Redaktordan qeyd : GIJN 16 fəsildən ibarət əhatəli Jurnalistin Hərbi Cinayətlərin Araşdırılmasına dair Bələdçisini təqdim edir. Bu bələdçi müharibələrin hüquqi aspektləri, mülki əhaliyə hücumlar, cinsi zorakılıq, ətraf mühitə qarşı cinayətlər, qadağan olunmuş silahlar, soyqırım, zorakılıq nəticəsində itkin düşənlər, dəlillərin arxivləşdirilməsi, açıq mənbələrlə tədqiqat aparılması, foto və videoların sənədləşdirilməsi, fiziki və rəqəmsal təhlükəsizliyə dair ən yaxşı məsləhətlər və travmatik hadisələrin işıqlandırılması zamanı psixi sağlamlığın qorunması kimi məsələləri özündə cəmləşdirir.
Hökumət əsgərləri tərəfindən törədilmiş kütləvi vəhşiliklər. Evləri və tarlaları ordu tərəfindən viran qoyulmuş, evlərini tərk etməyə məcbur edilmiş kəndlilər. Məktəb və xəstəxanaların fərq qoyulmadan bombardmanı. Geniş yayılmış zorlama halları. Hərbi əsirlərə işgəncələr. Sistematik etnik təmizləmə. Azyaşlılardan əsgər kimi istifadə. Bunlar jurnalistlər tərəfindən araşdırılan mümkün hərbi cinayətlərdən bəziləridir.
Müharibə və münaqişələr zamanı insanların heç bir səbəb olmadan öldürülməsi, onlara qarşı iyrənc rəftara yol verilməsi, bu zorakılığı müşayiət edən dəhşətli hallara görə haqq-hesab tələb edilməlidir. Jurnalistlər müharibə və münaqişələrin işıqlandırılması və araşdırılmasında son dərəcə mühüm rola malikdirlər. Müharibə aparanların hərəkətlərini işıqlandırmaqla, sərt suallar verməklə, dəlillər axtarmaqla, yalan və təbliğatı ifşa edərək həqiqəti üzə çıxarmaq araşdırmaçı jurnalistin işinin mühüm hissəsidir. Bu fəaliyyət hərbi müxbirlərin, insan hüququ müdafiəçilərinin, fotoqrafların və hüquq-mühafizə orqanlarının birgə səylərinin bir hissəsidir.
Müharibə və münaqişələrin işıqlandırıması və araşdırılması, hərbi cinayətin baş verib-vermədiyindən asılı olmayaraq vacibdir. Bu bələdçinin hazırlanmasında iştirak etmiş ukraynalı araşdırmaçı jurnalist Valentina Samar yazır:
“Müharibə qanunları və adətləri haqqında baza biliklərə malik olmadan müharibə haqqında peşəkar yazı yazmaq mümkün deyil”.
Qanunların mövcudluğu, onların yerinə yetirilməsi hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasını mümkün edir. Geniş anlamda “hərbi cinayətlər” terminindən müharibə və zorakı münaqişələrdə törədilən dəhşətli zorakılıq aktlarını təsvir etmək üçün istifadə edilir. Belə hərəkətlər qəbul edilmiş beynəlxalq müharibə qaydalarının pozulması kimi görünür. Lakin “hərbi cinayət” həmçinin hüquqi termindir. Onun dəqiq mənası beynəlxalq sazişlərdə əks olunmuşdur və bu termin beynəlxalq humanitar qanunların spesifik və ciddi pozulduğu hallara aiddir. Nəzərə almaq vacibdir ki, müharibədə qanunların pozulmasına görə yalnış ayrı-ayrı şəxslər yox, dövlətlər və başqaları da məsuliyyət daşıya bilər. Bu bələdçinin birinci fəslində izah olunduğu kimi, silahlı münaqişə zamanı aşağıdakı qanunlar tətbiq edilir:
- Beynəlxalq humanitar qanun (həmçinin, müharibə qanunları və ya silahlı münaqişə qanunları adı ilə tanınan), döyüşən tərəf olan dövlət və qeyri-dövlət silahlı qrupların hərəkətlərini tənzimləyir.
- Beynəlxalq cinayət qanunları beynəlxalq cinayətlər törədən fərdlərin məsuliyyətlərini tənzimləyir.
- Beynəlxalq insan hüquqları qanunu dövlətlərin (bəzi hallarda qeyri-dövlət iştirakçılarının) ərazilərindəki və/və ya yurisdiksiyalarındakı fərdlərə dair öhdəliklərini tənzimləyir, amma bu qanunun tətbiqi müharibə şəraitində fərqli ola bilər.
