Merkel: Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır

İlham Əliyev: ”Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur”

Source:
Angela Merkel və İlham Əliyev
Angela Merkel və İlham Əliyev


İlham Əliyev: ”Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur”

“İkitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr apardıq”.

APA-nın xəbərinə görə, bunu Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

A. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib. “Həmçinin Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”.

Bununla yanaşı, Almaniya kansleri qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır.

“Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Öz növbəsində prezident İlham Əliyev deyib ki, Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur.

İ. Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var: “Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”.

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: “Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.

Ana səhifəAnalitikaMerkel: Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır