Meydan TV müstəqil siyasi şərhçi və ictimai xadim Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.
Müsahibədə Zərdüşt Əlizadə Azərbaycanda son illər artan jurnalist və fəal həbslərindən, vətəndaş cəmiyyətinə təzyiqlərdən, ifadə azadlığının vəziyyətindən və hakimiyyətin siyasətindən danışır.
O, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, müxalifətin vəziyyəti və ölkədəki ictimai-siyasi proseslərlə bağlı fikirlərini bölüşür.
– Zərdüşt bəy, siz uzun illərdir siyasətşünas, şərqşünas, vətəndaş cəmiyyəti fəalı və sülh tərəfdarı kimi fəaliyyət göstərirsiniz. Bu gün geriyə baxanda, Azərbaycanın keçdiyi siyasi yolun hansı mərhələsini ən ağrılı və ən ümidverici hesab edirsiniz?
– Hesab edirəm ki, Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsi 1989-cu il oldu. 1988-ci ildə başlayan xalq hərəkatı 1989-cu ilin ortalarına qədər artan xətlə inkişaf etdi. Lakin həmin ilin ortalarında mürtəce nomenklatura xalq hərəkatını nəzarətə götürə bildi. Əslində, bu, bütün postsovet ölkələrində belə oldu, xüsusi xidmət orqanları xalq hərəkatlarına öz adamlarını yeritdi və təlimatlara uyğun olaraq prosesləri idarə etməyə başladı.
Hazırda Rusiyada xalq hakimiyyəti yoxdur, Federal Təhlükəsizlik Xidmətinin (FSB) diktaturasıdır. Ukraynada oliqarxların, Mərkəzi Asiyada isə oliqarx-nomenklatura mafiyasının hakimiyyətidir. Ermənistan və Gürcüstanda da idarəçilik yalnız və yalnız xalqa yad olan varlı zümrənin əlindədir. Odur ki, biz istisna deyilik, ümumi qanunauyğunluqlara uyğun şəkildə “inkişaf” etmişik. Kimisi buna inkişaf deyir, kimisi tənəzzül – hərə bir cür qiymətləndirir. Bəs indi hakimiyyətdə kimdir? Həmin partiya mafiyası, həmin nomenklatura və həmin tayfa klanıdır. Sözdə xalqa şirin nağıllar danışırlar.
“Münaqişə bitməsəydi, azad cəmiyyət uğrunda mübarizə aparmaq mümkün olmayacaqdı“
– Son illərdə ölkənin daxili siyasi mühiti xeyli dəyişib. Siyasi institutların zəifləməsi, vətəndaş cəmiyyətinə təzyiqlər və ictimai passivlik sizin şəxsi fəaliyyətinizə və düşüncə tərzinizə necə təsir edib?
– Mən aliməm, tədqiqat üsulum seçimli və müqayisəlidir. Elmi işlərimi onun əsasında yazmışam. Cəmiyyətdəki prosesləri məhz seçimli və müqayisəli təhlil vasitəsilə öyrənmişəm. Həmişə bütün siyasi hadisələrə, hətta siyasi şəxslərə belə ümumi tarixi fonda qiymət vermişəm. Mən 1989-cu ildə gördüm ki, Azərbaycan xalqının daxilində hansısa bir dövrdə azad, ədalətli bir quruluş qurmaq potensialı yoxdur. Siyasi savad yoxdur, oturuşmuş siyasi təşkilatlar yoxdur, demokratik potensial yoxdur, ənənələr yoxdur. Ona görə də hesab etdim ki, xalqa demokratiya istəyən bir insan kimi bütün işimi-gücümü maarifçiliyə yönəltməliyəm. Maarifçilik nəcib işdir. Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Sabirin, Üzeyir bəyin, Cəfər Cabbarlının gördüyü işdir. Mənim gücüm bu ənənəni davam etdirməyə çatır.

Çexoslovakiyanın prezidenti olmuş Tomaş Masarikin gözəl bir ifadəsi vardı. Deyirdi ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir. Buradan hansı nəticə çıxır? Cahil və kütlə xalqın hakimiyyəti məhz avtoritarizmdir, diktaturadır, oxlokratiyadır. Vaxtı ilə bütün postsovet məkanında eyni proseslər baş verdi. Hər hansısa şəxslər dəyişə bilərdi, hadisələr müxtəlif cür cərəyan edə bilərdi, amma həyat eyni idi. Xalqlarda demokratik potensial yox idi. İstək var idi – müəyyən adamlarda, kiçik bir zümrədə, kiçik bir qrupda. Amma xalqın mütləq əksəriyyətində nə bilik, nə hazırlıq var idi, nə ənənə, nə də vərdiş var idi. Necə deyərlər; nəyə layiqiksə, ona da malikik.
