Beynəlxalq təşkilat: Hicaba görə şagirdlərin məktəbə buraxılmaması ayrı-seçkilikdir

Hicaba azadlıq – İllüstrasiya: Chatgpt

Təşkilat Azərbaycan hakimiyyətini hicabla bağlı məhdudiyyətləri aradan qaldırmağa və dinc etirazlara görə həbs olunanları azad etməyə çağırıb.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasını ayrı-seçkilik kimi qiymətləndirib.

Təşkilat oktyabrın 16-da yaydığı bəyanatda Azərbaycan hakimiyyətini məhdudiyyətləri ləğv etməyə, şagird və müəllimlərin təhsil müəssisələrinə sərbəst girişini təmin etməyə çağırıb.

Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, qızların hicab taxdıqları üçün dərslərdən kənarlaşdırılması onların təhsil, din və ifadə azadlığı hüquqlarını pozur.

Onun sözlərinə görə, dövlət məktəblərində təhsilin dünyəvi xarakter daşıması dini geyimlərə ümumi qadağa qoyulmasına haqq qazandırmır.

Təşkilat Azərbaycanda hicab məhdudiyyətlərinə etiraz edən şəxslərin kütləvi saxlanılmasından da narahatlığını ifadə edib.

Strazers bildirib ki, dinc etirazçıların saxlanılması, övladının məktəbə buraxılmasına etiraz edən ananın həbsi və şagirdlərə yardım etmək istəyən fəalın yoxa çıxması Azərbaycanda ifadə azadlığına qarşı təzyiqlərin davam etdiyini göstərir.

Amnesty International hakimiyyətdən yalnız hüquqlarını dinc şəkildə həyata keçirdiklərinə görə saxlanılan şəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib.

Təşkilat xatırladıb ki, oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu qərar ölkənin müxtəlif bölgələrində etirazlara səbəb olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 12-də təkcə Bakıda 37 nəfər saxlanılıb. Fəallar isə ölkə üzrə saxlanılanların sayının 200-dən çox olduğunu bildiriblər.

Saxlanılanların əksəriyyətinin sonradan sərbəst buraxıldığı qeyd olunsa da, hazırda neçə nəfərin həbsdə qaldığı məlum deyil.

Amnesty International bəyanatında hicabla bağlı paylaşımına görə 25 sutka inzibati həbs cəzası alan Qüdrət Abdullayevin və məktəb divarına “Hicaba azadlıq!” yazdığı üçün 30 sutka həbs olunan Rafael Hüseynzadənin işlərinə də toxunub.

Təşkilat, həmçinin övladının hicabla məktəbə buraxılmasına etiraz edən Şahizə Hüseynovanın saxlanılmasını və hicablı şagirdlər üçün pulsuz onlayn dərs təşəbbüsü yaradan İlkin Hüseynovun yoxa çıxması barədə məlumatları narahatlıqla qarşılayıb.

Meydan TV-nin oktyabrın 16-da yaydığı məlumata görə, “Leylini qoy məktəbə getsin” təşəbbüsünün müəllifi İlkin Hüseynovun 30 sutka inzibati həbs olunduğu bildirilir. Bu məlumatı onun yaxınları yayıblar. Lakin həbs qərarının təfərrüatları barədə rəsmi açıqlama əldə olunmayıb.

Amnesty International Azərbaycan hakimiyyətini dinc toplaşmaq, təhsil və din azadlığı hüquqlarına hörmət etməyə çağırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Beynəlxalq təşkilat: Hicaba görə şagirdlərin məktəbə buraxılmaması ayrı-seçkilikdir