Источник: Meydan TV

Məişət dissidenti

Статья обновлена:  19 Сентябрь 2019

Başqa ölkədə bilmirəm, bu ölkədə məişət dissidenti olmaq siyasi dissident olmaqdan çətindir. Məişət qətlləri siyasi qətllərdən qat-qat çoxdur. Evə həbs edilənlər siyasi məhbuslardan qat-qat çoxdur.

Siyasi dissident olduğuna görə ictimai qınağa məruz qalmaq yalnız o səviyyədədir ki, "ayə, gedif prakuror işləyib, qaz vurub, qazan doldurası adamsan, durmusan, belə-belə işlərlə məşğulsan". Amma məişət dissidentinə tətbiq olunan ictimai qınaq adi iqnordan tutmuş əxlaqsız çıxartmağa qədər gedir.

Elə bilirsiniz, təbliğ etdiyini yaşamaq asandır? Təbliğ etməyə nə var ki?! Uzaqbaşı deyəcəklər, "əşi, işin-gücün qurtarıb ee". Məsələ real tətbiqə gələndə... yooox, burada Azərbaycan xalqı, sistemi sizi bağışlamaz, özbaşına buraxmaz, sizi məhv edər, yerlə bir edənə kimi əl çəkməz.

"Qadınla kişi işləri bölüşdürməlidir" deyə bilərsiniz. Bəs siz kişi olaraq harasa qonaq gedəndə, kişilərlə oturub, vurandan sonra, süfrə yığışdırılmasında evin xanımına kömək edə bilərsiniz? Qiyamət düşər. Hamı qalxar ayağa, “qoymayın, filankəs öz (! - başqasının yox hələ) boşqabını götürüb”. Boşqabı əlindən dartan kim; öz boşqabını götürüb, sənə qoşularaq, bu "rüsvayçı" əməli ört-basdır etməyə çalışan kim; evin xanımının üstünə qışqırıb, onu təqsirkar çıxaran kim; "boooy, aaz, biabır olduq" deyib, altdan-altdan gülərək, öz boşqabını götürənin arvadına "sənin ərin nakişidir" baxışları ilə söz soxan kim...

Siz arvadını döyən adamları “Facebook”-da söyə bilərsiniz. Amma o adam sizin doğmanızdırsa, onunla öpüşüb-görüşməkdən imtina edə bilərsinizmi? Nəsil səni silər, nəsil kitabından silər, sosial müdafiənin də, normal biznes (ayaqda qalma) mühitinin də olmadığı ölkədə düzdə qalarsan.

Siyasi dissidentliklə məişət dissidentliyini miks edək: tutaq ki, kiminsə işgəncə verən, yaxud rüşvət alan məmur olduğunu bilirsiniz. O, məclisə gələndə durub, məclisi tərk etmisinizmi? Yoxsa bütün qohumlarınız, məclisdə birlikdə oturduqlarınız hamısı imam övladları olublar?

Söhbət tək məclisdən getmir. Heçmi küçədə diləndirilən uşaq görməmisiniz? Heçmi qonşunuzun arvadını döydüyü barədə eşitməmisiniz? Bunu oxuyan neçə nəfər bunlara etiraz edib? Təlimlərə gedib, "Uşaq hüquqlarının qorunmasının yolu ölkəmizdə sivil qərb qanunvericiliklərinin mütərəqqi müddəalarının milli səviyyədə işlənməsindən, polislərə təlim keçilməsindən, uşaqlara qarşı zorakılıq tətbiq edən valideynlərin valideynlik hüququndan məhrum edilməsindən keçir; bu məqsədlər naminə birləşməli, vicdanlı şəxslərin uşaqlara könüllü müdafiə-dəstək dəstələrini yaratmalıyıq..." məzmununda çıxış etmək asandır. Amma sabah Neftçilər metrostansiyasında qaraçı uşağın başına qapaz vurula-vurula diləndirildiyini görəndə Hitlerə rəhmət oxutduran "qaraçıdır da, adət-ənənələridir" fikri beynindən keçirsə, deməli, sənin o təlimlərdən sosial şəbəkələrdə paylaşdığın fotolar sənin yalançı ictimai kimliyini müəyyən etməkdən başqa bir yaralı barmağa revanol olmur.

2006-07-ci illərdə Alma qəzetində, Alatoran jurnalında milli mentalitetimizi lağa qoyan, inkar edən yazılarla maariflənirdim. Orada lağa qoyulan ifadələrdən biri də “Xəyanəti bağışlamıram” ifadəsi idi. Tanışlıq saytlarında, yaxud sadəcə özünü təqdim edərkən, “Xəyanəti bağışlamıram” deyən adamlar hədəf seçilirdi. Mənə elə o vaxtdan maraqlı gələn sual var, hələ də cavab tapmamışam. “Xəyanəti bağışlamıram” ifadəsini lağa qoyan adamlar, xəyanətin onsuz da bağışlanmaz olduğunu, bunu deməyin artıq olduğunu vurğulayırdılar, yoxsa xəyanəti bağışlaya bilməməyin çuşkalıq olduğunu deyir, özlərinin xəyanəti bağışlaya biləcək qədər geniş ürəkli, ali, ari olduqlarını deyirdilər? O adamlar xəyanəti bağışlayarlarmı? Təbliğ etdiklərini şəxsi həyatlarında tətbiq edə bilərlərmi?

Sosial şəbəkələrin faydalı və ziyanlı xeyli tərəfləri var. Ziyanlı tərəflərdən biri də budur ki, adamların əslində olmayan ikinci, üçüncü… bəzən yüzüncü şəxsiyyətləri, simaları formalaşıb, digər simalarından müstəqil olaraq, virtual şəkildə yaşayır. Adamlar real həyatları ilə 180 dərəcə əks olan şeyləri rahat-rahat təbliğ edə bilirlər. Empatidən Andromeda qədər uzaqda dayanırlar. Başqalarına xırdalıqlarına qədər təsvir edilmiş bir həyat tərzi məsləhət görür, özlərinə isə bunu qətiyyən rəva görmürlər.

Dissident olmaq çətindir. Azərbaycanda məişət dissidenti olmaq isə publik imicinin intiharı, qohumların və yaxınlarının xeylisinin itirilməsi deməkdir. Hətta sən təbliğ etdiyin dəyərləri yaşamaq qərarına gəlsən, görəcəksən ki, səninlə birlikdə o dəyərləri “cani-dildən” təbliğ etmiş onlarla dostun səni təhqir edir, barəndə şər-böhtan səsləndirir, sənə ziyan vurmağa çalışır, ürəkdən nifrət edirlər sənə. Çünki onlar təbliğ etdiklərini yaşaya bilmirlər.

“Her” (“O” (qadın cinsində)) filminə baxın. Orada süni intellekt minlərlə insanla eyni zamanda eşq münasibəti saxlayır, utanmadan, çəkinmədən, sıxılmadan. Biz təbii intellektik, bizim bir eşqimiz, bir dəyərimiz olur. Olmalıdır yox, olur. Bir şeyi təbliğ edib, başqa şeyi yaşayanların da bir eşqi, bir dəyəri var – məhz yaşadıqlarıdır, könüllü seçimləri, imtinalarıdır. Qalanları yalandır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  19 Сентябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/94ziiu

Самое читаемое