Çirkli pulların yuyulması və maliyyə cinayətləri 

Şəkil: Ənn Kiernan tərəfindən GİJN üçün hazırlanıb

Bu fəsil Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırlıması Layihəsinin (OCCRP) həmtəsisçisi və innovasiya üzrə rəhbəri Pol Radu (Paul Radu) tərəfindən yazılıb. O, bu təşkilatı 2007-ci ildə Dryu Sallivanla (Drew Sullivan) birlikdə təsis edib. Pol OCCRP-nin əsas araşdırma layihələrinə başçılıq edir, regional genişlənmə işlərini təşkil edir və beynəlxalq miyqasda mütəşəkkil cinayətkarlıq və korrupsiyanın ifşa edilməsi üçün yeni strategiyalar və texnologiyalar işləyib hazırlayır. 

Azərbaycanla bağlı hissəsini oxumaq üçün linkə tıklayın.

Son 20 ildə cinayətlərini araşdırdığım şəxslər yəqin ki, dünyanın ən yaxşı biznesmenləri ola bilərdilər. Onlarda bunun üçün bütün imkanlar var idi: bacarıq, yaradıcı düşünmə qabiliyyəti, çevir reaksiya, motivasiya,  əlaqələr qurmaq və liderlik bacarığı və qeyri-adi dərəcədə açıq-aşkar riskə getmək həvəsi. Onların bir çoxu istəsəydilər, Elon Maskla legitim biznes dünyasında rəqabət apara bilərdilər, lakin əvəzində cinayət yolunu seçdilər və nəticədə planetin ən təhlükəli və ziyanlı şəxslərinə çevrildilər.   

Onların biznes planları  irimiqyaslı və sadədir: “daha çox qurban, daha çox pul”.  Onların işini asanlaşdıran budur ki, ən yüksək səviyyəli cinayətkarlar qitə və hətta qlobal miqyasda cəzasız halda iş aparırlarsa, onların təbii düşmənləri – hüquq-mühafizə orqanları – milli sərhədlər və milli maraqlar daxilində fəaliyyət göstərirlər. 

Yüksək səviyyədə mütəşəkkil cinayətkarlıq və korrupsiyanı araşdıran zaman, cinayətkarların biznes strukturunu anlamaq və onların səhvlərini üzə çıxarmaq son dərəcə böyük əhəmiyyət daşıyır. 

Birinci hissə: Bu iş necə qurulub

Cinayətin maliyyə sxemləri

Transmilli cinayətkar sindikatların mürəkkəb quruluşa malik olması səbəbindən, mütəşəkkil cinayətkarlıqla mübarizənin önündə əsasən beynəlxalq səviyyədə əməkdaşlıq münasibətləri qura bilən və ictimai maraqları qoruyan jurnalistlər və ictimai fəallar gedirlər. Lakin dünyanın ən qüdrətli təhlükələrindən biri ilə mübarizə aparmaq istəyən xəbər qurumlarının sayı  məhdud, bu işi görmək üçün tələb olunan maliyyə imkanları isə adətən azdır.  Amma beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı nəticəsində araşdırmaçı jurnalistlər bir faktorun onların işinə kömək etdiyini dərk ediblər: cinayətkarlıq bir çox mənada bir əmtəə olduğundan və eyni sistemlə həyata keçirildiyindən, onu üzə çıxarmaq və ifşa etmək işi asanlaşır. Digər sözlə, əgər bir cinayətkar sxem bir ölkə və ya region daxilində işləyirsə, eyni cinayət modeli dünyanın başqa yerinə də ixrac ediləcək.  Cinayət sxemi və onun elementlərini düzgün anlamaqla, pulun hara axdığını bilmək və cinayətkarları adi qaydada biznes aparmaq imkanından məhrum etmək olar. 

Rəqibimizin qanunsuz fəaliyyətini effektiv surətdə araşdırıb üzə çıxarmaq üçün biz onun motivlərini bilməliyik. Buna görə, gəlin cinayətkarların pulları oğurlamaq, gizlətmək və sərmayə qoymaq üçün istifadə etdikləri əsas metodlara nəzər salaq.  İkinci hissədə isə biz öz araşdırmamız üçün yararlı olan metodlar və ideyalarla tanış olacağıq. 

Həm yeni və həm təcrübəli cinayətkarlar Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırlıması Layihəsinin (OCCRP) “cinayət xidmətləri sənayesi” adlandırdığı sənaye tərəfindən davamlı surətdə qurulan və dəstəklənən regional və qlobal infrastrukturdan istifadə edirlər.  Bu infrastrukturda böyük sayda vəkillər, bankirlər, mühasiblər, şirkət yaratma üzrə agentlər, xakerlər, reputasiya menecmenti şirkətləri və digərləri çalışır. Onlar cinayət fəaliyyətinə imkan yaratmaq və qanunsuz olaraq əldə edilmiş pulları investisiya etməkdə cinayətkarlara yardım edərək pul qazanırlar. Bəs onda maliyyə tərəfdən cinayətin əsas elementləri hansılardır? 

Offşor tipli şirkətlər

Cinayətkarlara gizlin şəkildə pul oğurlamaq və iri miqyasda maliyyə vəsaitlərini hüquqi sərhədləri adlamaqda kömək edən offşor maliyyə sənayesi və gizli şirkətlər haqqında çox yazılıb. “Offşor Cinayətlər”(Offshore Crime,İnc), “Panama Sənədləri” (Panama Papers) və başqaları qeyri-qanuni çirkli pulların yuyulması fəaliyyətinin üzərinə işıq salıb. Bunun davamı olaraq, OCCRP-nin hələ də davam edən “OpenLux” layihəsi kimi işlər Lüksemburq kimi dənizə çıxışı olmayan ölkələrin də ənənəvi offşor məkanların göstərdiyi gizlin xidmətləri təqdim etdiklərini və ya etmiş olduqlarını üzə çıxarıb. Yüksək səviyyədə mütəşəkkil cinayətkarlığı və korrupsiyanı araşdırarkən, cinayətkarların biznes strukturlarını necə qurduqlarını başa düşmək,  onların buraxdığı və ya məcburən etdikləri səhvləri müəyyən etmək son dərəcə mühüm əhəmiyyət kəsb edir. 

Saxta şəxslər

Mütəşəkkil cinayətə başqalarının – saxta şəxslərin – kimliyi arxasında gizlənmək tələb olunur. Offşor şirkətlər onların fəaliyyətləri üçün lazımi məxfiliyi təmin edə bilirlər. OCCRP çərçivəsində apardığımız işlər ərzində biz saxta şəxslərin üç tipini müəyyən etmişik: xəbərsiz olanlar, müəyyən qədər xəbərdar olanlar və cinayətdə bilərəkdən tam şəkildə iştirak edənlər. 

Xəbərsiz saxta şəxslər  kimlikləri oğurlanmış (bəzən internet provayderlərindən irimiqyaslı informasiya oğurluğu nəticəsində) adamlardır. Onların adlarından istifadə edilməklə şirkət və ya bank hesabı açılmasından xəbərləri yoxdur.  Müəyyən qədər xəbərləri olanlar öz kimlik sənədlərini kiçik məbləğdə pul müqabilində icarəyə verirlər, lakin çox zaman adlarının əlaqələndirildiyi biznesin və ya əməliyyatın həqiqi cinayət tərkibindən xəbərsiz olurlar. Bilərəkdən saxta şəxs kimi çıxış edənlər, adlarından məlum olduğu kimi, iştirak etdikləri cinayət sxemlərindən tam xəbərdardırlar və gəlirdən pay alırlar. Hansı tip saxta şəxsin cinayət sxemində iştirak etdiyini bilən araşdırmaçı jurnalist, cinayətin üstünü açmaq üçün hansı addımları atmağın lazım olduğunu müəyyən edə bilər. 

