Yazıçı, yoxsa yazdığı

Özünə hörmət edən adam, gərək, AYB-dən çıxsın…

Source:


Cəmiyyət o qədər bölünüb ki, hansısa məsələyə münasibət  bildirəndə iki düşünən tərəf olur. Üçüncülər də “ hər şey ağ-qaradan ibarət deyil” deyib, lağlağı hədəfi olanları təşkil edir.  Əlbəttə, bəzi şeylərdə hər şey məhz ağ-qaradır. Amma elə məsələlər var ki, qurunun  oduna yaşın yanması həddən artıq ədalətsizlik olur.

Məncə bu məsələlərdən biri yaradıcı adamın yaratdıqları ilə şəxsiyyətinə verilən  qiymət məsələsidir. Bir qism iddia edir ki, mənəvi keyfiyyətləri  aşağı olan adam nə qədər istedadlı olsa da, yaradıcılıq məhsulu nə qədər yüksək  dəyərlər təbliğ etsə də, məhz şəxsiyyətindəki problemlərə  görə onun əsərlərini də rədd etmək lazımdır. Digər tərəf isə əsərdən zövq almağı, faydalanmağı yaradıcının şəxsiyyətinə qarışdırmamağı üstün tutur. Düzdür, 3-cü qrup da var ki, yaxşı əsər yaradan əclaflara hörmət edirlər. Bunlar haqqında danışmayacam, çünki onlar özləri də əclafdırlar. Mən ikincilərdənəm. Düzü, birinci mövqedə də haqlı yönlər olsa da, bu mövqe mənə nasistlərin kitabları yandırmasını xatırladır.

Düzdür, bu, biraz ədalətsiz yanaşma oldu. Çünki  nasistlər öz axmaq rasist ideyalarına müvafiq gəlməyən əsərləri rədd edirdilər, 1-ci mövqenin tərəfdarları isə bəşəri dəyərləri əsas tuturlar. Amma bu da əsəri müəllifdən ayırmağın zəruri olması kimi, kütlə düşüncəsindən azad düsünə bilən bir çox adamın əsas götürdüyü mövqeyə uyğun gəlmir. Müəllifi əsərdən ayırmamaq daha çox naminalizmə  uyğun gəlir. Necəliyindən, nələri təbliğ etməsindən  asılı olmayaraq yalnız müəllifinin  əclaf olduğuna görə, əsərləri rədd etmək adlandırmanın qulu olmaq deməkdir. Bütün əsərlərə bir ad- müəllifin adı qoyulur.

Bəs yaxşı olmazmı ki, əsərdən həzz alaq, fayda götürək, müəllifin də qiymətini ictimai rəylə verək?! Məsələn, Norveçdə Knut Hamsunun heykəli, adına küçə- filan yoxdur, amma əsərləri çap olunur, oxunur, yayılır. Hamsun Nasistlərə rəğbət bəsləyirdi, əsərlər həsr edirdi, ona görə də norveçlilər onu anti-bəşəri ideologiyasına, mövqeyinə, xalqına xəyanətinə görə adam yerinə qoymurlar. Amma eyni zamanda “Aclıq”dan, “Torpağın bərəkəti”ndən nələrsə öyrənir, oxuyanda zövq alırlar. Yaxud biz indi bilmirik ki, Da Vinci necə adam olub. Amma “Mona Liza” dan həzz alırıq.

1-ci mövqenin tərəfdarları deyə bilərlər ri, ədəbiyyat daha fərqli bir şeydir. Məncə incəsənətin digər sahələrində hisslər ifadə  olunur, əgər rəsm əsəri və heykəl bizdə xoş hislər yaradırsa, təəssüf, bu, o demək deyil ki, müəllif humanist olub. Digər misal göstərim: ABŞ-ın atalar- banilər adlandırdığı insanların quldar,  yaxud kəniz zorlayan- filan  olub bəziləri, Amma bu, onların yaratdığı məhsulun bəşəriliyinə xələl gətirmir. Uşaq vaxtı S.Rüstəmin “Duz- çörək’ şeiri çox xoşuma gəlmişdi. Atamla bu barədə danışanda, atam dedi ki, “bilsən,o S.Rüstəm nə adam olub, heç o şeiri oxumazsan”.  Amma indi mən S.Rüstəm də tanıyıram, o şeiri də hələ də bəyənirəm. Bir sözlə, bizim Homerin, Nizaminin, Şekspirin necə adam olmasını bilmə imkanımız olmadığı halda onların, əsərlərini sevə bilirik. Sabah məlum olsa ki, Nizami mitinqçiləri döyən polis olub, məncə biz yalnız onun şəxsiyyətinə qarşı ictimai qınaq yaratmalıyıq, “Xəmsəyə” qarşı yox.

P.S. Bütün bunların AYB-ə o qədər də dəxli yoxdur. Çünki o qurum repressiv, işverən qurum kimi yaradılıb, indi də buna sadiqdir. Həmçinin AYB-nin üzvlərinin yaradıcılıqları uzaqbaşı Biləcərini keçib. Dünya səviyyəsində onlar luzerdilər. Bu onların yaradıcılığının 5 qəpiyə dəymədiyini göstərir. Qaldı ki, onların şəxsiyyətinə -qısa desəm, özünə hörmət edən adam, gərək, o təşkilatın üzvlüyündən çıxsın. Bəlkə, kimlərsə qalıb hələ; qalıbsa, təəssüf. AYB barədə mübahisəyə dəyməz, adları üstündədir-1937-nin “qəhrəmanları”…

Ana səhifəMənim FikrimcəYazıçı, yoxsa yazdığı