Yoxsulluq: Almaniyada 16,6, Azərbaycanda 5.9 faiz?

Azərbaycanda yoxsulluq. Foto: Horst-Koenemund/shutterstock

Ekspert: Azərbaycanda yoxsulluq 3-cü dünya ölkələri səviyyəsindədir”

Almaniyada yoxsulluq səviyyəsi 1990-cı ildə bu ölkənin yenidən birləşməsindən bəri ən yüksək səviyyəyə çatıb.

Ən son açıqlanan məlumata görə, ölkədə yoxsulların nisbəti 2021-ci ildə 16,6 faizə yüksəlib.

Almaniyada bərabərsizliklə mübarizə aparan “Paritaetische Wohlfahrtsverband”ın (Birgə Rifah Dərnəyi) “Yoxsulluq Hesabatı”nda yoxsulluq səviyyəsinin 2020-ci ildə 16,2 faiz olduğu bildirilib.

“Almaniya daha əvvəl heç bu qədər yüksək yoxsulluq səviyyəsinə enməmişdi”, – deyə hesabatda qeyd olunur.
Hesabatda təxminən 83 milyon əhalisi olan Almaniyada yoxsulların sayının 2020-ci ilə nisbətən təxminən 300 min artdığı və 2021-ci ildə 13,8 milyona çatdığı bildirilir.

Hesabatda yoxsulluğun səviyyəsinin 2006-cı ildən artmaqda olduğu, 2006-2021-ci illər arasında ölkədə yoxsulların nisbətinin 14 faizdən 16,6 faizə yüksəldiyi bildirilib.

Yoxsulluğun səviyyəsi necə müəyyən edilir?

Digər inkişaf etmiş ölkələrdə olduğu kimi Almaniyada da orta gəlirin 60 faizini qazanmaq yoxsulluq həddi olaraq müəyyən edilib.

Bundan az qazananlar son dərəcə kasıb sayılır. Bu səviyyə insanların ailə vəziyyəti və uşaqların sayı kimi amillərə görə dəyişə bilər.

“Epidemiya yoxsulluğun artım tendensiyasını artırıb”

Assosiasiyanın prezidenti Ulrix Şnayderin açıqladığı hesabatda uşaqların, gənclərin və müstəqil fəaliyyət göstərənlərin vəziyyətinin pisləşdiyi diqqətə çatdırılıb.

Hesabatda uşaq və gənclər üçün yoxsulluq nisbətinin 20,8 faizlə rekord həddə çatdığı, bu nisbətin yaşlılar arasında isə 17,4 faiz olduğu qeyd edilir.

COVID-19 epidemiyasının son iki ilində xüsusilə öz-özünə məşğulluqda çalışanların yoxsulluq həddinin altına düşdüyünə diqqət çəkən hesabatda müstəqil işləyənlər arasında yoxsulluq nisbətinin yüzdə 9 olduğu bildirilir. Bu, 2019-cu ildən bu yana 13,1 faiz artım deməkdir.

Hesabatda müqaviləli işçilər üçün bu nisbətin eyni dövrdə 7,9 faizdən 8,4 faizə yüksəldiyi göstərilib ki, bunun səbəblərindən biri də epidemiya dövründə qısamüddətli iş rejiminin tətbiqi, işləyənlərin maaşlarının azalmasıdır.

Epidemiya zamanı onsuz da az maaş alan “part-time” işçilərin sayı da artıb.

“Paritaetische Wohlfahrtsverband Schneider” ölkədə yoxsulluq nisbətinin artmasında təkcə müqaviləli və ya müstəqil işləyən işçilərin məsuliyyət daşımadığını bidirib.

Qeyd edib ki, Almaniyada yoxsulluq epidemiya dövründə olduğu qədər sürətlə yayılmayıb:

“Bu artım misilsizdir. Epidemiya bir vaxtlar Almaniyada mövcud olan və azalan yoxsulluq tendensiyasını yenidən artırıb”.

“Almaniya heç vaxt bu qədər bölünməmişdi”

Əyalətlər arasında yoxsulluq nisbətlərində fərqlər olduğunu açıqlayan “Schneider” ən aşağı nisbətin (12,6 faiz) Bavariya əyalətində, ən yüksək nisbətin isə (28 faiz) Bremen əyalətində olduğunu açıqlayıb.

Yoxsulluq səviyyəsinin ölkənin qərb əyalətlərində 16,3, şərq əyalətlərində isə 17,9 faiz olduğuna diqqət çəkən Şnayder isə qeyd edib ki, epidemiya illərində yoxsulluq sürətlə artıb:

“Almaniya birləşəndən sonra heç vaxt bu qədər yoxsulluq olmamışdı. Məncə, ümumiyyətlə, Almaniya heç vaxt bu qədər bölünməmişdi”.

2021-ci ilin payızından etibarən yaşayış xərclərinin artması ilə yoxsulluğun dərinləşdiyini vurğulayan Şnayder dövlətin verdiyi yardımların yoxsulluqdan qorumadığını da söyləyib.

Azərbaycanda yoxsulluğun səviyyəsi necədir?

Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 5.9 faizi yoxsuldur.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 10 milyon 156 min nəfərdir.

Bu da həmin sayın 600 min nəfərinin yoxsul olduğu anlamına gəlir.