– Siz uzun illər Azərbaycan-Ermənistan münasibətlərində dialoq tərəfdarı kimi çıxış etmisiniz. Hazırda aparılan sülh danışıqlarını necə qiymətləndirirsiniz? Sizcə, bu proses real və davamlı sülhə gətirib çıxara bilərmi?
– Mən münaqişənin sona yetməsinə çox sevinirəm. Münaqişə bitməsəydi, nə Ermənistanda, nə də Azərbaycanda azad və ədalətli cəmiyyət uğrunda mübarizə aparmaq mümkün olmayacaqdı. Münaqişə dövründə Ermənistanda bütün milli qüvvələr türklərə, azərbaycanlılara qarşı mübarizəyə səfərbər olunurdu. Azərbaycanda da Qarabağın azad edilməsi, ermənilərə qarşı mübarizə naminə qarşı səfərbərlik aparılırdı və bütün daxili resurslar bu istiqamətə yönəldilirdi. İndi isə son nəticədə sülh müqaviləsi imzalanacaq. Ondan sonra Türkiyə ilə Ermənistan, Azərbaycanla Ermənistan arasında normal əlaqələr; ticari-iqtisadi, siyasi, insani, mənəvi, idman və digər sahələrdə təbii münasibətlər başlayacaq. Tədricən cəmiyyətlərdəki o köhnə ədavət ənənəsi də aradan qalxacaq. Düşünürəm ki, bu proses həm Ermənistanda, həm də Azərbaycanda normal cəmiyyət quruculuğu və demokratiyanın inkişafı üçün real bir zəmin yarada bilər. Mən buna çox sevinirəm və böyük ümid bəsləyirəm. Hazırda gedən danışıqlara da müsbət yanaşır, onları alqışlayıram.
“Bu gün erməniləri ən çox pisləyən adamların çoxu, bəlkə də onlarla ən yaxın dostluq edənlər olublar“
– Azərbaycan cəmiyyətində uzun illər formalaşmış qarşılıqlı nifrət və travmalar fonunda, xalqlar arasında etimadın bərpası üçün sizcə, hansı addımlar atılmalıdır?
– Zaman lazımdır. Zaman o ağrıları, yaraları və xəsarətləri öz-özünə sağaldır. Vaxt ya öldürür, ya da müalicə edir. Şükür ki, həm erməni, həm də Azərbaycan cəmiyyəti ölmək yox, yaşamaq fikrindədir, yaşamağa çalışır. Ona görə də söz açdığım normallaşma proseslərinə daha geniş təbəqələrin, daha çox insanın cəlb edilməsi zamanla yalnız düşmənçiliyə, ədavətə səsləyən bu hayqırtıları, bağırtıları sıradan çıxaracaq və onlar öz cazibədarlığını itirəcək. Yadınıza salmaq istəyirəm, 1988-ci ildə meydan hərəkatı zamanı radikal və emosional bir çağırış yaranmışdı. İndi bəziləri ona “dirçəliş” deyir, mən isə bunu “kütləşmə” adlandırıram. Qarabağ münaqişəsinin kəskinləşdiyi, hərbi əməliyyatların başladığı o günlərdə 18 gün ərzində meydanlarda “Harda gördün erməni, vur başına gülləni”, “Bakı gözəl şəhərdir ermənilər olmasa”, “Topxanada iş gedir, Bakıda nümayiş gedir” kimi şüarlar səslənirdi. Bu cür səfeh, axmaq və kütləni aldatmağa yönəlmiş şüarlar guya xalqın dirçəlişinin sübutu idi. Əslində isə, bu, sadəcə xalqın şüurunun manipulyasiya edilməsinin göstəricisi idi. İndi kiməsə desən ki, “harda gördün erməni, vur başına gülləni”, sənə qəribə baxar. Deyər ki, ağlını itirmisən? Ermənistan bizim qonşumuzdur, iki dövlət arasında danışıqlar gedir, qarşılıqlı səfərlər olur, ekspertlər, diplomatlar, dövlət xadimləri münasibətləri tənzimləməyə çalışır. Biz müharibənin bitməsini istəyirik, sən isə hələ də o səfeh şüarı səsləndirirsən. Bu baxımdan, mən hesab edirəm ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində müəyyən bir oyanış prosesi gedir.
– Siz hər iki cəmiyyətdə millətçilik və ksenofobiya meyillərinin tənqid olunmasını müşahidə edirsinizmi?
