Kürdəbazlılar: Kənddə 100-dək şagird məktəbə getmir

Məktəblilər qonşuluqdakı Qarğalıq kəndinə göndərilib, kənd məktəbinin binasında isə baramaçılıq təsərrüfatı yaradılıb

Source:


Məktəblilər qonşuluqdakı Qarğalıq kəndinə göndərilib, kənd məktəbinin binasında isə baramaçılıq təsərrüfatı yaradılıb

“Kəndin uşaqları bir ildir ki, təhsildən kənarda qalıb. Söhbət yüzdən çox məktəblidən gedir. Ötən il birinci sinifə yollanmalı uşaqlar da evdə qaldı. Bu il də məktəbə xeyli uşaq birinci sinifə getməlidir. Aqibətləri necə olacaq, bilmirik. Kimlərinsə tamahkarlığı üzündən bir kənd məktəbsiz, uşaqlar təhsilsiz qalıb”.

Bunu Meydan TV-yə ikinci ildir ki, məktəbi baramaçılıq təsərrüfatına çevrilmiş, şagirdləri təhsilsiz qalmış Masallının Kürdəbaz kənd sakinləri deyir.



Kürdəbazdan Qarğalığa…

Ötən il Masallı rayon Təhsil Şöbəsi Kürdəbaz kənd ümumi məktəbini ləğv edib. Bir il əvvəlki qərara görə şagirdlər qonşu kəndə – Qarağalıq məktəbinə getməliydi. Ancaq kənd sakinləri deyir ki, uşaqlar yalnız ötən ilin noyabr ayınadək o məktəbə gedə biliblər. Havalar soyuyanda uzaq məsafə gedib-gələn azyaşlılar xəstələnib və o gün – bu gün məktəbə getməyiblər. Kənd sakini Nazilə Bəyişova danışır:

“O məktəbi dövlət tikməyib, özümüz öz vəsaitimiz hesabına tikmişik. 30 il fəaliyyət göstərdi. 1 il əvvəl dedilər, növbəti təhsil ilində uşaqlar qonşu kəndə gedəcəklər. Bir sınıq-salxaq mikroavtobus da ayrıldı. Ancaq aşağı sinifdə oxuyanlar getmədi. Valideynlər haqlı olaraq uşaqlarını təkbaşına qonşu kəndə buraxmadılar. Yalnız yuxarı sinif şagirdləri – əsasən də oğlanlar çox qısa müddət həmin mikroavtobusla məktəbə daşındı. Çox əziyyətli idi, bir mikroavtobus səhər uşaqları məktəbə aparmaq üçün bir neçə reys gedib-gəlirdi. Uşaqlar növbəylə gözləyirdilər ki, mikroavtobus onları nə vaxt gəlib məktəbə aparacaq. Noyabr ayında havalar soyudu, yağış, qar yağanda o uşaqlar da hərəsi bir xəstəlik tapdı və bununla da məktəbə getmədilər”.



Kənddə məktəb açılmasa…

1 ildir ki, valideynlər və müəllimlər kənddə ya köhnə məktəb binasının onlara qaytarılmasını, ya da yeni məktəb binası tikilməsini tələb edirlər. Kənd sakini Zahidə Rüstəmova:

“Qarğalıq kəndi ilə bizim kəndin arasında 6-7 kilometr məsafə var. Hələ ötən ildən deyirik ki, biz o məktəbə uşaq buraxmayacağıq. Keçən il bu vaxt məktəbimiz bağlananda çıxdıq, etiraz elədik, polisi tökdülər üstümüzə, 5 uşaq anasını döyüb maşına basıb polis şöbəsinə apardılar, bizi itələyib yıxdılar… Beləcə, uşaqlarımız məktəbsiz qaldı. İndi yenə qarşıdan yeni təhsil ili gəlir, əgər kənddə məktəb açılmasa, uşaqlarımız növbəti təhsil ilində də məktəbə gedə bilməyəcəklər. Axı niyə kimsə barama saxlayıb cibini doldurmalıdır, bir kəndin körpə-körpə balaları dəftər-kitabları qoltuqlarında başqa kəndə dərs oxumağa getməlidir? Hökumət üçün bu kənddə xudmani bir məktəb tikmək çox çətindir?”