Banklar

Son zamanlar kriptovalyuta kimi yenilikçi məhsulların maliyyə sektorunda peyda olmasına baxmayaraq,  banklar dünyanın maliyyə sistemlərində həlledici rol oynamağa davam edirlər. Özlərini bank sektoruna daxil edərək bundan istifadə etməyə çalışan mütəşəkkil cinayətkar qruplar üçün banklar təbii hədəfdirlər. Saxta şəxslər kimi, bəzi banklar bu fəaliyyətdə bilərəkdən iştirak edir, bəzilərindən xəbərsiz şəkildə istifadə olunur, başqaları isə ya  kriminal pulların öz hesablarından keçməsinin qarşısını almağa hazır deyillər, ya da çox güman ki, bunun üçün cəhd göstərmirlər.  

Bank sistemi saysız-hesabsız kiçik, orta və iri banklar və onların filiallarından ibarətdir. Mühüm bir məqamı qeyd etmək lazımdır ki, kiçik banklar yalnız daha iri banklarda müxbir hesabı açaraq, qlobal maliyyə sisteminə qoşula bilərlər. Müxbir hesabı qlobal pulköçürmələrə çıxışı təmin edir. Biz cinayətkarlara tam və ya qismən  məxsus olan böyük sayda kiçik və ya hətta orta ölçülü bankları təhqiq etmişik. Lakin bu banklar yenə də böyük məbləğdə çirkli pulları göndərmək və almaq üçün dünyanın ən iri banklarından asılı idilər. Ağıllı cinayətkarlara çoxdan bəllidir ki, banklar arasında əməkdaşlıq əlaqələri zəifdir və maliyyə qaydalarına nəzarət sistemləri əsasən fərdi və kiçik dəstlərdə aparılan şübhəli əməliyyatların müəyyən edilməsilə məşğuldur. Bu, hüquq-mühafizə orqanlarının yurisdiksiyadan kənarda fəaliyyəti qarşısında olan maneələrə bənzərdir.  FinCENFiles sənədləri aydın şəkildə bankların böyük məbləğdə çirkli pulların yuyulması əməliyyatlarını necə sezə bilmədiklərini  göstəriblər.  Cinayətkarlar nəhəng məbləğdə pulları müxtəlif banklar və bank hesabları arasında bölərək, bundan istifadə edirlər. Belə olan halda heç bir bank onların nəhəng miqyasda çirkli pulların yuyulması əməliyyatı barədə aydın təsəvvürə malik ola bilməyib. 

Saxta müqavilələr və fakturalar

Genişmiqyaslı çirkli pulların yuyulması əməliyyatlarını həyata keçirmək üçün cinayətkar qruplar saxta sənədlər, saxta müqavilələr və fakturalardan bank əməliyyatlarına bəraət qazandırmaq üçün istifadə edirlər. Bu saxta fakturalar kağız üzərində, deyək ki, şəxsi kompüterlərdən ibarət yükün bir offşor şirkətdən digərinə satıldığını təsdiqləyir. Lakin pullar bir hesabdan digərinə köçürülsə də, əslində belə alış-veriş baş verməyib. Bu qanunsuz praktika ticarət üzərində aparılan çirkli pulların yuyulması əməliyyatı adlanır və dünya üzrə bu tip maliyyə cinayətləri arasında yəqin ki birinci yeri tutur. Təbii ki, bankın əməliyyatlara nəzarət əməkdaşı maliyyə əməliyyatına aid hər bir yük konteynerini yoxlaya bilməz. Mütəşəkkil cinayətkarlar da bundan istifadə edirlər. 

Başqa hallarda, bank əməliyyatlarına aid saxta sənədlər  eyni uğurla qondarma borcların və xidmətlərin həqiqiliyini təsdiq edir. 

Çirkli pulların yuyulmasının uğurunun sirri, bu dörd tərkib hissəni bütöv bir paket halında cinayətkar qruplara və korrupsioner siyasətçilərə təklif edilməsindən ibarətdir.  Cinayət xidmətləri sənayesi hətta saxta cinayətlərə dair təlimat kitabçaları da buraxır. Bu təlimatlarda şirkətlərin, bank hesablarının, saxta şəxslərin və fakturaların yaradılması zamanı bank nəzarətçilərinin və hüquq-mühafizə orqanlarının diqqətindən necə yayınmağa dair yollar göstərilir. 

