“Nə tədarük görmüşdüksə, hamısı əlimizdən çıxdı”
Kənddəki bütün həyətlərdən üfunət qoxusu gəlir. Kənd sakinləri bunun çayın gətirdiyi lilə görə olduğunu deyirlər. Günəş qızdırdıqca, həmin lilin fındıq, qoz, meyvə ağaclarının köklərini qurutduğunu söyləyirlər.
Zaqatalanın Yolayrıc kəndindəyik. Mayın 11-dən 12-nə keçən gecə aramsız yağış nəticəsində Tala çayı daşıb və yaxınlıqdakı evlərin həyətini su basıb. Evlərini su basan sakinlərin mal-qarası, toyuq-cücəsi, əkin-biçini də qalmayıb. Hamısını sel aparıb.
Qışa nə tədarük görmüşdüksə, hamısı əlimizdən çıxdı
Sakinlər bildirirlər ki, həmin günlər əsən güclü külək durumu daha da ağırlaşdırıb. Evlərin dam örtükləri, hasarlar, həyətlərdəki tövlələr və başqa təsərrüfat tipli otaqları da dağılıb.
“İstixanalarımız, evimiz, əkinimiz, toyuq-cücəmiz qalmayıb, hamısı məhv olub gedib. Bu il qışa nə tədarük görmüşdüksə, hamısı əlimizdən çıxdı. Hətta bazara çıxarmağa da nələrsə əkmişdik, toyuq-cücə alıb, böyüdürdük. Heç nə qalmadı” – deyir, Zaqatalanın Yolayrıc kəndinin sakini Gülgəz İsayeva.
Bütün elektrik avadanlıqlarımız da məhv oldu
Şahzadə Osmanova fındıq bağlarına keçə bilmir. Deyir, hər yer palçıqdır, ancaq uzunboğaz çəkmələrlə getmək olur. Ziyanlarının isə böyük olduğunu söyləyir:
“Hətta soyuducumuz, elektrik motorumuz, otbiçənimiz də yandı. Sel basdı, faza birləşdi, bütün elektrik avadanlıqlarımız məhv oldu. Gecə ilə gəldiyi üçün heç nəyin qarşısını ala bilmədik. Toyuq-cücə, mal-heyvandan da tələf olanlar oldu”.
Ş.Osmanova deyir ki, sel onların bir illik ərzağını aparıb. Evlərinin bünövrəsini zədələyib:
“Toyuq-cücə, mal-heyvan üçün əkdiyimiz yonca, meyvə-tərəvəz qalmadı, cücələrimiz qırıldı. Ziyanımız deməklə bitmir, çoxdur. Bu ağacların dibindən lil çıxarılmalıdır, yoxsa quruyub, məhv olacaq”.
Bənd təzələnməlidir, təmir edilməlidir
Kənd sakini Şaban Eminov son illər bunun 4-cü daşqın olduğunu söyləyir. Deyir, dövlət işə kompleks yanaşmasa, düzəlməyəcək.
“Bənd təzələnməlidir, təmir edilməlidir. Hətta beton sədd çəkilməlidir, etmirlər. Odur ki, kəndi tez-tez sel basır. Çarə tapmırlar. Bu, bizim gücümüz çatan iş deyil, yoxsa edər, canımızı qurtararıq. Bir baxın, bağımız, bağçamız hamısı lildi. Günəş qızdırdıqca, ağaclarımızı məhv edəcək. Yolayrıc bazara ən çox meyvə-tərəvəz verən kənddi, torpağı yaxşıdır, məhsuldardır. Ancaq bu il nəinki bazara nəsə çıxara biləcəyik, heç ailəmizə çatacaq məhsulumuz olmayacaq. Builki məhsuldan əlimizi üzdük. Ötən illərdən tədarük etdiyimiz qəniməti də zirzəmidə su basdı”.
