Qazaxın Daş Salahlı kənd sakini ”Azəriqaz”dan şikayətçidir

2-ci qrup müharibə veteranı olan Bəhruz artıq il yarımdır həyət darvazasının önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsi üçün tədbir görülməsini istəsə də, dərdini eşidən yoxdur

Source:

2-ci qrup müharibə veteranı olan Bəhruz artıq il yarımdır həyət darvazasının önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsi üçün tədbir görülməsini istəsə də, dərdini eşidən yoxdur.

Bəhruz Hüseynov qeyd edir ki, onun “Azəriqaz” İB-nə, Qazax Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərə bir cavab verilir: “Sizin evin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmayıb. Qaz xəttinin yerinin dəyişdirilməsi əhalinin öz hesabına baş tuta bilər”.

“Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşam, o da deyib ki, qaz xətti öz hesabınıza çıxarılmalıdır. Mənim imkanım yoxdur, 160-170 manat təqaüd alıram, onunla ailəmi saxlayım, dərmanlarımı alım, ya qaz xəttini dəyişdirim? İki azyaşlı uşağım var. Ünvanlı sosial yardım da almıram, ailəmiz mənim aldığım 170 manata baxır. “Azəriqaz” məndən 320 manat istəyir, hardan alım mən o qədər pulu?”- şikayətçi deyir.

“Yanvar ayında anamın il mərasimi oldu. Camaat qaz xəttinin üstündən atlayıb həyətə keçirdilər. Keçən il həyətə maşın girə bilmədiyi üçün taxılı qonşunun qapısına töküb kisə ilə öz qapıma daşımışam, bu il də yenə elə olacaq”- deyən Bəhruz Hüseynov ölkə başçısına müraciət edir:

“İmkanımız yoxdur, cənab prezidentdən, xanım Mehriban Əliyevadan xahiş edirəm, heç olmasa mənim iki azyaşlı uşağımı, 5 il döyüşlərdə iştirak etməyimi, əlilliyimi və 170 manat təqaüd aldığımı nəzərə alıb bizə kömək etsinlər”.

Həyat yoldaşı Maya Qasımova isə bildirir ki, evlərinə su gətirmək üçün həyətə çıxırlar, ancaq hər dəfə ağır su qablarını evə keçirə bilmirlər:

“Həyat yoldaşım əməliyyat olunub, ağır qaldırmaq olmaz, mən də qaldıra bilmirəm. Dövlət bizə deyir, gedib 320 manat ödəyin, gəlib qaz xəttinin yerini dəyişdirək. Yoldaşımın 2 aylıq pensiyasıdır. Onu da onlara versək, bəs biz nə ilə dolanaq? Uşaqlar məktəbə gedir, paltarı var, dərs ləvazimatları var. Bu müqəddəs ayda imkanlı şəxslərdən, cənab prezidentimizdən xahiş edirik, bizə köməklik etsinlər”.

Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax üzrə rəis müavini İlkin Nəsibov isə məsələ ilə bağlı bildirib ki, vətəndaş tələb olunan məbləği ödədikdən sonra qaz xəttinin yerini dəyişə bilərlər.

Ana səhifəBölgəQazaxın Daş Salahlı kənd sakini ”Azəriqaz”dan şikayətçidir