Bir Latviya bankı tərəfindən yayılan və müştərilərə məsləhət görülən, OCCRP tərəfindən aşkarlanmış çirkli pulların yayılmasına dair belə bir təlimat kitabçasından nümunə ilə aşağıda tanış ola bilərsiniz: 

“Müqavilə və ya fakturada göstərilmiş çatdırılma şərtləri real olmalıdır: Malların adını çəkəndə, onların hansı yolla “daşınacağı” barədə düşünmək lazımdır (yükün çəkisi, həcmi, istehsal müəssisəsinin ünvanı, nəqliyyat tipi: quru yol, dəmiryolu və ya gəmi ilə). “Daşınacaq” malların həcmi və ya ölçüsü çox böyükdürsə, dəmiryoluna və ya dəniz portuna yaxın zavodun adını göstərin”.  

OCCRP bu cür açar təslim çirkli pulların yuyulması sistemlərini “landromatlar” adlandırır. Onlar bütün məqsədlər üçün işlənilə bilən maliyyə mexanizmləridir. Landormatlar adətən bank və ya başqa maliyyə xidmətləri şirkəti tərəfindən qurularaq, müştərilərə cinayətlərinin gəlirlərini təmizə çıxarmaq, aktivlərinə sahib olduqlarını gizlətmək, şirkətlərdən pul oğurlamaq, vergilərdən və valyuta məhdudiyyətlərindən yayınmaq və ya pullarını offşorlara keçirməkdə yardım göstərmək məqsədi güdür. OCCRP 2014-cü ildə “Rusiya Landromatı” araşdırması zamanı bu termini ilk dəfə işlətmişdi. 

Landromat internetdə istifadəçilərə tam anonimliyi təmin edən TOR brauzerinin maliyyə ekvivalentidir. Landromatlar təmizlənmiş pulları müxtəlif banklarda yerləşdirməyə imkan verir. Bu da məxfliyi saxlamağı mümkün edir, belə ki, hər hansı bir təsisat aparılan əməliyyatlar barədə tam anlayışa malik olmur. 

Landromatlar dünyanın müxtəlif hissələrində olan, ilk baxışdan müstəqil görünən, lakin bir mərkəzdən, adətən bankdan idarə olunan şirtkərlərdən ibarətdir.  Yuyulma prosesi müştəri pulu şəbəkənin qovşağına göndərdikdən sonra başlayır.  Çox vaxt  müştəri mal və ya xidmətin alındığı və ya satıldığına dair saxta sənədlərdən istifadə edir.  Bundan sonra pul digər qovşaqlara yeni qondarma sənədlər qoşulmaqla hissə-hissə göndərilir. Ən sonda, pul müştərinin seçdiyi offşor şirkətə və ya başqa ünvana göndərilir (landromat əməliyyatı aparanların pay faizi çıxılaraq).  Pulun sahibi və mənbəyinin izi çoxsaylı əməliyyatlar nəticəsində, hətta hüquq-mühafizə qurumlarının izləyə bilməyəcəyi səviyyədə ört-basdır edilir. (Daha ətraflı bu haqda OCCRP-nin Landromatlar: Suallar və cavablar məqaləsində oxuya bilərsiniz). 

Landromatların hətta ən iri bankların nəzarətindən kənar necə işləməsi, Döyçe Bankın OCCRP-yə sızmış daxili sənədindən açıq-aşkar görünür.  Bu sənəddə bankın, onun qlobal maliyyə infrastrukturundan öz xeyrinə istifadə etmiş Rusiya Landromatının fəaliyyətini necə gözdən qaçırdığı təsvir edilir. 

Döyçe Bankın OCCRP-yə sızdırılımış daxili istifadə üçün hazırlanmış bu slayd, bankın özünün xəbəri olmadan nəhəng Rusiya çirkli pulların yuyulması sxemində iştirakını təsvir edir.