Bəndi düzəltsinlər, gələcək faciələrin qarşısını alsınlar…
Əhməd Osmanov həm icra hakimiyyətindən, həm də televiziyalardan narazıdır. Deyir, həyətləri suyun içində olan vaxtı bütün televiziyalar çəkilişə gəlib, ancaq heç biri yayımlamayıb:
“Verməyəcəkdilərsə, niyə çəkirdilər, anlamıram. Bizim də ümidimiz mediayadır, bəlkə yuxarılar vəziyyətimizi görər, bizə bir çarə tapar deyə ümidlənmişdik. Bizə maddi dəstək lazım deyil, məhv olan məhsulumuzu da geri istəmirik. Bəndi düzəltsinlər, gələcək faciələrin qarşısını alsınlar, bəsimizdir. Başqa heç nə istəmirik”.
İmkan yaratsınlar, zəhmətimizlə pulumuzu qazanaq
“Dirriyimiz yandı. Biz hər il bu məhsulları həm bazara çıxarırdıq, həm də qışboyu yeyirdik. Bu il hər şey məhv oldu. Evimizin bünövrəsi də zədələnib. Bütün zirzəmi suyun içində idi. Su motoru ilə çəkib, təmizlədik. Qışa bağladığımız mürəbbə, turşularımız da məhv olub getdi. Qoyuq-cücə, əkin-biçin, heç nə qalmayıb. Bunlar yoxdursa, daha biz adımızı niyə kəndli qoymuşuq? Şəhərli də, biz də hər şeyi mağazadan alırıq”, – kənd sakinlərindən Məhəmməd Əbdürrəhmanov belə deyir.
M.Əbdürrəhmanov bildirir ki, birinci dəfə həyətləri sel basanda problemin kökündən həll olacağını düşünüblər. Ancaq olmayıb, problem 4 dəfə təkrarlanıb:
“Halbuki normal ölkələrdə bu hadisə bir dəfə olandan sonra bir çarəsi tapılır, qarşısı alınır. O qədər də çox pul tələb edən bir şey deyil. Dövlətin, neft ölkəsinin əlində nədir ki? Millət bu qədər əziyyət çəkir. Bizə yardım, kömək lazım deyil. Çayı təmizləsinlər, onun qarşısını alsınlar. Biz öz məhsulumuzu toplaya, özümüzü dolandıra bilərik. Dövlətdən yardım istəmirik, bizə pul verin, demirik. İmkan yaratsınlar, zəhmətimizlə pulumuzu qazanaq”.
Zəhmətimiz, alın tərimiz getdi
Nataşa Osmanova bostanını göstərir. Deyir, buradan azı 1-1,5 ton kartof gözləyirmiş. Ancaq sel nəticəsində hamısı çürüyüb, hətta iylənib:
“Bu da bizə bir zülm oldu. Kilosunu 1 manatdan satsaq, təkcə, 2 min manat buradan ziyan dəyib. Hər şey bir yana, zəhmətimiz, alın tərimiz getdi. Elə bil dənizin kənarında yaşayırıq. Kənarında yox, lap içində. İldə bir dəfə dəniz ayağımıza gəlir, bizim getməyimizə gərək yoxdur. Belə olmaz, doğrudan. Biz yazıqların hər il məhsulu, əziyyəti batır. Xahiş edirik, çayın qarşısını alsınlar, bundan sonra bir də daşmasın, bizə zülm verməsin, əkdiyimizi yığa bilək. Çətindir, vallah, burada yaşamaq çox çətindir”.
Lobya, kartof, pomidor, soğan, xiyar əkmişdik, hamısı məhv oldu
Gülgəz İsayeva deyir ki, Zaqatala Rayon İcra Hakimiyyətindən gəlib, təbii fəlakətin vurduğu zərərləri qeydə alıblar. Ancaq həmin gündən bu yana onlardan səs-soraq çıxmayıb:
“Düzü, heç bizə qədər gəlib çıxmadılar da. Maşınları ilişib kəndin girişində qalmışdı. Biz də çölə çıxa, dərdimizi deyə bilmədik. Qonşular deyir, ümumi məlumat veriblər. Ziyanı siyahıya alıblar. Bilirsiniz, faciə baş verəndə gəlmək lazım deyil. Bu problem illərdir var. İnanın bu il bizim kəndə traktor gəlmədi. Normalda gəlib çayın kənarında iş görürdü ki, daşqın olmasın. Onu da deyim ki, bu, traktorun görə biləcəyi iş deyil, problem böyükdür. Ancaq qismən də olsa qarşısını alırdı. Bu il o da olmadı. Nəticədə bənd açıldı, kəndimizi su basdı”.