– Azərbaycan və Ermənistan xalqları arasında sülhün, dinc birgəyaşayışın tərəfdarı olan və öz bloqunda bu mövzuları işıqlandıran əslən Bakılı olan erməni videobloqer Albert İsakov YouTube kanalında Levon Ter-Petrosyanın Ermənistanda, “Yerkrapah” könüllülər ittifaqının qurultayındakı çıxışını yaymışdı. Ter-Petrosyan özünü sülhpərvər kimi təqdim etsə də, Ağdamın işğalı günü etdiyi həmin çıxışında deyirdi: “Biz böyük nailiyyətlər əldə etmişik. Ən böyük nailiyyətimiz odur ki, əsrlərlə arzuladığımız məqsədə çatmışıq, Ermənistanı türklərdən təmizləmişik”. Mahiyyətcə bu, faşist çıxışıdır. Amma vaxtilə Azərbaycanda da ermənilərin qovulmasını bayram edən adamlar vardı. Xalq bunun faşistcəsinə bir hərəkət olduğunu anlamırdı. İnsanları milliyyətinə görə yurdundan, yuvasından, mənzilindən qovmaq faşizmdir – necə ki, vaxtilə faşistlər yəhudiləri məhv edirdilər. Bizdə də erməniləri düşmən sayır, onları işdən qovur, evlərini əllərindən alırdılar. Eynilə Ermənistanda da azərbaycanlıları “türkdür, düşməndir” deyərək kəndindən, evindən didərgin salırdılar. “Türk” sözü hələ indi də Ermənistanda təhqir sayılır. Əslində, bütün bunlar faşizm əlamətidir. Almaniya faşizmdən o zaman xilas olmağa başladı ki, vaxtilə tamamilə qovulmuş yəhudiləri yenidən ölkəyə dəvət etdilər. Onlara ev verdilər, şərait yaratdılar, hörmət göstərdilər və beləcə faşizmdən təmizləndilər. Əminəm ki, Ermənistan da o zaman faşizmdən xilas olacaq ki, azərbaycanlılara geri qayıdıb öz yurdunda yaşamağa imkan verəcək. Biz də Azərbaycanda faşizmdən o vaxt azad olacağıq ki, ermənilərə Qarabağa, Bakıya, Gəncəyə, Şamaxıya, hara istəyirlərsə, gəlməyə şərait yaradacağıq.
– Real baxsaq, bu gün insanların köhnə yurdlarına kütləvi şəkildə qayıtması nə dərəcədə mümkündür?
– Əslində ermənilər Azərbaycana gəlməyəcəklər, çünki onlar artıq dünyaya səpələniblər, unudublar və özlərinə yeni yurd-yuva qurublar. Amma hüquqi cəhətdən bu imkanı yaratmaq lazımdır. Deyirlər ki, Qərbi Azərbaycana 300 min azərbaycanlı qayıdacaq. Həmin insanların ağlı azıb ki, Bakıdakı rahat həyatlarını, evlərini, vəzifələrini, bizneslərini, şadlıq evlərini qoyub gedib Zəngəzurda yaşasınlar? Ola bilsin, yaşlı nəsil getsin. Lakin belə bir şəraiti yaratmaq üçün həm cəmiyyətin, həm də hökumətin qətiyyəti və xoş niyyəti olmalıdır. Biz bəyan etməliyik ki, bura vaxtilə Azərbaycanda doğulub-böyümüş ermənilərin də vətəni idi və biz demokratik bir dövlət kimi onlara təhlükəsizlik təminatı veririk. Sizi inandırıram ki, bu təminat verilsə belə, ermənilər qorxduqları və bizə etdikləri çoxlu pisliklərə görə utandıqları üçün bəlkə uzaqbaşı 10-15 nəfər qayıdar. Amma sadəcə uşaqlıqlarının keçdiyi yerləri – Şamaxını, İsmayıllını, Gəncəni ziyarət etməyə gələ bilərlər. Erməni jurnalist Yuri Manvelyan danışırdı ki, vaxtilə BBC-nin Bakı ofisinin müxbiri olmuş atası Aleksey Manvelyan 2000-ci illərdə, Heydər Əliyevin prezidentliyi dövründə beynəlxalq jurnalist kimi doğulduğu Gəncə şəhərinə gedib. Orada mağazaya girəndə satıcı onun erməni olduğunu, illərdir davam edən müharibəni və siyasəti tam unudaraq, onu sadəcə köhnə qonşusu kimi tanıyıb və deyib: “Alyoşa, çoxdandır görünmürsən, haralardasan?” Görün, nə qədər hadisələr, qırğınlar, müsibətlər baş verib, amma insanın yaddaşında sadəcə qonşusu Alyoşa qalıb. Belə hadisələr çoxdur. Rəhmətlik dostum Georgi Vanyan da mənə bir əhvalat danışmışdı. Ermənistanda bir mikroavtobusa minibmiş, sürücü də onun sülhpərvər olduğunu, azərbaycanlılara nifrət etmədiyini bilirmiş. Sərnişinlərdən yaşlı bir qadın pəncərədən Azərbaycan tərəfi – Məzəm kəndini göstərib deyir ki, bax, burada murdar itlər yaşayır. Sürücü dərhal qadına xəbərdarlıq edir ki, bu sərnişin bizim sülhpərvərlərdəndir. Özünü vətənpərvər kimi göstərməyə çalışıb azərbaycanlıları söymə, o, elələrindən deyil. Bu sözü eşidən kimi qadın dərhal deyir ki, heyf, vaxtilə azərbaycanlılarla gül kimi yaşayırdıq. Görürsünüz, dərhal tonunu dəyişir və müsbət danışmağa başlayır. Yəni insanların emosiyalarını, cahilliklərini və əqidəsizliklərini sadəcə manipulyasiya edirlər. Camaat günahkar deyil. Hakimiyyət hansı ideoloji siyasət xəttini yürüdürsə, insanlar da ona uyğunlaşmağa məcbur olur. Bu gün bizdə erməniləri ən çox pisləyən adamların çoxu, bəlkə də gəncliklərində onlarla ən yaxın dostluq edənlər olublar.
