“Yarım milyard manatdan çox pul ayrılıb, ancaq hələ də qəzalı evdə yaşayırıq”

Foto: Meydan TV

Qaxın Zərnə kənd sakini zəlzələdən yararsız vəziyyətə düşmüş evinin təmir-bərpasını tələb edir

“Yayda ilanlarla, böcəklərlə, qışda soyuqla mübarizə aparırıq. 9 ildə məmur qapıları döyməkdən əsəb xəstəliyinə tutuldum, indi də şəraitsiz, qəzalı evdə ağır xəstəliklə əlləşirəm. Bu ev təbii fəlakətdən qəzalı vəziyyətə düşüb, dövlət də evlərin bu qəzalı vəziyyətini aradan qaldırmaq üçün bildiyim qədər, yarım milyarddan çox pul ayırıb. Bəs mənim evim niyə başıma yıxılır?”

Qax rayonun Zərnə kəndində yaşayan Əsgərovların evi 2012-ci ildə baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilkin baxışda evi qəzalı tikili kimi qiymətləndiriblər. Ancaq bir müddətdən sonra kənddəki oxşar evlər bərpa olunsa da, Əsgərovların evi bu günə kimi qəzalı vəziyyətdə qalıb.

“Hər dəfə deyirlər, adınız siyahıdadır”

Evin sahibəsi Nüşabə Əsgərova deyir, ötən 9 il ərzində dəfələrlə Qax Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsə  də, faydası olmayıb:

“Hər dəfə deyirlər ki, siyahıda adınız var, deyirəm, adımızın o siyahıda olmasını özümüz də bilirik. Bəs niyə bir tədbir görmürsünüz? Deyirlər: “Gedin, yaxın vaxtlarda gəlib çarə edəcəyik”. Beləcə, 9 ildir ki, bizi yola verirlər”. 

Nüşabə Əsgərova deyir, bu qəzalı, şəraitsiz evdə müxtəlif xəstəliklər tapıb, bir neçə dəfə əməliyyat olunub, hazırda da onkoloji xəstəlikdən əziyyət çəkir. Kənddə mavi yanacağın olmaması isə onsuz da əziyyət çəkən belə ailələrin dərdini birə-beş artırır.

“Hanı evimə ayrılan pullar?”

“Ümidimiz hər yerdən kəsilib, deyirik, bəlkə problemimiz ictimailəşə, səsimiz ölkənin başçısına gedib çatar. Axı İlham Əliyev çıxışlarında deyirdi ki, zəlzələdən zərər çəkmiş bircə ev də kənarda qalmayacaq, bəs biz niyə bu günə qalmışıq? Hanı mənim evimin təmir-bərpası üçün ayrılmış pul? Evlərin tikintisinə, bərpasına dəfələrlə pullar ayrıldı, hər dəfə evimiz kənarda qaldı”, – şikayətçi deyir.

Nüşabə xanımın sözlərinə görə, hökumət iş versəydi, həyat yoldaşı işləsəydi, heç hökumətə ağız açmazdı:

Foto: Meydan TV

“Öz dərdimizə özümüz çarə edərdik. İş də yoxdur, həyat yoldaşım illərdir ki, iş tapa bilmir, tapdığı işlər də günəmuzd fəhləlikdir, qazancı gündəlik çörəyimizə zorla çatır. Yayda gecəni evdə yatmağa qorxuruq, dəfələrlə evin ortasında ilan öldürmüşük. Uşaqlar hər dəfə evdə ilan görəndə qorxudan dilləri tutulur. Qışda da yanacaqsız, soyuqdan titrəyə-titrəyə otururuq. İllərdir ki, müalicələrlə həyatda qalan adamam, şəraitim də bu… Çox çətindir, çox… Kasıb zümrəyə aidik deyə, səsimizi eşidən yoxdur”.  

Əsgərovlara məxsus təkcə ev yox, həyətdəki yardımçı tikililər, mal damı da dağılıb. İllərdir ki, heyvan saxlamağa yer olmadığına görə ailənin dolanışığı da pis vəziyyətdədir.

Yarım milyard manatdan çox vəsait ayrılmışdı

7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ziyan dəymişdi. Ölkə başçısı İlham Əliyevin göstərişləri əsasında zərərlərin aradan qaldırılması üçün üç dəfə pul ayrılıb. Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117 saylı sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Ehtiyat Fondundan 20 milyon manat, 2012-ci il dövlət büdcəsindən 300 milyon manat, Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 milyon manat, 2013-cü ilin dövlət büdcəsindən yenə 189 milyon manat, ümumilikdə 609 milyon manat ayrılıb.

Foto: Meydan TV

Meydan TV Qaxda 9 il əvvəlki məlum zəlzələdən zərər çəkmiş və yardımsız qalan vətəndaşların narazılıqlarını dəfələrlə işıqlandırıb. Hər dəfə Qax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələnin nəticələrinin aradan qaldırılmasıyla Fövqəladə Hallar Nazirliyi məşğul olub, bütün suallar həmin quruma yönləndirilməlidir. Lakin hər dəfə olduğu kimi, bu dəfə də Meydan TV müxbirinin suallarını FHN-də cavablandıran olmayıb. Qurumun rəsmi saytında 7 may 2012-ci il tarixli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı müxtəlif vaxtlarda müxtəlif statistik məlumatlar yerləşdirilsə də, yekun məlumat yoxdur. Son məlumat 2014-cü ilin yayında yerləşdirilib. Həmin məlumatda qeyd olunur ki, müvafiq komissiya tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən, 5 mindən çox ev tikilib. 7478 ailəyə bərpa işlərinin aparılması üçün ümumilikdə 370 min manata yaxın yardım ödənilib. Məlumatda sosial obyektlərin tikintisi, bərpası, təmiri ilə bağlı xərclər də əksini tapıb.

Qaxın kəndlərində isə onlarla qəzalı ev təmir-bərpa gözləyə-gözləyə qalıb.

Ana səhifəBölgə“Yarım milyard manatdan çox pul ayrılıb, ancaq hələ də qəzalı evdə yaşayırıq”