Şəkil: Skrinşot

Araşdırma nümunələri 

Mütəşəkkil cinayətkar qrupların dünyanın maliyyə sistemini necə manipulyasiya etməsinə dair bir çox misallar var. Aşağıdakı üç nümunələr müxtəlif coğrafiyalara aid olsalar da, hamısında eyni şablon təkrar olunur və yuxarıda göstərilən Rusiya Landromatının bütün və ya bəzi elementlərini təkrarlayır. 

Azərbaycan Landromatı və İranın sanksiya əleyhinə “İqtisadi cihadı”

Azərbaycan Landromatı ilk növbədə Bakı elitasına avropalı siyasətçilərə rüşvət vermək  və yüz milyonlarla pulu ölkədən çıxarmaq imkanı verirdi. Lakin OCCRP bu çirkli pulların yuyulması mexanizmindən İranın da ABŞ və Avropa sanksiyalarından yayınmaq üçün istifadə etdiyini üzə çıxardı. Bu işdə İrana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan iranlı-türkiyəli cani Reza Zərrabın başçılıq etdiyi mütəşəkkil cinayətkarlar qrupu kömək edirdi.  Zərrabın apardığı çirkli pulların yuyulması əməliyyatları yuxarıda sadalanan klassik elementlərin hamısından istifadə edirdi və Türkiyə, ABŞ və İran arasında böyüməkdə olan geosiyasi qalmaqala səbəb oldu. Bu hadisə mütəşəkkil cinayətin qeyr-sabitlik dövründə necə əl-qol açdığını və siyasi qarşıdurmalardan necə istifadə etməsini nümayiş etdirir. 

Troyka Landromatı

Troyka Landromatı mürəkkəb maliyyə sistemindən ibarət olaraq,  Rusiya oliqarxlarına və ölkənin ən yüksək vəzifəli siyasətçilərinə gizlin surətdə mənimsədikləri milyonları yatırmaq, vergilərdən yayınmaq, dövlət müəssisələrində pay almaq, Rusiya və xaricdə daşınmaz əmlaka sahib olmaq və başqa işləri görmək imkanı verirdi.  Troyka Landromatı bu əməliyyatların həqiqi sahiblərinin kimliklərini gizlətmək üçün yaradılmışdı. OCCRP və onun tərəfdaşları bu sxemin üstünü hərtərəfli təhlil və araşdırma nəticəsində aça bildi. Araşdırma nəticəsində 238 000 şirkətin 1.3 milyona yaxın əməliyyatı sızdırıldı ki, bu da tarixdə ən böyük miyqasda bank məlumatlarının dərc edilməsi hesab edilir.  Bu sxemi izah edən videoya baxmaq üçün buraya keçid edin. (link yoxdur) 

Troyka Landromatının ifşası, üzərində çox az informasiya verilən böyük sayda bank əməliyyatlarının təhlili nəticəsində mümkün oldu. Biz sonradan Troyka Landromatı adlandıracağımız mənbədən gələn əməliyyatları müəyyən edib seçərək, təkrar olunan addımları axtarmalı olduq. Biz kimin sxemin təşkilatçısı, kimin istifadəçisi olmasını ayırd etmək üçün səhvləri, pis qurulmuş əlaqə xətlərini tapmalı olduq.   Məlumatların hərtərəfli təhlili sayəsində müəyyən etdik ki, əməliyyatları tərtib edən banklar kiçik, lakin həlledici səhvə yol veriblər: onlar milyardlarla dollarla aparılan əməliyyatları həyata keçirən onlarla offşor şirkətin yaradılması ilə məşğul olan agentlərə ödənişlər etmək üçün cəmi üç qeyri-şəffaf şirkətdən istifadə ediblər.  Bu ödənişlərin hər biri cəmi bir neçə yüz dollardan ibarət idi və təbii ki, milyonlarla daha iri ödənişlərin arasında itib batmışdı.  Buna görə biz onları tapmalı və onların daha böyük şablonun bir hissəsi olduğunu təsdiq etməli idik. Məhz bu ümumi təkrar olunan detalı aşkar etdikdən sonra Troyka Landromatının miyqası bütövlükdə üzə çıxdı. 