“Jurnalistləri məhz həqiqətləri dedikləri üçün həbs edirlər“
– Ölkədə son dövrlər jurnalistlərin, fəalların və ictimai şəxslərin həbsləri geniş müzakirə olunur. Sizcə, bu siyasi həbslər Azərbaycanın gələcəyinə hansı təsirləri göstərə bilər?
– Azad fikrin, ifadə azadlığının boğulması, Konstitusiyanın kobud şəkildə pozulması deməkdir. İfadə azadlığı bizim indiki Konstitusiyamızda açıq şəkildə təsbit edilib. Həmin Konstitusiyanı 1995-ci ildə, Heydər Əliyevin dövründə guya xalq səs verərək təsdiqləyib. Hər halda, hakimiyyətə gələnlər əllərini bu Konstitusiyaya qoyub and içirlər. Bu repressiyalar həm bir xəstəlik əlamətidir, həm də hakim zümrənin acizliyinin göstəricisidir. Həbsə atılan jurnalistlər nə deyirdilər, nə yazırdılar? Hakim zümrənin korrupsiya ilə məşğul olduğunu, xalqın malını çapıb taladığını və bu pulları xaricə daşıyaraq orada daşınmaz əmlak aldığını ifşa edirdilər. Halbuki, bu pullar xalqın rifahına və ölkənin inkişafına xərclənməlidir. Onlar isə bunun əvəzinə özlərinə mülklər alırlar, çünki hakim zümrə özü də Azərbaycanın gələcəyinə inanmır. Jurnalistləri də məhz bu həqiqətləri dedikləri üçün həbs edirlər. İndi nə qədər həmkarım, bəzi hallarda isə keçmiş tələbələrim həbsdədir və mühakimə olunurlar. Mən bunun qəti əleyhinəyəm, bu addımları pisləyirəm, amma əlimdən nə gəlir? Təəssüf ki, cəmiyyətin özü də ifadə azadlığına qarşı olduqca biganədir və azad fikrin qədrini bilmir. Müsahibənin əvvəlində qeyd etdiyim kimi, Azərbaycan xalqının siyasi mədəniyyəti çox aşağı səviyyədədir. Bəli, bizim zəngin musiqi və mətbəx mədəniyyətimiz var, ədəbiyyatdan, az-çox şeiriyyətdən də anlayırıq. Lakin siyasi mədəniyyət, insan haqları və vətəndaş ləyaqətinin nə olduğunu xalqımız, təəssüf ki, dərk etmir.
Bunu gündəlik həyatda da görürük, məsələn, sosial şəbəkələrdə bir dəfə kimsə çıxıb “Azərbaycanda bərabərsizlik hökm sürür, hakim zümrə hədsiz varlandığı halda, camaat kasıb yaşayır” – yazan kimi, şərhlərdə dərhal kimsə cavab verir ki, əvəzində Qarabağı qaytarmışıq. Axı Qarabağın vətəndaş haqlarına və qanunun aliliyinə nə dəxli var? Əhalinin mütləq əksəriyyəti hələ də qəflət yuxusundadır. Biz bu reallığı bilməli və camaatı ayıltmaq üçün çalışmalıyıq.
– Həbslərdən söz düşmüşkən, sizin də təmsil olunduğunuz Bakı Jurnalistika Məktəbinin bir neçə üzvü “Meydan TV işi” ilə bağlı həbs olundu. Onların həbsinin səbəbləri barədə nə düşünürsünüz?

– Səbəb odur ki, həqiqəti yazıblar. Hakim zümrənin korrupsiya oyunlarını, xalqın malını oğurladıqlarını və xaricdə böyük mal-mülk aldıqlarını ifşa ediblər. Bu da onların xoşuna gəlməyib, əvəzində isə həmin jurnalistləri şərləyib həbs ediblər. Azərbaycandan xaricə milyardlar daşıyan insanlar xaricdən bura bir neçə yüz min avro gətirən şəxsləri ittiham edir. Təsəvvür edirsiniz?! Onlar xaricdən ifadə azadlığının gerçəkləşməsi üçün gətirilən bir neçə yüz min avronu dövlət təhlükəsizliyinə böyük bir xətər sayırlar. Amma özləri Azərbaycandan xaricə milyardlar daşıyırlar və bunu təhlükəsizlik üçün bir təhdid hesab etmirlər. “Meydan TV işi”nin mahiyyəti məhz budur, azad sözü və azad fikri boğmaq, ifadə azadlığını tapdalamaq, vətəndaşların konstitusion hüquqlarını əllərindən almaq.
