Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşündə ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media üzrə tematik komitələrin yaradılması nəzərdə tutulur.
Bu barədə təşəbbüsün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə ümumi müzakirələrlə yanaşı, konkret istiqamətlər üzrə komitələr də fəaliyyət göstərəcək.
Məmmədov bildirib ki, müzakirələr zamanı növbəti mərhələdə görüləcək işlər, tərəflərin dövlət qurumlarına təqdim edə biləcəyi təkliflər, fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi məsələləri də nəzərdən keçirilir.
O, təşəbbüsün əsas xüsusiyyətlərindən birinin vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurması olduğunu deyib.
Məmmədovun sözlərinə görə, iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşdə iki saat ərzində ona suallar ünvanlayıblar.
Ermənistanın “Armenian Council” qeyri-hökumət təşkilatının yaydığı məlumata görə, noyabrın 26-da başlayan görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin 60 nümayəndəsi iştirak edir.
İki gün davam edən müzakirələrdə 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış sülh gündəliyi, iki ölkə arasında sülh prosesinin möhkəmləndirilməsi, cəmiyyətlər arasında qarşılıqlı etimadın yaradılması və iqtisadi əməkdaşlıq imkanları müzakirə olunur.
Gündəlikdə həmçinin Cənubi Qafqazda ticarət və nəqliyyat əlaqələrinin inkişafı, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli əlaqələrin qurulması məsələləri yer alır.
“Sülh körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dialoq platforması kimi fəaliyyət göstərir.
“Sülh körpüsü” təşəbbüsünün əvvəlki görüşləri
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində ilk görüş 2025-ci il oktyabrın 21–22-də Yerevanda keçirilib. Burada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında gələcək dialoqun əsas istiqamətləri müəyyənləşdirilib.
İkinci görüş həmin il noyabrın 21–22-də Bakıda baş tutub. Müzakirələrdə hər iki ölkədən ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Üçüncü görüş 2026-cı il fevralın 13–14-də Ermənistanda, dördüncü görüş isə aprelin 10–12-də Azərbaycanın Qəbələ şəhərində keçirilib.
Qəbələdəki görüş zamanı tərəflər regional təhlükəsizlik, sülh prosesi və iki ölkənin cəmiyyətləri arasında etimadın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Ermənistan nümayəndə heyətinin Azərbaycana iki ölkə arasında delimitasiya və demarkasiya edilmiş sərhəd hissəsindən keçərək gəlməsi də diqqət çəkən məqamlardan biri olub.