Rivyera Maya Qrupu 

Rivyera Maya Qrupu (RMQ) qəddar və zorakı transərhəd təşkilatı idi. O,  mütəşəkkil cinayətkarlığın necə böyüməsi və digər biznes sahələrinə daxil olmasına bariz nümunədir. Əvvəlcə bu bandit qrupunun üzvləri Avropada skimmerlik, yəni bankomatlarda qeyri-qanuni cihazlar və ya proqram təminatları yerləşdirməklə debit və kredit kartlarının detallarını oğurlamaqla məşğul idilər.  Sonra onlar bir Meksika bankı ilə biznes əlaqələri quraraq, ölkənin cənubunda Kankun və Tulum arasında yerləşən Rivyera Maya adlı turizm məkanında yüzdən çox bankomat yerləşdirdilər və 200 milyon dollardan çox qanunsuz pul əldə etdilər.  RMQ saxta sənədlər, qondarma şəxsiyyət vəsiqələri və saxta şəxslərdən istifadə edərək, nəinki öz biznesini genişləndirdi, həmçinin istintaqdan yayınan qaçaqlara sığınacaq verməklə və Meksikadan ABŞ-a insan qaçaqmalçılığı ilə də məşğul olmağa başladı. 

Araşdırmaçı jurnalistlər əmlak reyestrləri üzərində diqqətlərini cəmləşdirməklə, mütəşəkkil cinayətkarlıq tərəfindən aparılan investisiya yatırımlarının və çirkli pulların yuyulması miqyasını aşkara çıxara bilərlər. 

İkinci Hissə: Düyünü necə açmalı – məsləhət və vasitələr

Yuxarıdakı nümunələrdən aydın olduğu kimi, mütəşəkkil cinayətkar qruplar pulların oğurluğunun gizlədilməsi və investisiyasını olduqca ağıllı yollarla həyata keçirirlər. Lakin onların nəzarət edə bilmədikləri bir şey var ki, o da zamandır. Hər gün jurnalistlər, fəallar və başqa araşdırmaçılar daha çox transmilli məlumatların təhlili təcrübəsi qazanırlar, hökumətlər isə şəffaflıq, şirkətə sahiblik və əmlaka dair yeni qaydalar tətbiq edirlər.   

Bank və məhkəmə sənədləri 

Mütəşəkkil cinayətkarlığın maliyyə tərəfini təhqiq edərkən, bank sənədlərini əldə etmək ən böyük uğurdur. Lakin məxfi, özəl sənədlər sayıldığından, onları əldə etmək çətindir. Jurnalistlər heç də həmişə sızmalara və ya bank işçilərinin bu sənədləri onlara ötürəcəyinə ya da maliyyə işlərinə nəzarət edən orqanların onlara yardım edəcəklərinə bel bağlaya bilməzlər. Amma bank sənədlərini əldə etməyin başqa bir yolu da var.  Belə sənədlər çox zaman mütəşəkkil cinayətkarlara qarşı cinayət məhkəməsi proseslərində və ya hətta kommersiya və mülki məhkəmə proseslərində işlərə tikilir.  Bu, məhkəmə işinin aparıldığı ölkənin qanunlarından asılıdır.  ABŞ Elektron Məhkəmə Sənədlərinə  İctimai Çıxış (PACER) proqramı qlobal bank sənədlərinin ən yaxşı mənbəyidir.  

Məsələn, OCCRP, ABŞ Azərbaycan Landromatının rəhbəri Reza Zərrabiyə qarşı cinayət işi açdıqdan sonra PACER vasitəsilə və ABŞ məhkəmələrinə informasiya azadlığı üzrə ərizələr göndərməklə yüz minlərlə bank sənədi əldə edə bilmişdi.  Bundan əvvəl də belə yolla biz dünyanın başqa ölkələrində də məhkəmə orqanlarından buna bənzər sənədləri əldə edə bilmişik.  Belə bank sənədləri çox zaman hüquq-mühafizə orqanları tərəfindən toplum şəklində müsadirə edilir və onları ələ keçirən araşdırmaçı jurnalistlər üçün xəzinə təşkil edir. 