– Bakı Jurnalistika Məktəbinin bir neçə üzvü həbs olunsa da, sizə dəymədilər. Həbs olunmamağınızı siz özünüz necə izah edərdiniz?
– Birincisi, mənim maliyyə məsələləri ilə əlaqəm çox az idi, sadəcə qonorar alırdım. İkincisi, yaşıma görə, mənim artıq 80 yaşım var. Üçüncüsü isə düşünürəm ki, məni həbs etsəydilər, bu siyasi mahiyyətli işə daha çox diqqət cəlb oluna bilərdi. Onlar isə bu cür siyasi işləri səssiz-səmirsiz “yola vermək” istəyirlər. Hakimiyyət fikirləşdi ki, əgər ona toxunsaq, az-çox tanınan adamdır, həddindən artıq diqqət cəlb etmiş olacağıq. Üstəlik, nə danışdığını, qanunu yaxşı bilir. Məhkəmə prosesini Georgi Dimitrovun Leypsiq məhkəməsi prosesinə çevirəcək. Necə ki, Dimitrov Reyxstaqın yandırılması ilə bağlı qurulan o məhkəmədə ittihamçı kürsüsündə oturan faşist rəhbərlərini ifşa edərək, ittiham olunandan ittihamçıya çevrilmişdi, Zərdüşt də eynisini edəcək. Onlar məni ram etmək üçün çox üsullar sınayıblar, vaxtilə vəzifə təklif ediblər, oğlumu həbs ediblər, maliyyə mənbələrindən məhrum ediblər. Amma bilirlər ki, mən susan adam deyiləm. Həm də az-çox çəkim var, bilirlər ki, AXC-nin banilərindən və bu hərəkatın öncüllərindən biri mənəm. Məni Avropada, tarixçilər arasında, beynəlxalq səviyyədə tanıyırlar. Təkcə akademiya sistemində mənim AXC-nin tarixinə dair kitabıma, digər əsərlərimə və məqalələrimə 205 elmi istinad var. Akademik mühitdə də, siyasətdə də, sülh platformalarında da tanınan adamam, Amerikada, Avropada az-çox imzamız var. Sonda yəqin belə fikirləşdilər ki, əşi, bundan bizə bir ziyan yoxdur, qoy qalsın. Onsuz da danışmağa geniş minbəri, çıxış etməyə mediası və məkanı yoxdur. Qoca adamdır, qoy özü üçün yaşasın. Biz isə cavanları tutaq, onları şərləyib, ağızlarını yumaq və susduraq. Bax, hakimiyyətin bütün məqsədi və taktikası budur. Azərbaycan mətbuatını, kütləvi informasiya vasitələrini və bütövlükdə media məkanını tam nəzarətə alıblar. Yazılı, çap mətbuatı demək olar ki, yoxdur. Radio və televiziya 100 faiz, internet medianın isə 99 faizi hakimiyyətin nəzarəti altındadır. O yerdə qalan 1 faiz isə xaricdə fəaliyyət göstərənlərdir. Onların da davası hüquq və ya xalqın rifahı davası deyil, sadəcə hakimiyyət davasıdır. Uzağa getməyin, baxın, xaricdə guya hakimiyyətlə mübarizə aparanların özləri vaxtilə vəzifədə olub sonradan onu itirmiş adamlardır. Elə edirlər ki, Mirzə Cəlil demişkən, “bəlkə də qaytardılar” (“Anamın kitabı” tragikomediyasına işarə edir-red). İnsan haqları və vətəndaş azadlıqları onları heç maraqlandırmır da.
“Prezidentlik təklif etdilər, rədd etdim“
– Bu yaşda və belə mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyətinizi davam etdirmək sizə nəyin hesabına mümkün olur? Yorulduğunuz, ümidsizləşdiyiniz anlar olurmu?
