Rusiyanın Zelenskini axtarışa verdiyi bildirilir

V.Zelenski. Foto: Meydan TV

Ukrayna Prezidentinin hansı cinayət işinə görə axtarışa verildiyi açıqlanmır

Rusiya Daxili İşlər Nazirliyinin Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verdiyi bildirilir.

Bu barədə məlumatı “RİA Novosti” departamentin məlumat bazasına istinadən yayıb.

Bildirilir ki, Ukrayna Prezidentinin hansı cinayət işinə görə axtarışa verildiyi açıqlanmır. Həmçinin onun nə zamandan axtarışda olduğu da məlum deyil.

2023-cü ilin dekabrında Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib.

Daha öncə Rusiya İstintaq Komitəsi Kirill Budanov da daxil olmaqla, Ukraynanın dörd yüksək rütbəli hərbçisinə qarşı qiyabi terror hücumları törətmək ittihamı irəli sürüb.

Komitə onların Rusiya hədəflərinə pilotsuz təyyarələrin hücumunda iştirak etdiyini hesab edir.

Budanov həmçinin Rusiyada terror birliyi yaratmaqda, bir qrup şəxs tərəfindən terror aktı törətməkdə, silah və partlayıcı maddələr saxlamaqda ittiham olunub.

Bu ittihamlarla Kirill Budanov 2023-cü ilin aprelində qiyabi həbs edilib.

Ana səhifəDünyaRusiyanın Zelenskini axtarışa verdiyi bildirilir