Maliyyə institutlarından sızmış şübhəli fəaliyyət məlumatları da (SAR – suspicious activity reports), məsələn, FinCENFiles təhqiqatı zamanı əldə edilmiş sənədlər,  bank sirlərinin astar üzünü göstərə bilir.  Sızmaların keyfiyyəti və kəmiyyətinin artması labüddür və məhkəmə sənədləri ilə birlikdə araşdırmaçı jurnalistlər və onların xidmət etdiyi cəmiyyət üçün son dərəcə dəyərli ola bilərlər. 

Məhkəmə yazıları və xüsusilə iki cinayətkar qrup arasında kommersiya məhkəməsində çəkişmə araşdırmaçılar üçün çox faydalıdır. Belə ki, bu zaman bir-birinə qarşı ittihamlar irəli sürürlər və bu zaman məhkəmədə boşanan ər və arvadı xatırladırlar. 

Şəkil: Ənn Kiernan tərəfindən GİJN üçün hazırlanıb

Əmlak sənədləri

Cinayətkarlar bahalı əşyalara sahib olmağı sevirlər.  Lüks avtomobil, saat və ya digər göz qamaşdıran bahalı əşyalarsız onları təsəvvür etmək olmur. Amma mütəşəkkil cinayətdən alınan gəlirlər çox zaman daşınmaz əmlaka, məsələn, dəbdəbəli saraylara, iri kənd təsərrüfatı sahələrinə və ya meşəliklərə xərclənir. Araşdırma aparan jurnalistlər mütəşəkkil cinayətkarlar tərəfindən edilən investisiyaların düyününü və pulların yuyulmasının miqyasını ortaya çıxarmaq üçün onların əmlak sənədlərinə daha çox diqqət yetirməlidirlər. Bir çox ölkələrdə əmlak sənədləri ictimaiyyət üçün açıqdır və əmlakın hazırkı, keçmiş sahiblərini, eləcə də alqı qiyməti və vergilər kimi təfərrüatlarını göstərirlər. 

Şirkət sənədləri

Milli və beynəlxalq şirkət qeydiyyatı siyahıları təkcə səhmdarlar və şura üzvləri barədə deyil,  bir çox halda şirkətin maliyyə vəziyyəti barədə məlumat verə bilər. Nadir hallarda belə siyahılar həm də bank əməliyyatları, əmlak sənədləri və hətta səhmdar ola bilən offşor tipli şirkətlər barədə qismi informasiya və ya benefisiar informasiya verə bilərlər. Çox zaman biz benefisiar tərəf haqqında informasiyanı belə şirkətlərin qeyri-qanuni fondlarını yatırdıqları yerlərdəki şirkət və ya əmlak siyahılarından götürürük.  Yadda saxlamaq lazımdır ki, belə informasiya heç də həmişə tam şəkildə rəqəmsallaşdırılaraq informasiya bazasına salınmayıb.  Buna görə telefon zəngi və ya siyahıların saxlanıldığı yerə getməklə siz internetdə olduğundan daha çox informasiya əldə edə bilərsiniz. 

Bankların benefisiar sahibliyini aşkar edilməsi yüksək səviyyədə çirkli pilların yuyulması əməliyyatlarının ifşasında mühüm mərhələdir. Banklara hər hansı bir kommersiya şirkəti kimi yanaşın və onun sahibi tapmağa çalışın. Xüsusilə yeni təsis edilmiş, kiçik və orta ölçülü banklara belə yanaşma mühümdür. 