– Mən heç vaxt ümidsizliyə qapılmıram. Çünki mən marksistəm, cəmiyyətlərin inkişaf qanunauyğunluqlarını yaxşı bilirəm. Başa düşürəm ki, bu gün yaşadıqlarımız sadəcə obyektiv keçid mərhələləridir. Bu cəmiyyət əvvəl-axır daha yüksək bir inkişaf səviyyəsinə gəlib çıxacaq. Əlbəttə, əgər tamamilə məhv olub getməsə. Ola bilər ki, bir gün nüvə müharibəsi baş versin və bütün bəşəriyyət yer üzündən silinsin. Bu ehtimalı da bilirəm və nəzərə alıram, çünki dünya müharibəsinin nə demək olduğundan agaham. Əgər nüvə müharibəsi olsa, bəlkə yer üzündə hansısa həşəratlar sağ qalacaq, amma bəşəriyyət, insan övladı tamamilə məhv olacaq. Lakin belə bir fəlakət baş verməsə, bütün cəmiyyətlər inkişaf edir. Vaxtilə dünyada demokratik ölkələrin sayı cəmi 5-10 idisə, indi artıq 50-ni keçib. Digər tərəfdən, son dövrlər hətta demokratik ölkələrdə belə avtoritarizm meyilləri güclənib. Amerika Birləşmiş Ştatları kimi demokratik bir dövlətdə Tramp kimi biri hakimiyyətə gəlib, avtoritar, konstitusiyaya hörmət etməyən bir adam idarəçiliyin başına keçib. Yəni demokratiyalarda da bəzən geri çəkilmə anları qaçılmazdır. Mən fikirləşirəm ki, bir vətəndaş, bir azərbaycanlı kimi mənə örnək olan o tarixi maarifçilik xəttini davam etdirməliyəm. Ona görə də durmadan kitablar yazıram. Hazırda satışda iki kitabım var. Onlardan biri, sülhpərvər, Azərbaycanı hədsiz sevən əziz erməni dostum Georgi Vanyanın xatirəsinə həsr etdiyim və Qarabağ münaqişəsinin tarixinə dair məqalələrimin toplusu olan “Посвящается Ваняну” (Vanyana ithaf olunur) kitabıdır. Digəri isə “Конец второй республики” (İkinci respublikanın sonu) kitabımın yenilənmiş variantıdır. İndi də başqa bir kitab üzərində işləyirəm. Allah nəsib etsə, onu da rus dilində çap edəcəyəm. Yəni mən heç vaxt proseslərdən kənarda qalmamışam. Mənim üçün həyat amalı və idealı Mirzə Ələkbər Sabirdir, Mirzə Cəlildir, Üzeyir bəydir, Həsən bəy Zərdabidir, Mirzə Fətəli Axundovdur. Onlar yalnız xalq üçün yaşayıblar. O hədəfə çatmaq üçün bu geridə qalmış, cahil kütləni maarifləndiriblər, insanların gözünü açıblar. Mən də həyatımı məhz onların prinsiplərinə uyğun şəkildə qurmuşam. Ömrüm boyu heç vaxt vəzifə davası döyməmişəm, status istəməmişəm. Sovet dövründə mənə Moskvada dörd dəfə yüksək vəzifə təklif etdilər, imtina etdim. Müstəqil Azərbaycanda da mənə müxtəlif vəzifələr, imtiyazlar təklif olundu, nazir, deputat olmaq imkanım var idi, istəmədim. Hətta prezidentlik təklif etdilər, yenə rədd etdim. Çünki mən yaxşı bilirəm ki, vəzifə sahibi olan şəxs mütləq cəbr və zor tətbiq etməlidir. Mənsə zorakılığın tamamilə əleyhinəyəm. Mən nə sərvət şəhvəti ilə qovrulan, nə şöhrət axtaran, nə də vəzifə güdən insanlardan olmuşam. Əsla. Bu həyatda mənim sadəcə bəxtim gətirib, rəhmətlik həyat yoldaşım çox gözəl, aza qane olan və ülvi bir insan idi. Bəxtim gətirib ki, oğullarım da heç vaxt sərvət tamahkarı olmayıblar, təvazökar böyüyüblər və həmişə azla dolanmağı bacarıblar. Ətrafımdakı, əlaqə saxladığım sevimli dostlarım, yoldaşlarım və həmdəmlərim də hamısı çox sadə insanlardır. Ona görə də bu gün yaşadığım müstəqil və dürüst həyat tərzi mənə tamamilə kifayətdir.
“Doqquz milyon xalq kasıb və cahil qalmalıdır ki, onları idarə etmək asan olsun“
– Sizcə, bugünkü Azərbaycan iqtidarı ölkəni hansı istiqamətə aparır? Hakimiyyətin ən ciddi uğuru və ən böyük səhvi nədir?
– Azərbaycan iqtidarının əsas məqsədi hakimiyyəti əlində saxlamaqda görür. Hakimiyyəti nə qədər çox əllərində saxlayırlarsa, bir o qədər də sərvət qazanırlar. Azərbaycan xalqının var-dövlətini mənimsəyirlər. Bu, onların əsas məqsədidir. Vaxtilə Qarabağ münaqişənin uzanması, onların hakimiyyətdə qalmasının bir resursu, rəhni idi. Amma müəyyən bir mərhələdə bəlli oldu ki, hakimiyyətdaxili mübarizədə mövcud rəhbərliyə, yəni İlham Əliyevə qarşı Qarabağ kartından bir siyasi silah kimi istifadə edirlər.
