Kəndlilər: Əkin sahələrimiz hansısa sahibkar tərəfindən mühasirəyə alınıb

“Yolumuzu bağlayıblar, sahələrimizə texnika sala bilmirik”

Source:


“Yolumuzu bağlayıblar, sahələrimizə texnika sala bilmirik”

“Taxıl sahələrimizə gedən yolu bağlayıblar. İndi də taxıl biçini vaxtıdır, bilmirik əraziyə texnikanı hansı tərəfdən gətirək”.

Göyçayın Qaraməryəm kəndindən ana yola çıxan ərazidə pay torpaqları olan sahibkarlar belə deyirlər.

Qazırıq, doldurur, yenə istifadə edir

Bildirirlər ki, buradakı pay torpaqlarının çoxunu Bakıdan olan bir sahibkar alıb. Kim olduğunu bilmirlər. İllərdir işlətdikləri yolu da o bağlatdırıb:

“Yəqin istəyir ki, digərləri kimi biz də torpaqlarımızı ona sataq. İstədiyinə nail olmaq üçün bizi bezdirir, buradan qaçırmaq istəyir. Düzdür, bağladığı yol onun pay torpağıdır. Ancaq yolun əvvəli də bizim pay torpaqlarımızdan keçir. Onlar gələnədək hərə torpağından bir az yer ayırıb, yol kimi istifadə edirdi. İndi bu adam gəlib, başdan, öz torpağı tərəfdən yolu bağlayıb. Ancaq aşağıdan, bizim torpaqlardan yol kimi istifadə edir. Ona nəsə deyən yoxdur. Qazırıq, doldurur, yenə istifadə edir. Bizə olmaz, ancaq ona olar. Niyə? Desinlər, bilək də kimdir. İki dəfədir ki, qazırıq, doldurur. Heç nə vecinə deyil”.

Deyirlər, sahibkardır, Bakıdakı adamı güclüdür

Şikayətçilərdən Akif Quliyev deyir ki, sahəsinə gedən yol kəsildiyindən, əkin-biçin işlərini görməkdə çətinlik çəkir:

“Deyirlər, sahibkardır, Bakıdakı adamı güclüdür. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Tədbir görən olmayıb. Əslində biz də yolu kəsə bilərik. Onda o da sahəsinə gedə bilməyəcək. Bir dəfə etdik. Yolun bizim sahəmizdən keçən hissəsini qazdırdıq. İki gün sonra qazdırdığımız yeri doldurub, yolu açdılar”.

Bilmirik, sahəmizə necə girək, hardan girək

Kəndlilər deyirlər ki, burada hər adamın hardasa 2-3 hektar yeri var. Pay torpağıdır. Həmin sahibkar ərazilərinin sağını, solunu, yuxarısını alıb, çəpərləyib. Dədə-babadan olan yolu bağlayıb:

“Məqsədi aydındır. Burada pay torpağı olan 4-5 nəfəri də sıxışdırmaq istəyirlər ki, yerimizi məcbur olub onlara sataq. Yolu bağlayıb, insanları bezdirmələrinin səbəbi də elə budur. İcra Hakimiyyətinə rəsmi müraciətimiz də oldu. Gəlib ölçüb-biçib hesabladılar. Dedilər ki, yox, bura sizin yol deyil, sizin yol başqa yerdəndir. Ancaq illərdir həmin yoldan istifadə etmişik axı. Bu, necə olur bəs? Taxıl biçilən vaxtdır. Bilmirik texnikanı sahəyə hansı tərəfdən salaq. Ərazinin başında da qazıntı işləri apardılar. Dedilər, burada, yerin altında mis var, çıxarılmalıdır. Çıxardılar, onu da orda qazılı vəziyyətdə saxlayıb gediblər. Bilmirik, sahəmizə necə girək, hardan girək”.

Gözü doymur, daha böyük ərazi əldə etmək istəyir

Sahibkarlardan Səbuhi Quliyev isə deyir ki, əgər həmin yer onların yolu deyilsə, o zaman sahələrə gedən başqa yol çəksinlər:

“Çünki kəndlinin, təsərrüfatçının yol çəkəcək imkanı yoxdur. Torpaqdan, əkin-biçindən başqa əlacımız da yoxdur. Ona görə bir qarış torpaq da satan deyiləm. Baxın sahəyə, 3 tərəfdən mühasirədəyik. Lap 4 tərəfdən alsalar da, satmayacağam. Təkcə sərhəd qoşunlarının əsgərləri yoxdur”.