Tut bağı, baramaçılıq təsərrüfatı…

Kənddəki məktəb binasının qarşısında tut bağı salınıb. Ərazidə yüzlərlə kövrək tut tingi əkilib. Məktəb binası isə baramaçılıq təsərrüfatına çevrilib. Sakinlərin deməsinə görə, baramalara tez-tez baş çəkənsə kəndin icra nümayəndəsidir:

“Günaşırı gəlir, qapını açır, keçir içəridə baramalara baxır, yemləyir, gedir. Bizi isə binaya, ümumiyyətlə, yaxın buraxmırlar. Kişilərimizi hıəbslə hədələyirlər. Deyirlər, uşaq sənindir, özün bilərsən, istəyirsən oxut, istəyirsən oxutma… Bu ölkənin başçısı, təhsil naziri, hüquq-mühafizə orqanları hara baxır? Təhsil almaq bu uşaqların konstitusion hüququdur. Bir yığın məmur faktiki uşaqları bu hüquqdan məhrum edir. Bunu qəsdən ediblər. Çünki onlar yaxşı bilirdilər ki, bu qədər cinayət, iyrənclik baş verən ölkədə heç kəs əl boyda uşağını təkbaşına başqa kəndə məktəbə göndərməyəcək”.



Məktəb tələb etdik, döyüldük, söyüldük…

“Biz keçən il də Təhsil Nazirliyinə, ölkə başçısına yazdıq, xahiş etdik ki, məktəbin ərazisi zəbt olunub, heç olmasa elə öz kəndimizin ərazisində bir məktəb tikilsin, uşaqlar qonşu kəndlərə getməsin. Əvəzində döyüldük, söyüldük. Elə bil ölkənin yiyəsi yoxdur. Bir kəndin yüzdən çox şagirdi məktəbə getmir, bu, Təhsil Nazirliyini narahat etmir, heç bir dövlət qurumu gəlib maraqlanmır ki, bu qədər uşaq niyə məktəbə getmir? Söhbət bir ailənin yox, bir kəndin uşaqlarından gedir”.



İcra Hakimiyyəti: “Məktəbin təhsil göstəricisi aşağı idi”

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Kürdəbaz kənd ümumi məktəbi 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib. Məktəbin kontingenti 87 şagirddən, 14 müəllimdən ibarət olub. Lakin göstəriciləri zəif olub. Bu səbəbdən də məktəb ləğv olunaraq Qarğalıq kənd məktəbinə birləşdirilib. Kəndlər arasındakı məsafə 1,5 kilometrüdir:

“Son təhsil göstəriciləri də göstərir ki, bu məktəbdən ali məktəbə qəbul olan yoxdur. Birləşdirilən Qarğalıq kənd məktəbi isə 620 nəfərlik məktəbdir. Kürdəbaz kənd ümumi məktəbinin müəllimləri ilə bağlı ötən il Komissiya yaradıldı. Onlara rayon ümumtəhsil müəssisələrində mövcud olan bütün vakansiyalar təqdim edildi. Kim hansını istədisə, seçdi. İstəməyənlər də Qarğalıq kənd tam məktəbində fəaliyyətini davam etdirir. Təhsildə vacib götürülən keyfiyyətdir. Bütün işlər “Təhsil haqqında” qanuna uyğun aparılıb”.

Qurumdan məktəb binasındakı təsərrüfatla bağlı suallar cavabsız qalıb.

Kürdəbazda nə bir kitabxana, nə bir mədəniyyət klubu vardı. İndi məktəb də yoxdur.

Ana səhifəBölgəKürdəbazlılar: Kənddə 100-dək şagird məktəbə getmir