O, da ağılllı, savadlı adamdır. Gördü ki, nə qədər ki, Qarabağ münaqişəsi həll edilməyib, onun devrilmək ehtimalı yüksəkdir. Ona görə də dövlətin imkanlarını səfərbər etdi və Qarabağı Azərbaycana qaytardı. Buna görə ona eşq olsun. Azərbaycan xalqının torpağını xalq qaytardı. Qarabağ qayıdandan sonra indi yenə, əvvəla, Qarabağ münaqişəsinin hüquqi həllini ləngidir. Çünki bu yenə hakimiyyət resursudur, hakimiyyət imkanıdır, fürsətidir. O biri tərəfdən, Azərbaycan xalqının kasıb və cahil qalmasında maraqlıdır. Çünki kasıb, cahil xalqı idarə etmək asandır. Azərbaycan xalqının on milyondursa, bir milyonu hədsiz varlı yaşayır, ərəb şeyxləri kimi yaşayır, əmirlər kimi yaşayır. Azərbaycan xalqının pullarını özləri üçün xərcləyirlər. Amma doqquz milyonu kasıb yaşayır. Həmin doqquz milyon kasıb və cahil qalmalıdır ki, onları idarə etmək asan olsun. Məhz kasıblıq ucbatından ailələr dağılır. Demoqrafik göstəricilər aşağı düşür. Ölüm həddi, doğum həddini üstələyir. Bütün güc strukturları – Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Nazirliyi, məhkəmə, prokurorluq- bunlar hamısı xalqı əzməyə xidmət edən qurumlardır. Qanun aliliyi, xalqın rifahı – belə şeylər yada düşən deyil. Hakim zümrəni elə “sayseçmə kadrlar”la doldurublar ki, onları yalnız öz şəxsi karyeraları, öz şəxsi sərvətləri maraqlandırır. Öz mövqelərini qorumaq üçün İlham Əliyevə sədaqət nümayiş etdirmək isə onların yeganə amalıdır. Bu baxımdan, Azərbaycanda çox sabit bir quruluş yaranıb. Məmurlar xalqa yox, Prezidentə, özlərinə və ciblərinə xidmət edirlər. Xalqın siyasi savadsızlığı, cəhaləti isə bu quruluşun ayaqda qalmasına imkan verir. Ona görə də Azərbaycanda inkişaf yoxdur, dövlətin bütün qurumları səmərəsiz fəaliyyət göstərir. Amma xalqa bu, xoş gəlir. Əsas məsələ odur ki, ölkədə bu qüsurlu sistemə qarşı səmərəli siyasi iradə nümayiş etdirən və mübarizə aparan alternativ bir qüvvə yoxdur. Buna görə də gənclərin əksəriyyəti başını götürüb ölkədən çıxıb getmək haqqında düşünür. Onlar Azərbaycanda özləri üçün gələcək görmürlər. Bu, çox təəssüf doğuran acı bir həqiqətdir. Bunu desən də, deməsən də, qanan yoxdur. Amma hər halda demək lazımdır, heç olmasa, vicdan rahatlığı naminə bunu dilə gətirmək lazımdır. Mən isə elə bu işlə məşğulam, fürsət düşdükcə deyirəm, kitablarımda yazıram. Kitabımı 500 nüsxə çap ediblər, cəmi 300 nüsxəsi satılıb. Vaxtilə Mirzə Cəlil də həqiqəti deyəndə ona deyirdilər ki, zəmanə dəyişib, sən düz demirsən. Sağlığında Mirzə Ələkbər Sabiri də bəyənən yox idi. Kişi ömrünün sonuna kimi bircə dənə də olsun çap olunmuş kitabını görmədi.
– Müxalifət və vətəndaş cəmiyyəti haqqında da tez-tez tənqidi fikirlər səsləndirirsiniz. Sizcə, bu düşərgələrin əsas problemi nədir? Cəmiyyətlə əlaqələri niyə zəifləyib?
– Vətəndaş cəmiyyəti bu cəmiyyətin bir parçasıdır. Cəmiyyət xəstədirsə, vətəndaş cəmiyyəti də xəstə olmalıdır. Bundan əlavə, hakimiyyət dövlətin bütün basqı və təzyiq alətlərindən istifadə edərək demokratik cəmiyyətə qarşı açıq müharibə aparır. Təbii ki, bu qeyri-bərabər döyüşdə vətəndaş cəmiyyəti sıxışdırılır və geri çəkilməyə məcbur olur. Vaxtilə bu sahənin çox parlaq, fədakar nümayəndələri var idi, lakin onlar artıq yaşlanıblar. Yeni nəsil isə köhnələr qədər cəsarətli mübarizə apara bilmir. Həmçinin hakimiyyət vətəndaş cəmiyyətinin bütün maliyyə qaynaqlarını tamamilə kəsib. Xaricdən alınan qanuni qrantları guya ölkədə dövlət çevrilişi etmək üçün ayrılan vəsaitlər kimi qələmə verir. Əlbəttə, bu açıq bir böhtandır, yalandır, amma reallıq budur. Maliyyə mənbələrindən məhrum olan vətəndaş cəmiyyətinin əqidəli, məsləyi möhkəm insanları da indi məcburiyyətdən yalnız öz məişət qayğıları ilə məşğul olurlar. Çünki normal dolanışıq olmadan hər hansı bir siyasi və ya ictimai fəaliyyətlə məşğul olmağa fiziki imkan yoxdur. Bu, Azərbaycan hakimiyyətinin öz xalqı, siyasi elitası və vətəndaş cəmiyyəti üzərindəki “parlaq” qələbəsidir.