Rəqəm 2020-ci illə müqayisədə aşağıdır.

2019-cu ildə ölkədə yoxsulluq göstəricisi 4.8 faiz olub.

Pandemiya məhdudiyyətlərinin yayıldığı 2020-ci ildə yoxsul sayı təxminən 30 faiz artaraq 6.2 faizə yüksəlib.

Həmin göstərici 2011-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək yoxsulluq göstəricisidir.

Hökumət bildirib ki, 2000-ci illərin əvvəllərindən bu yana yoxsul sayı kəskin azalıb. Məsələn, 2001-ci ildə ölkə üçün yoxsulluq səviyyəsinin 49 faiz olduğu açıqlanmışdı.

Lakin müstəqil ekspertlər, iqtisadçılar bu fikirlə razı deyil. Onlar hökumətin açıqladığı rəqəmləri doğru hesab etmirlər.

Yoxsulluq necə hesablanır?

Azərbaycanda yoxsulluq səviyyəsi yaşayış minimumu ilə hesablanır. Gəlir yaşayış minimumundan aşağıdırsa, həmin şəxs yoxsul hesab edilir.

2021-ci ildə yoxsulluq həddi 204 manat 70 qəpik müəyyən edilib. Aylıq gəliri 204 manat 70 qəpikdən az olan şəxslər yoxsul sayılır.

Dünya Bankı da 2019-cu ildə yaydığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox – 24 faiz olduğunu bildirmişdi.

Hesabata görə, Bakıda yoxsulluq göstəricisi 16, digər bölgələrdə ortalama 20-30 faiz arasında dəyişir.

Hesablama doğru aparılıb?

İqtisadçı Rövşən Ağayev deyir ki, Azərbaycanda vətəndaşların yoxsul hesab edilmələri üçün rəsmi təsdiqlənən minimum yaşayış normalarının 3-cü dünya ölkələri səviyyəsində olduğu məsələsi barədə müxtəlif ekspertlər dəfələrlə rəy bildirib. Amma bu məsələdə problem təkcə, yoxsullar üçün nəzərdə tutulmuş istehlak səbətlərinin bizim hökumət tərəfindən daha da “yoxsullaşdırması” ilə bitmir:

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Nə səbəbdənsə yaşayış minimumunun dəyəri ümumi təsdiqlənir. Halbuki o, 3 səbətdən (ərzaq, xidmət və qeyri-ərzaq səbətləri) formalaşır. Qanunla bu səbətlərin hər birinin dəyərinin ayrıca təsdiqlənməsi vacibdir. Çünki ərzaq səbətinin dəyəri həm də aclıq həddini müəyyən etmək üçün istifadə edilir”.

Xərc borcu ödəmir?

İqtisadçı bildirir ki, rəsmi məlumat olmadığı üçün özü kobud bir hesablama aparıb: rəsmi statistika pərakəndə əmtəə şəbəkəsində ev təsərrüfatlarının alışlarının təxminən 60 faizinin ərzağa xərcləndiyini bildirir. Bu rəqəmdən çıxış edilsə, hazırda qüvvədə olan yaşayış minimumunun dəyərinin 126 manatının ərzaq səbətinə aid olduğunu demək olar:

“Xidmət normativləri və onların tarifləri rəsmi təsdiqləndiyi üçün bu səbəti də hesablamaq olar. Məsələn, 1 nəfər üçün elektrik enerjisinin istehlakı 50 kv/saat və ya orta tarif 9 qəpiklə 4,5 manat, təbii qaz istehlakı 21 kub və ya orta tarif 17 qəpiklə 3.6 manat), su istehlakı 10 kub və ya 1 manat tariflə 10 manat, istilik enerjisi hər 12 kv/metr mənzil sahəsi üçün 1,8 manat, ictimai nəqliyyat hər ay orta hesabla 50 gediş olmaqla 0.3 manat tariflə 15 manat, rabitə xidmətləri ailədə adambaşına ayda 1 manat təşkil edir”.

Rövşən Ağayevin sözlərinə görə, hökumətin təsdiqlədiyi qərarla digər xidmətlər (təhsil, səhiyyə və s.) üçün də yuxarıdakı xidmətlərin 15 faizi götürülməlidir, yəni təxminən 5 manat:

“Nəticə etibarilə hökumətin normativlərinə görə, ən yoxsul vətəndaş üçün xidmət səbətinin aylıq dəyərinin təxminən 40 manat olduğu görünür. Xidmət və ərzaq səbətinin dəyəri 166 manatdırsa, deməli, yerdə qalan bütün zəruri qeyri-ərzaq malları üçün ayda 44 manat qalır”.

İqtisadçı deyir ki, 126 manat ərzaq səbətinin dəyəri o deməkdir ki, yoxsulluq həddində yaşayan bir nəfərin gündəlik qida rasionu təxminən 4.1 manat təşkil etməlidir.

Onun sözlərinə görə, hər kəs hazırkı qiymətlərlə 4.1 manata hansı qidalardan nə qədər istehlak edə biləcəyini bazar qiymətləri əsasında rahatlıqla hesablamaq olar.

Ana səhifəSosialYoxsulluq: Almaniyada 16,6, Azərbaycanda 5.9 faiz?