- Dövlətlərin daxili qanunları.
- Digər beynəlxalq qanunlar və sazişlər – dövlətin özünün qoşulduğu müqavilələr, amma onların tətbiqi müharibə şəraitində fərqli ola bilər.
Kontekst və niyyət haqqında təqdim edilən arqumentləri başa düşmək mühüm əhəmiyyət kəsb edir: günahsız insanın öldürülməsi qərəzsiz qətl, bilərəkdən qətl, hərbi cinayət, insanlığa qarşı cinayətin bir hisəssi və ya soyqırım aktı sayıla bilər. Təəssüf ki, müharibə zamanı mülki əhali arasında ölüm halları qanuni müharibə hərəkətlərinin nəticəsi ola bilər. Bunlar heç də həmişə müharibə cinayəti və ya qanunun pozulması demək deyil. Açıq-aşkar müharibə cinayəti kimi görünən dəhşətli zorakılıq hallarına bəraət qazandırıla bilər: ABŞ ordusu tərəfindən Əfqanıstanın Kunduz rayonunda Sərhədsiz Həkimlərin travmatoloji xəstəxanasının 2015-ci ildə bombalanması hələ də mübahisəlidir və müharibə və münaqişələrdə qanunların tətbiqinin necə mürəkkəb bir iş olduğuna dair əyani sübutdur. (ABŞ ordusunun apardığı daxili araşdırmaya görə, bombardman AC-130 hərbi təyyarəsinin ekipajının yol verdiyi “insan səhvini” və hədəfin “səhv müəyyən edilməsinə görədir).
2015-ci ildə ABŞ ordusu Əfqanıstanın Kunduz rayonunda Sərhədsiz Həkimlərin xəstəxanasını bombardman etmişdi. Bu hərəkətin hərbi cinayət olub-olmaması hələ də mübahisə mövzusu olaraq qalır.
Jurnalist araşdırmaları ağır prosesdir və onları bitirməyə aylar və hətta illər lazım gələ bilər. Həm də daxili və ya beynəlxalq məhkəmənin yoxlamasından keçəcəksə, bu araşdırma ən yüksək standartlara cavab verməlidir. Müharibədə qanuni sayılan hərəkət heç də həmişə mənəvi cəhətdən düzgün sayıla bilməz. Buna görə də hərbi cinayətin baş verib-verməməsindən asılı olmayaraq, müharibəni və münaqişəni işıqlandırmaq və araşdırmaq kritik əhəmiyyət daşıyır.
Müharibə və münaqişəni tənzimləyən qanunlar mühümdür, lakin onlar məsuliyyətin daha geniş mənzərəsinin bir hissəsidir. Qanuni sayılan bir çox hərəkətlər hələ də araşdırma və yoxlama tələb edir. Jurnalistlər müharibədəki əzablara görə onun iştirakçılarından siyasi məsuliyyət tələb etməlidirlər. Mümkün müharibə cinayətlərini işıqlandıran jurnalistin rolu hüquqi araşdırma aparmaq deyil. Müxbirlərlə müstəntiq və ittihamçıların rolları arasında real ziddiyyətlər yaranır. Buna dair üç nümunə kimi, məxfi mənbələrin qorunmasını, müstəqilliyin vacibliyini və araşdırmanın nəticələrini dərc etdirmək tələbini göstərmək olar.
Araşdırmaçı jurnalistlərin və hüquq müdafiəçilərinin fəaliyyəti günahkarların məsuliyyətə cəlb edilməsi üçün həyati əhəmiyyət daşıyır.
Silahlı münaqişənin ortasında nələrin baş verdiyini başa düşmək heç də asan deyil. Hansısa insidenti müşahidə edərkən və ya onun barəsində xəbər verərkən, adətən jurnalist hərbi cinayət halının baş verib-vermədiyini müəyyən edə bilmir. Jurnalistlər qanuni, qanunsuz və cinayət tərkibli hərəkətlər arasında fərqi bilmək üçün peşəkar biliklərə malik deyildirlər. Bundan başqa, bütün şəxslər (hərbi cinayətlərdə ittiham olunanlar daxil) ədalətli məhkəmə hüququna malikdirlər. Cinayətin baş verdiyini yalnız hərtərəfli istintaq və məhkəmə prosesi başa çatdıqdan sonra məhkəmə hökmü müəyyən etməlidir. İlk baxışdan açıq-aşkar cinayət kimi görünən hərəkət, spesifik hüquqi kriteriyaya uyğun gəlmədiyi halda və ya dövlət hansısa müvafiq sazişə üzv olmadığı halda cinayət sayılmaya bilər.
