”Ondan Nar bayramına tələb edilən pulu bizə ödətdi”
“Bir müddət öndə Göyçayın 7 saylı məktəbinin direktoruna yaxın qohumumuzun işə düzəlməsi ilə bağlı müraciət etdik. Direktor Adil Məmmədov bizə müraciətimizi nəzərə alacağını, müəlliməni işə qəbul edəcəyini söylədi. Bir müddət sonra isə zəng edib “Nar bayramı üçün məktəblərdən pul yığılır. Məndən də istəyiblər. Mən rəhbərliyə məruzə edim, siz də həmin tədbirin keçirilməsi üçün 6.500 manat ödəyin. Sonra sizin işi düzəldəcəyəm”, – dedi. Biz həmin pulu ödədik, ancaq o, söz verdiyi kimi müəlliməni işə götürmədi”.
Göyçay sakini Səbuhi Quliyev belə deyir. Bildirir ki, Vəfa Quliyeva adlı həmin müəllimə illərdir iş tapa bilmirdi:
“Axırda bir iş tapacaq, dedik. Onun da axırı belə oldu. İndi onunla bağlı işimiz Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Cinayət işi açılıb, “araşdırırıq” – deyirlər, ancaq bir yerə çıxmır. Əvvəl gündən məktəb direktoru ilə söhbətimiz belə oldu. Pulu birbaşa ona yox, Göyçayda keçirilən “Nar bayramına verdik. Görünür, direktordan bayrama görə pul istəmişdilər. O da həmin pulu bizim vasitəmizlə ödədi. Əvəzində isə bizə verdiyi sözü tutmadı. Həm puldan olduq, həm də işdən”.
Pulumuz batıb, günahkar cəzalandırılmayıb
Səbuhi Quliyev deyir ki, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dekabrdan gedib, müstəntiq Camal Bağırova həvalə edilib. Hətta 2 maddə ilə cinayət işi də açılıb. Ancaq hər hansı bir tədbir görülməyib:
“Əlimizdə direktorun bizdən 6500 manat almasını təsdiqləyən video-görüntü də var. Həmin görüntüləri də aidiyyatı qurumlara təqdim etmişik. Yenə də işin gedişatında bir irəliləyiş olmayıb. Pulumuz batıb, direktor cəzalandırılmayıb”.
Görünür, direktorun arxasında duranlar var
S.Quliyev deyir ki, əllərində olan videoda hər şey açıq-aşkardır. Direktor Adil Məmmədov videoda pulu aldığını etiraf edir:
“Deyir, həftənin ikinci günü gedirəm nazirliyə. Sizin işi həll etməyimlə bağlı məktub gətirəcək, işi həll edəcəm. Gətirə bilməsəm, 4-cü gün pulunuzu geri qaytaracağam. Və biz bu görüntülərin hamısını sübut kimi təqdim etmişik. Nə olsun, görünür, Adil Məmmədovun arxasında duranlar var. Yoxsa bu qədər söhbətdən sonra həbs edilərdi”.
Məni şərlədi və işimdən bezdirdi
Meydan TV məsələyə münasibət öyrənmək üçün şikayətdə adıçəkilən Adil Məmmədovla əlaqə saxlayıb. Adil Məmmədov artıq direktor vəzifəsində olmadığını, 6 aydan çoxdur öz ərizəsi ilə işdən çıxdığını söyləyib:
“Dedikləri hamısı ağ yalandır. Mən o insanı həyatda cəmi 2 dəfə görmüşəm. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin “qaynar xətti”nə müraciət etmişdi. Guya mən onlardan qohumlarını işə düzəltmək üçün pul almışam. Dedikləri tamamilə yalandır. Məni şərlədi və işimdən bezdirdi. Əsəblərim korlandı, çalışa bilmədim. Nəticədə səhhətimdə də problemlər yarandığından öz ərizəmlə işdən çıxdım. Mənim əsəbimlə, səhhətimlə oynadı”.
Məni qarayaxmaları ilə rayonda nüfuzdan, hörmətdən saldı
Adil Məmmədov deyir ki, barəsində açılan iş artıq qapadılıb. Onun günahsız olduğu məlum olub:
“44 ilin müəllimiydim. 30 il idi ki, direktor vəzifəsində çalışırdım. Məni qarayaxmaları ilə rayonda nüfuzdan, hörmətdən saldılar. Ötən il dekabrın 22-də ərizə ilə müraciət etdim. Yanvarın 18-də ərizəm qəbul edildi və mən işdən ayrıldım. Heç müəllim kimi də qalmaq istəmədim. Hazırda işsizəm, sadəcə təqaüd alıram, vəssəlam. Bilirsiniz, şikayətdən sonra Bakıdan yoxlama gəldi, sorğu-sual, axtarış və sair, əsəblərim dözmədi”.
Nar bayramı münasibətilə Göyçaydakı məktəblərin direktorlarından pul yığıldığı haqda söhbətlər dolaşır. Ötən il
dekabrın 21-də
Göyçayın 9 saylı orta məktəbinin direktoru Akif Qəribovun intihara cəhdini də rayon icra hakimiyyətinin pul tələbi ilə əlaqələndirmişdilər. Akif Qəribovun çalışdığı məktəbin həyətində şah damarını kəsdiyi bildirilirdi. Səbəb kimi isə Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin ondan böyük miqdarda rüşvət tələb etməsi göstərilirdi.
Həmin ərəfədə,
dekabrın 20-də
isə Göyçayın Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Müzəffər oğlu Şamilov ürəktutmasından öldü. Ondan da böyük məbləğdə pul tələb edildiyi üçün bu hala düşdüyü deyilirdi.