İmport-Eksport informasiya bazaları

Biz çox zaman ImportGenius və ya Panjiva kimi informasiya bazalarından istifadə edərək, import-eksport əməliyyatlarının izinə düşürük. Bu bazalar bahalıdır – ImportGenius bir ABŞ şirkətinin bir il ərzində apardığı import əməliyyatları üçün 199 ABŞ dolları tələb edir. Lakin bu bazalar ticarətə əsaslanan çirkli pulların yuyulması əməliyyatlarını və onları həyata keçirən şirkətləri üzə çıxarmaqda kömək edir.  Biz bu informasiya bazalarından istifadə etməklə landromatda iştirak edən şirkətlərin başqa saxta kommersiya əməliyyatlarında iştirak edib-etməməsini ayırd edə bilirik.  Qeyd etmək lazımdır: Bir çox dövlətlərdə illik import-eksport əməliyyatları siyahısı milli məlumat azadlığı qanunlarına əsasən əldə oluna bilər.  BMT-nin statistika saytı Nations Comtrade isə import-eksport şablonlarını müəyyən etmək üçün qlobal ticarətə dair informasiya təklif edir. 

Alef

OCCRP olaraq biz araşdırmaçı jurnalistlər üçün Alef adlı tədqiqat materialları arxivi yaratmışıq. Burada şirkətlər, əmlak, bank hesabları, məhkəmə işləri, sızmalar və sairə məsələlər haqqında indeksləşdirilmiş informasiya saxlanılır. Lakin bu başlanğıcdır. Alef jurnalistlərə informasiyadan baş çıxarmaq və ictimai maraqlar naminə mənalı araşdırma aparmaq üçün mühüm olan cinayət şablonlarını tanımaqda yardım edir.  Jurnalistlər Alefdə “maraq doğuran şəxslər” adlı nəzarət siyahıları qura bilər. Bizim sistem isə həmin şəxsləri davamlı şəkildə sistemin daxilində olan digər məlumatla tutuşdura bilir.  Bu, bizim iş prosesimizi avtomatlaşdırır,  yeni və faydalı araşdırmalara zəmin yaradır. 

OCCRP araşdırmaçı jurnalistlərə ictimai arxivləri və sızmaları axtarmaq imkanl verən Alef adlı faydalı resursa malikdir. 

Foto: Skrinşot

Gələcəkdə bizi nə gözləyir? 

Son onilliklər ərzində transmilli cinayətkarlıq hüquq-mühafizə orqanlarından, araşdırmaçı jurnalistlərdən və fəallardan asanlıqla yayına bilirdi.  Jurnalistlər sərhədləri adlayaraq əməkdaşlıq etməyə başlayandan sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı.  Lakin nəhəng maliyyə vəsaitlərinə malik olmaları və yeni texnologiyalardan hüquq-mühafizə orqanlarından daha tez yararlana bilmələri sayəsində, cinayətkarlar hələ də üstünlüyə malikdirlər. 

Bir qrup da var ki, çox zaman onun təsirini yetərincə dəyərləndirmirlər. Bunlar, belə demək mümkündürsə, cinayətkar mələk sərmayədarlardır. Onlar başqa cinayətkarların əməliyyatlarını yüksək gəlir müqabilində maliyyələşdirirlər və öyrəşmiş olduqları həyat tərzi üçün yaranan imkanlardan bəhrələnirlər. Araşdırmaçı jurnalistlər cinayət ətrafında yaranmış maliyyə ekosistemini daha yaxşı anlamalıdırlar.  Bu ekosistemdə cinayətkar xidmətlər sənayesi çiçəklənir və yeni çirkli pulların yuyulması və gizlin investisiya texnikaları işləyib hazırlayır.  

Mütəşəkkil cinayətkarlığın təkamül edən metodları ilə mübarizə aparmaq üçün araşdırmaçı jurnalist təşkilatları cinayətkarların öz biznes modelləri üçün istifadə etdikləri kriptovalyuta, blokçeyn, NFT və bir sıra digər yeni alətlərin necə işlədiyini anlamaq üçün vaxt və pul sərf etməlidirlər. 

“Pulu izlə” bir azdan “kodu izlə” (alqoritm kodları) ilə əvəz olunacaq. Amma əvvəl-axır bu kod da cinayətdən alınan daşınmaz əmlak və gözəgörünən həyat tərzi kimi fiziki formada özünü göstərəcək.