– Uzun ictimai-siyasi həyat yaşamış biri kimi, bugünkü gənclərə nəyi tövsiyə edərdiniz? Sizin nəslin səhvlərindən hansı dərslər çıxarılmalıdır?
– Tarixə olduğu kimi baxsınlar. Hadisələri nağıl kimi, yalan kimi yox, siyasi prosesləri gerçəkdə olduğu kimi öyrənsinlər. Məsələn, bizdə 70 il boyunca Oktyabr inqilabının tarixini xalqa yalan bir şəkildə təbliğ və təlqin etdilər. Nəticə nə oldu? Həmin Oktyabr inqilabının yaratdığı sosialist dövləti dağıldı. Sonra AXC-nin tarixini yalandan yazmağa başladılar. Amma bir il sonra AXC-nin hakimiyyəti çökdü, getdi və Heydər Əliyev qayıtdı. Gənclər açıq informasiya məkanından istifadə edərək həqiqətləri özləri axtarıb tapsınlar, real mənzərəni görsünlər. Müasir dünyanın əsl simasını, mahiyyətini düzgün anlasınlar. O “demokratik” adlandırılan Qərb əslində imperialist dövlətlərin birliyidir, onlar öz mənfəətləri naminə bütöv bir dünyanı çapıb talayır, bu minvalla varlanırlar. Bəli, orada demokratiya var, amma onun da həqiqi mənasını düzgün dərk etmək lazımdır. Gənclərə tövsiyə edərdim ki, uydurulmuş əsatirlərə uymasınlar. İslam peyğəmbərinə aid edilən məşhur kəlamda da deyildiyi kimi, beşikdən qəbrə qədər elm öyrənmək, oxumaq lazımdır. “Quran”ın da fəlsəfəsi və ilk əmri məhz budur. Bütün insanlara, xüsusən də gənclərə məsləhət görərdim ki, durmadan oxusunlar, savadlarını artırsınlar və hər şeyi təhlil süzgəcindən keçirsinlər.
– Ömrünüzün bu mərhələsində özünüzü daha çox nəyə həsr etmək istəyirsiniz? Şəxsi arzunuz, həyata keçməsini görmək istədiyiniz ən böyük arzu nədir?
– Şəxsi arzum budur ki, xalqım cəhalət yuxusundan oyansın, vətənin, cəmiyyətin taleyinə maraq göstərsin, mədəni və dinc siyasi mübarizə aparmağı öyrənsin. Xatırlayıram, 1989-cu ildə biz AXC-nin təşəbbüs qrupu olaraq, SSRİ rəhbərliyinin respublikaların suverenliyini məhdudlaşdıran mürtəce konstitusiya dəyişikliklərinə qarşı hüquqi kampaniya başlatmışdıq. Zavodlarda, müəssisələrdə əmək kollektivlərinin rəsmi etiraz müraciətlərini təşkil edirdik. O zaman Bərdənin taksi parkından bir nəfər Ali Sovetin qəbul otağına əmək kollektivinin imzaladığı müraciəti gətirmişdi. Sənəddə müəssisə rəhbərliyinin, partiya təşkilatının, Həmkarlar İttifaqının və bütün kollektivin rəsmi imzası və möhürü vardı. Soruşduq ki, sən kimsən, adın nədir? Cavab verdi ki, Namiq Quliyev, taksi sürücüsüyəm. Həmin an sevincdən əllərimi göyə qaldırdım və şükür etdim ki, ilahi, demək mənim xalqım da oyana, öz hüququnu dinc yolla tələb edə bilərmiş.
Mən bilirəm ki, həyatımın qürub çağındayam, bu gün varam, sabah yoxam. Bu səbəbdən də xalqımın savadlanmasından başqa heç bir təmənnam yoxdur. İkinci böyük arzum odur ki, iki oğlum, dörd nəvəm və 10-15 nəfərdən ibarət o sadiq dost çevrəm sağ-salamat yaşasınlar. Sərvət şəhvəti ilə qovrulan, şöhrət axtaran insan deyiləm, mənə başqa heç nə lazım deyil.