G.İsayeva deyir ki, su həyətində cəmi 2 gün qalıb. Bu, bütün əkinləri məhv etməyə kifayət edib:
“Lobya, kartof, pomidor, soğan, xiyar əkmişdik, hamısı məhv oldu. Toyuq-cücəmiz boğuldu, çıxara bilmədik. Bu il heç yerə müraciət etmədik yardım üçün. Çünki mənası yoxdur. 2000-ci ildə bundan betər sel gəlmişdi. Onda müraciət etdik. Gəlib baxan olmadı. Ölmüşük-qalmışıq deyən olmadı. Onda da İcra Hakimiyyətindən gəlmişdilər, baxmışdılar. “Kömək olacaq”, – demişdilər. Heç nə olmadı. İndi də nəsə gözləmirik”.
Hansısa bir tədbirlər nəzərdə tutulsa, kömək olacaq
Meydan TV məsələyə münasibət öyrənmək üçün Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən işə Fövqəladə Hallar Komissiyasının nəzarət etdiyi bildirilib:
“Komissiya ilə əlaqə saxlayın. Onlar ziyan dəyən təsərrüfatları qeydə alıb nazirliyə göndərməli idilər”.
Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov isə bildirib ki, vətəndaşlara dəymiş zərəri müəyyən etmək üçün yerlərdə olublar. İcra nümayəndələri, bələdiyyələr tərəfindən zərərin hamısı aktlaşdırılıb:
“Hamısı Fövqəladə Hallar Nazirliyinə və aidiyyatı qurumlara göndərilib. Hansısa bir tədbirlər nəzərdə tutulsa, vətəndaşlara kömək olunacaq”.
“Faktiki həmin ərazilər vətəndaşlar tərəfindən qorunmur”
Tala çayının kənarına beton bənd çəkilib-çəkilməməsinə gəlincə, Tofiq Əhmədov deyib ki, hadisənin səhərisi günü Fövqəladə Hallar Komissiyası və Melorasiya Su Açıq Səhmdar Cəmiyyətindən kəndə nümayəndələr göndəriblər. Çayın sahili o-baş bu-baş ölçülüb. Gələcəkdə həmin yerdə böyük, 400-500 metrlik beton bəndin tikintisi nəzərdə tutulub:
“Bundan əlavə, keçən il də biz ora böyük bənd vurmuşduq. Vətəndaşlar xəbərsiz meşə ərazisi tərəfdə həmin torpaq bəndləri dağıdıb, əkin əkiblər. Həmin dağılmış hissədən də kəndə su girib. Faktiki həmin ərazilər vətəndaşlar tərəfindən qorunmur. Nəticəsi də budur. Ancaq kompleks tədbirlər görülür. Hazırda orada 6 traktor çalışır, yataq tamamilə təmizlənib. Əlavə bəndlər çəkiləcək. Yaxın günlərdə orada tədbir keçirib, əhalini məlumatlandıracağıq ki, bir də bəndlərə toxunmasınlar”.
Yolayrıc kəndində əsas ziyan kəndin ayağındakı evlərə dəyib. Bu evlər çökəkdə olduğundan, zirzəmiləri də su ilə dolub. İndi su çəkilib, ancaq özü ilə gətirdiyi lil, palçıq qalıb. Günəş qızdırdıqca, həyətlərdən üfunət iyi gəlir. Kəndlilər həmin lilin bütün ağaclarını məhv etdiyini söyləyirlər. Bu il kənddə əkilən bütün tərəvəz, kəndlilərin toyuq-cücəsi məhv olub.