənin üzvləri ətrafdakı mərhəmətli insanların hesabına ac qalmır. Deyirlər ki, yoxsa çoxdan aclıq, səfalət xəstə ananın və üç azyaşlının sonuna çıxmışdı.
Üç uşaqla idarə qapılarında qalmışam
Xəzan Əlixanova Xaçmazın Qaraqurdlu kəndindəndir. Meydan TV-yə danışır ki, ailə həyatı qurduqdan sonra kənddən rayona köçüb. Lakin nikahdankənar ailəsi uğursuz alınıb. İndi üç övladını böyütmək üçün dövlət qurumlarına müraciət edir. Ancaq ona ünvanlı sosial yardım təyin olunmur:
“Böyük qızımın 6, ortancılın 4, kiçiyin 2 yaşı var. Xaçmazın Sosial Müdafiə Mərkəzinə gedirəm, məndən yaşayış yerindən arayış istəyirlər. Yaşayış yerim Qaraqurdlu kəndinədir. Gedirəm o kəndin icra nümayəndəliyinə, deyir, get, harda yaşayırsan, arayışı ordan al. İki ildir ötür-ötür oynayırlar mənimlə… Çox süründürürlər… Üç körpə uşaqla düşüb qalmışam idarə qapılarında…”
Xəcalət çəkirəm
Xəzan xanım sosial çətinliklərdən danışır:
“Nefti satırlar, pulları xərclədilər, hanı mənim payım? İndi bəy qızı kimi dolanmalıydım. Savadsız, kasıb olsam da, bilirəm ki, dövlət vətəndaşa belə baxmamalıdır. Uşaqlarımın qidaya ehtiyacı var. Qonşular bişirir, gətirir. Kimisi geyim, ayaqqabı verir… Xəcalət çəkirəm… İşləyə bilmirəm, səhhətim yol vermir. İşə getsəm belə, bu uşaqlara kim baxacaq? Mənim dövlətin qayğısına ehtiyacım var. Mənə düşən imtiyazları istəyirəm. Məmurdan tələb etmirəm ki, şəxsi büdcəsindən mənə dolanışıq versin, tələb edirəm ki, qanunla mənə dövlətdən nə düşürsə, əsirgəməsin. Mən bu ölkənin ən yoxsul təbəqəsiyəm”.
Xəzan xanım iki aydan sonra məktəbə gedəcək Aytaca görə narahatdır. Deyir, geyim və məktəb ləvazimatı ala bilməsə, Aytac yaşıdları kimi məktəbə gedə bilməyəcək.
Xaçmaz rayon Sosial Müdafiə Mərkəzindən Meydan TV-yə bildirilib ki, Xəzan Əlixanova ünvanlı sosial yardımın təyin olunması üçün tələb olunan sənədlərlə elektron qaydada müraciət etsə, istəyinə baxılar: “Həmin sənədlərin siyahısına yaşayış yerindən arayış da daxildir. Vətəndaş o sənədi əldə edə bilmirsə, onun digər sənədləri də qəbul edilmir”.
Xaçmaz Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, Xəzan xanım quruma bir daha müraciət etsin:
“Humanitar məsələlər üzrə şöbə o məktəblini geyim və dərslik ləvazimatları ilə təmin edəcək. Ancaq ailəyə daimi yardım göstərmək üçün qurumun ayrıca fondu yoxdur. Ünvanlı sosial yardım üçün müvafiq quruma müraciət etsin. Rayondakı Məşğulluq Mərkəzində qeydiyyata düşüb iş təkliflərinədək işsiz kimi müavinət də ala bilər”.