Azər Qasımlı hesab edir ki, ABŞ hələ prosesi müşahidə edir və başlanan hərbi əməliyyatların necə bitəcəyini gözləyir’
“Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar biz öz narahatlığımızı ifadə etmişik. Biz Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq. Atəşkəsə və davamlı sülhə nail olmaq Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsindən asılıdır. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıq masasına qaytarmaq üçün cəhdlərini davam etdirəcək”.
Bu sözləri ABŞ Dövlət Departamentinin (DD) nümayəndəsi Mark Toner Vaşinqtonda gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə də gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini möhkəm dəstəkləyirik. Bildirdiyim kimi, davamlı sülh ölkə liderlərinin siyasi iradəsindən asılıdır. Biz Minsk Qrupu prosesi çərçivəsində məhz buna nail olmağa çalışırıq”, deyə M.Toner bildirib (
APA
).
ABŞ DD-nin bəyanatını Meydan TV-yə şərh edən ReAL liderinin ictimai-siyasi məsələlər üzrə müavini Azər Qasımlı bildirib ki, Azərbaycan iki cür bəyanat gözləyirdi, ya sərt olmalıydı, ya da indiki kimi: “Sərt dedikdə, Dövlət Departamentindən hər iki tərəfi danışıqlar masasına oturmağa dəvət yox, tələb variantı gözlənilirdi. İkinci variatndı xatırladılan bəyanatdır. Yəni biri var dəvət etmək, biri də var tələb çağırışı. DD-nin birinci variantı seçməsi bizim üçün yaxşı haldır. Azərbaycan bundan maksimal dərəcədə istifadə etməlidir”.
Azər Qasımlı hesab edir ki, ABŞ hələ prosesi müşahidə edir və başlanan hərbi əməliyyatların necə bitəcəyini gözləyir: “Yalnız bundan sonra tələbini irəli sürüb Helsinki Aktına uyğun hərəkət etməyi gündəmə gətirəcək. Bu isə o deməkdir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, müqəddəratın həll olunması ikinci plana keçir. Yəni bu məsələyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxılacaq. ABŞ DD-nin də dediyi budur”.