Ərazinin çox hissəsini alan sahibkar həmin sahələrə badam bağı saldırıb. Sahibkarlar deyir ki, bununla gözü doymur, daha böyük ərazi əldə etmək istəyir. Ona görə də kəndlini bezdirib qaçırmaqdır niyyəti:

“Etdikləri zülmün başqa səbəbi yoxdur. Bizi qaçırıb, ərazilərimizi almaq istəyirlər”.

Belə ədalətsizlik olmaz axı

Kəndlilər deyirlər ki, əslində problem insanların ucuz qiymətə torpağını ona satması ilə başlayıb. Həmin şəxs torpaqları aldıqca, daha böyük ərazilər əldə etmək istəyib:

“Sonda 4-5 nəfər qalıb ki, onlar təsərrüfatla məşğul olurlar. Dolanışıqları torpaqdan çıxır deyə ərazilərini satmaqdan imtina ediblər. Bundan sonra həmin sahibkar ərazilərə gedən ana yolun öz tərəfindən keçən hissəsini bağlatdırıb. İnsanlar sahələrinə getməkdə çətinlik çəkirlər. Biz yenə birtəhər gedirik, texnikanı salmaq mümkün deyil. Təsəvvür edin, bir yol var, onu da bağlayıblar. Hasarlayıblar, keçə bilmirik. Aidiyyat qurumlara müraciət edirsən, deyilər, sahibkardır, 60 işçi işlədir, işiniz olmasın. Necə olur, o, yolun bizim pay torpaqlarımızdan keçən hissəsindən istifadə edə bilir, biz yox? İstifadə edilirsə, hamımız edək, yoxsa o da etməsin, biz də. Belə ədalətsizlik olmaz axı”.

Gözətçi: Çalışırıq, ancaq tanımırıq kimdir, nəçidir

Sahənin hasarlanmış hissəsində çalışan Nizami Hüseynov adlı gözətçi kimin üçün çalışdığını bilmir. Həyat yoldaşı ilə sahədəki kiçik daxmada yaşayır. Əraziyə nəzarət edir, aylıq maaş alır. Deyir, arada Bakıdan gəlib-gedirlər. Ancaq onların kim olduğunu bilmir:

“And olsun Allaha, özümüz də bu kənddənik. İstəməzdik belə olsun. Ancaq bizlik nəsə yoxdur. Biz ancaq buralara qulluq edib, maaş alırıq. Həmin maaşı da kənddə Sarı bəy dedikləri adam var, o verir hər ay. Buralar kimindir, bilmirik. 1-2 dəfə Bakıdan kimlərsə gəlib, ancaq tanımırıq kimdir, nəçidir”.

Müraciət etsinlər, araşdıraq görək nə məsələdir

“Kənddə Sarı bəy adlı bir nəfər var. Bağa nəzarəti ona tapşırıblar,”- deyir sakinlər. Ancaq ümumi ərazinin kimə məxsus olduğunu bilmirlər.

Ərazinin icraçı direktoru və özünü Sarı bəy deyə təqdim edən şəxs isə Meydan TV-yə bildirib ki, onlar kimsənin yolunu bağlamayıblar:

“Heç bir problem yoxdur. Sizə səhv məlumat verilib. Biz yolu yox, öz pay torpağımızı bağlamışıq. Sizə kim deyib ki, bura yol olub? Əgər elədirsə, onlar da yolu bağlasınlar. Onlar yaxşı insanlar olsalar, qarşılıqlı anlaşma şəklində yoldan müştərək istifadə edə bilərdik. Ancaq ilk gündən bizə qarşı münasibətlərindən sonra pay torpağımızı bağlamaq qərarına gəlmişik”.

Müraciət etsinlər, çağıraq araşdıraq, görək nə məsələdir

Göyçay Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, əgər sahibkarlar ümumi yolun bağlandığını iddia edirlərsə, o zaman rəsmi şəkildə onlara müraciət etsinlər, araşdırılsın:

“Ancaq bizdə olan məlumata görə, həmin bağlanan hissə yol deyil, sahibkarın pay torpağıdır. Yaxşı olardı ki, insanlar bir-birləri ilə anlaşıb, həmin yoldan birgə istifadə etməklə bağlı qərar qəbul etsinlər. Ancaq nəsə prinsipə düşüblər. Biz kiməsə öz pay torpağını hasarladığı üçün nəsə deyə bilmərik. Yenə deyirəm, əgər bir qanunsuzluq varsa, müraciət etsinlər, çağıraq araşdıraq, görək nə məsələdir”.

Ana səhifəBölgəKəndlilər: Əkin sahələrimiz hansısa sahibkar tərəfindən mühasirəyə alınıb