Cəbhədə gedən döyüşlər zamanı həlak olan hərbçilərimiz, yaxud da onların ailə üzvlərinin kredit borcları silinəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə “Azərbaycan Beynəlxalq Bankı”nın açıqlamasında bildirilir.
“Aprelin 2-də erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirilərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsi düşməndən azad edilib. Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb.
Vətəndaşlarımız, eləcə də ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün imkanlarından istifadə etməyə çalışırlar. Sabah ABB-nin baş ofisində də qanvermə aksiyası keçiriləcək. Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.
Bundan başqa, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin ABB-yə kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!” – deyə açıqlamada deyilir.