Amma ən azı tətbiq oluna bilən qanunların düzgün anlanılması etibarlı məlumatlar hazırlanmasını təmin edə və təkmilləşdirə, potensial pozuntu halları barədə ictimaiyyəti xəbərdar edə bilər. Bu isə hökumətlər və beynəlxaq məsuliyyət daşıyan təşkilatlar üzərinə təzyiqi artırmaqla, onları araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə məcbur edə bilər. Mümkün hərbi cinayətlər və ya cinayət əlamələtlərinin ətraflı işıqlandırılması bəzən beynəlxalq birliyi onlardan agah etməyin yeganə yolu ola bilər və günahkarları ədalət məhkəməsinə cəlb etmək işində birinci addım kimi çıxış edə bilər. Dövlətlər öz vəzifələrini yerinə yetirməyəndə, çox zaman jurnalist və mülki cəmiyyətin səyləri belə pozuntuların ört-basdır edilməsinin, cəzasız qalmasının qarşısını alır. Son nəticədə, inandırıcı məlumatlar məsuliyyətdən yaxa qurtarmaq və cəzadan yayınmaq istəyənlərlə mübarizədə öz töhfəsini verir. Dəqiq məlumatların verilməsi münaqişənin təsirinə məruz qalmış şəxslər, onların ailələri və qohumları üçün vacib ola bilər. Bundan başqa, jurnalislər, özləri şahidi olduqları və sənədləşdirdikləri üçün mümkün hərbi cinayətlər barədə hüquq-mühafizə orqanlarına ifadə vermək istəyə bilərlər. Jurnalistlər məhkəmələr və digərləri ilə əməkdaşlıq etməyə getdikcə daha çox maraq göstərirlər və onlardan daha yüksək keyfiyyətli dəlil-sübut tələb olunduğunu anlayırlar.
Bosniyada İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilk dəfə silahlı münaqişədən sonra itkin düşmüş böyük sayda şəxsin identifikasiyasında ilk addım kimi DNT-dən istifadə etmişdi. Qan və sümük nümunələrindəki DNT-ni müqayisə etməklə, ICMP sabiq Yuqoslaviya ölkələrində getmiş müharibələrdən sonra itkin düşmüş və qalıqları gizli məzarlarda basdırılmış 17 mindən çox şəxsin kimliyini müəyyən edə bilmişdi.
Bu bələdçinin əhatə dairəsi lazımınca məhduddur. Onun məramı daha yaxşı araşdırmalara kömək üçün lazımi kontekst və praktik məsləhət verməkdir. Bələdçi müvafiq qanunları və ədliyyə institutlarını dəyərləndirməyə çalışmır, dövlət və beynəlxalq təşkilatların həmin qanunlara əməl olunması və hərbi cinayət törədənlərin məsuliyyətə çəkilməsi işində öhdəliklərinə sadiq qalmalarına və vəzifələrini səmərəli icra etmələrinə qiymət verməyə cəhd göstərmir. Bələdçinin məqsədi ədliyyə təsisatlarına təqdim edilə bilən dəlillərin toplanılmasında jurnalistlərə məsləhətlər verməkdir. Amma dəlil qanunları dövlətdən dövlətə, beynəlxalq məhkəmədən məhkəməyə fərqli olduqlarından, müvafiq sahədə ekspertlərlə əlaqə saxlamaq ən yaxşı strategiyadır. Bələdçi müəllifləri anlayırlar ki, bu seçimi heç də bütün jurnalistlər etməyəcək. Nəhayət, müharibə və münaqişələrdə baş verən, jurnalistlər tərəfindən araşdırılmalı bir çox digər cinayətlər var ki, bələdçi onlardan bəhs etmir. Məsələn, müharibədən gəlir götürmə, hərbi tədarük və xarici yardımın ödənişlərində korrupsiya hallarının adını çəkmək olar.
Bunları nəzərə alaraq, GIJN Jurnalistin Müharibə Cinayətlərinin Araşdırılmasına dair Bələdçisini təqdim etməkdən qürur hissi duyur. Bu bələdçi mətbuat işçilərinə münaqişə və onun nəticələrini sənədləşdirməkdə yardım etmək məqsədi güdür. Günahkarları məsuliyyətə cəlb etmək işində araşdırmaçı jurnalistlər və insan haqları müdafiəçilərinin rolu zəruridir. Bu vəhşiliklərə dair dəlillərin qorunması, sağ qalanların ifadələrinin mühafizəsi və məsuliyyəti sübuta yetirən materialların toplanması istiqamətində uzun və ağır, lakin lazımi prosesdir. Bu mürəkkəb məsələlərin öhdəsindən gəlməyə dair məsləhət almaq üçün biz müharibələrin araşdırılmasında dərin təcrübəyə malik olan jurnalistlərə, insan hüquqları üzrə ekspertlərə, hüquqşünaslara müraciət etmişik. Biz həmçinin peykdən çəkilən şəkillər, sosial media kimi jurnalistlərin müharibəni işıqlandırmasını dəyişdirən texnoloji yenilikləri nəzərə almışıq.
