Müdafiə Nazirliyində 160 milyonluq mənimsəmə işi üzrə məhkum edilən polkovnik azadlığa buraxılıb

İllüstrasiya: Meydan TV

Müdafiə Nazirliyində milyonlarla manatlıq mənimsəmə işi üzrə məhkum edilmiş keçmiş idarə rəisi, polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkəmə Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə qərar verib. O, qərardan dərhal sonra saxlanıldığı cəzaçəkmə müəssisəsini tərk edib.

Məhkəmə qərarını Şirvanovun cəzasının dörddəüç hissəsindən çoxunu çəkməsi və islah olunması ilə əsaslandırıb.

Mahir Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin keçmiş rəisidir. O, nazirlikdə böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan istintaq çərçivəsində 2022-ci ilin əvvəlində həbs olunub.

Polkovnikin vaxtından əvvəl azadlığa çıxmaq üçün əvvəlki müraciəti isə təmin edilməmişdi. 2026-cı ilin əvvəlində onun cəzasının 1 il 2 ayının qaldığı bildirilirdi. Həmin vaxt məhkəmə Şirvanovun azadlığa buraxılması barədə müraciəti rədd etmişdi.

Prokurorluq 12 il həbs istəmişdi

Mahir Şirvanovun işi üzrə məhkəmə prosesi zamanı dövlət ittihamçısı onun 12 il azadlıqdan məhrum edilməsini tələb edib.

Lakin Bakı Hərbi Məhkəməsi 2024-cü il sentyabrın 9-da polkovniki 3 il müddətinə azadlıqdan məhrum edib.

Baş Prokurorluq hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Qurumun 2024-cü il sentyabrın 25-də yaydığı açıqlamada bildirilib ki, təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulan həddən aşağı cəza təyin edilib.

Hökmdən verilən şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi 2024-cü il dekabrın 5-də Mahir Şirvanovun cəzasını 3 ildən 6 ilə qaldırıb.

Bundan sonra polkovnikin müdafiəçiləri kassasiya şikayəti veriblər.

2025-ci il mayın 14-də Ali Məhkəmə hakim Nazim Mövsümovun sədrliyi ilə işə baxaraq kassasiya şikayətini qismən təmin edib. Şirvanovun cəzası bir il azaldılaraq 5 il müəyyən olunub. İndi də o, cəzasının qalan hissəsini çəkmədən azadlığa çıxıb.

Müdafiə Nazirliyində milyonlarla manatlıq mənimsəmə işi

Mahir Şirvanov Müdafiə Nazirliyində dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı cinayət işi üzrə həbs edilən yüksəkvəzifəli hərbçilərdən biri olub.

2022-ci ilin əvvəlində başlanan istintaq zamanı nazirliyin müxtəlif strukturlarında maliyyə və təsərrüfat əməliyyatları ilə bağlı qanun pozuntularının aşkarlandığı bildirilib.

İstintaq çərçivəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramov və başqa vəzifəli şəxslər də cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin işlərinə ayrı-ayrı məhkəmə icraatlarında baxılıb.

Mediada bu cinayət işi 160 milyon manatlıq mənimsəmə işi kimi təqdim edilsə də, məhkəmə prosesləri barədə yayılan məlumatlarda dövlətə vurulan ümumi ziyanın 143 milyon manat olduğu bildirilir. İstintaq dövründə bu məbləğin təxminən 40 milyon manatı geri qaytarılıb.

2025-ci ildə yayılan məlumatlara görə, istintaq dövründə həmin məbləğin təxminən 40 milyon manatı geri qaytarılıb. Təqsirləndirilən şəxslərin bəzi əmlaklarının müsadirəsi ilə bağlı da qərarlar verilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Müdafiə Nazirliyində 160 milyonluq mənimsəmə işi üzrə məhkum edilən polkovnik azadlığa buraxılıb