XİN: Azərbaycan atəşkəsə hazırdır

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki son vəziyyətlə bağlı açıqlama verib

Source:
Hikmət Hacıyev
Hikmət Hacıyev

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki son vəziyyətlə bağlı açıqlama verib

“3 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca, xüsusilə Tərtər və Ağdərə istiqamətində artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur, həmlə və təxribat əməllərini davam etdirir.

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür.”

“Report”a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarqsyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq bildirib.

“Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan etmişdir ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”, – deyə H.Hacıyev vurğulayıb.

Ana səhifəAnalitikaXİN: Azərbaycan atəşkəsə hazırdır