Bu girişdən əlavə, bələdçi 16 fəsildən və Nobel Sülh Mükafatı Laureatı Nadia Muradın yazdığı ön sözdən ibarətdir.
Təşəkkürlər
- Bu bələdçi araşdırmaçı jurnalistlər, yazıçılar, hüquq ekspertləri və mövzu üzrə mütəxəssislərin əməkdaşlığının məhsuludur, lakin bələdçi Çarlz Stüart Mott Fondunun səxavətli maliyyə yardımı olmadan işıq üzü görə bilməzdi.
- The VII Fondundan fotoqraf Ron Havivə bələdçinin illüstrasiyası və müharibə və hərbi cinayətlərin təsirini bariz surətdə göstərmək üçün arxivindən təqdim etdiyi onlarla təsirli fotoşəkilə görə xüsusi təşəkkür. Bundan əlavə, Ron bu foto və videolardan vəhşilik və mümkün hərbi cinayətləri sənədləşdimək üçün necə istifadə etməyə dair çox faydalı fəsil yazmışdır. Eləcə də, fotolarından istifadə etdiyimizə görə Əli Arkadi, Ed Kaşi, Kristofer Morris, Maciek Nabrdalik, Franko Pagetti, Skot Peterson və Con Stanmeyerə minnətdarlğımızı ifadə edirik. Robert Dannin bu şəkillərdən istifadə edə bilməyimizdə mühüm rol oynayıb.
- Bələdçinin bütün fəsillərinin beynəlxalq insan haqları qanununu və digər müvafiq hüquqi presedentləri diqqətlə nəzərə almasını təmin etdiyinə görə doktor Kler Simmonsa bələdçinin hazırlanması prosesi ərzində verdiyi ekspert məsləhətlərinə görə xüsusi təşəkkürümüzü bildiririk. Bundan əlavə, London Universitetinin xüsusi mühazirəçisi Daraq Mürreyə də bələdçinin bəzi hissələrinin yoxlanılmasında göstərdiyi köməklik üçün təşəkkür düşür.
- Jurnalist Olivye Holmiyə bələdçi üçün “xüsusi fokus” tipli müsahibələr apardığı üçün minnətdarıq. Səxavətlə vaxt ayırıb öz ekspert biliklərini bizimlə bu müsahibələrdə bölüşmüş iştirakçılara təşəkkür edirik: Azmat Xan, Ruf Omar, Şeyla Kavamara Mişambi, Raci Abdul Salam, Valentina Samar və Paskal Bonnefoy Miralles.
- Margot Uilyamz bələdçidəki faktları diqqətlə yoxlamaqla əvəzsiz yardım edib.
- Nobel Sülh Mükafatı qalibi Nadia Murad öz şəxsi hekayəsini səxavətlə bələdçiyə təqdim edib və araşdırmaçı jurnalistikanın onun özü kimi zorakılıqlardan sağ çıxanlar üçün necə mühüm rol oynaydığını izah edib.
- Bələdçinin ideya mərhələsindən nəşrə gətirilməsində bir neçə GIJN əməkdaşı mühüm rol oynayıb. GIJN-in ərəb redaksiyasının rəhbəri Majdolin Həsən layihənin meneceri kimi bələdçinin hazırlanmasına rəhbərlik edib. GIJN-in proqram müdiri Anne Koç davamlı surətdə bələdçinin ərsəyə gətirilməsinə nəzarət edib, məsləhətlər və təlimatlar verib. GIJN Resurs Mərkəzinin müdiri Nikolia Apostolu bələdçinin nəşrində əsas rol oynayıb. GIJN-in icraçı müdiri David E. Kaplan layihənin diqqətinin missiyasından yayınmamasında və onu nəşr edilmə mərhələsinə qədər çatmasının təmin edilməsində mühüm rol oynayıb.
- Baş müxbir Rouan Filp, üzv redaktorlar Lora Dikson və Aleksa van Sikl, icraçı redaktor Riid Riçardson daxil olmaqla, GIJN-in redaksiya əməkdaşlarının yorulmaz redaktorluğu və koordinasiyası olmadan bu bələdçi işıq üzü görə bilməzdi.