Xaricdə təhsil alanların diplomlarını təsdiqləmək üçün Azərbaycanda üzləşdiyi problemlər

Xaricdə təhsil. Foto: Kavun Halyna/shutterstock

Ekspert 250 manat rüsum tələbini doğru saymır, çünki pul geri qayıtmır…

Xaricdə təhsil alan hər bir şəxs Azərbaycana qayıtdıqda bu ölkə ərazisində ali təhsil sənədini tanıtmalı və ixtisas ekvivalentini (nostrifikasiyası) müəyyən etdirməlidir.

Azərbaycanda xarici dövlətlərin ali məktəb ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il qərarı ilə tənzimlənir.

Diplomların tanınmasına Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) nəzarət edir.

Diplomların tanınması proseduru Nazirlər Kabinetinin qərarına əsasən ödənişlidir.

Təsdiq edilmiş qərarla sənədlərin qəbulu üçün 250 manat xidmət haqqı ödənilməlidir.

Tanınma barəsində verilən şəhadətnamənin itirilməsi və ya korlanması hallarında isə əlavə 20 manat xidmət haqqı verilməlidir.

Nazirlər Kabineti
Foto: Meydan TV

Mətbuatda zaman-zaman xaricdə təhsil alanların diplomlarını Azərbaycanda təsdiqlədən zaman bir sıra maneələrlə üzləşməli olduqlarına dair məlumatlar yer alır.

Problem də adətən, qoyulan tələblərlə əlaqədardır. Xarici diplomunu təsdiqlətmək məqsədilə TKTA-nə onlayn müraciət zamanı vətəndaşdan təhsil aldığı ölkədən ali təhsil haqqında diplom, onun apostili, ali təhsil haqqında qiymət kitabçası (transkript) və onun apostili, ali təhsil haqqında diplomun və qiymət kitabçasının (transkript) Azərbaycan dilinə notarusda tərcüməsi və təsdiqi, şəxsiyyət vəsiqəsinin surəti, ümumvətəndaş (xarici) pasportun ön səhifəsinin və sərhədkeçməni bildirən bütün möhürlü səhifələrinin nüsxəsi və hərbi biletin orjinal nüsxəsi, həmçinin bəri başdan da 250 manat rüsum tələb olunmasıdır.

Vətəndaşın diplomu təsdiq edilmədiyi təqdirdə isə ödənilən 250 manat məbləğ isə geri qaytarılmır.

Agentliyin 2022-ci ilin noyabrında yaydığı hesabatda bildirilir ki, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Agentliyin məlumatına görə, Türkiyədən 140, Rusiyadan 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiyadan 13, digər ölkələrdən isə 70 müraciət olub.

Onlardan 61 nəfərə imtina cavabı verilib.

Böyük Britaniyadakı universitetlərin birindən məzun olan adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı Meydan TV-yə deyir ki, TKTA-də diplomların təqdimi ilə əlaqədar qeydiyyatdan keçən zaman xeyli bürokratik maneələrlə üzləşməli olub:

“İngiltərədə bakalavr təhsili 3, Azərbaycanda isə 4 ildir. Burada iki – adi və fərqlənmə diplomu var. İngiltərədə isə 4 cür diplom var. Həmin diplomlar tələbənin ən sonda aldığı qiymətlərin orta məxrəcinə uyğun hesablanaraq verilir. Bunu hesablayan zaman tələbənin birinci kursda aldığı qiymətlər nəzərə alınmır. Bu da tələbənin yeni mühitə düşməsi kimi amillərə hesablanıb. Tələbəyə diplom verilərkən ancaq ikinci və üçüncü kursda aldığı qiymətlər hesablanır. TKTA isə transkriptdə birinci kurs qiymətlərinin yazılmasını tələb edir”.

Mənbə: TKTA

Şikayətçi deyir ki, məhz bu məqama görə, TKTA Britaniyadan məzun olanların diplomlarını təsdiqləmir.

Agentlik bunu onunla əsaslandırır ki, birinci kursda alınan qiymətlər göstərilmədiyi üçün müraciət edən şəxsə ixtisas verə bilmirik. Halbuki xaric universitetlərdən məzun olan Azərbaycan vətəndaşları Agentliyə ixtisasla əlaqədar deyil, diplomun təsdiqi üçün müraciət edir:

“Quruma ixtisas vermək səlahiyyətinin verilməsi yanlış qərardır. Britaniyadakı universitetlərin verdiyi diplomlar dünyanın hər yerində qəbul olunursa, Azərbaycanda həmin diplomlara niyə yenidən ixtisas verilsin? Agentlik Elm və Təhsil Naziriliyin tərkibində olsa da, Nazirlər Kabinetinin qaydaları çərçivəsində fəaliyyət göstərir. Belə olan halda, qaydaları inkişaf etmiş ölkələrin təcrübəsi ilə müqayisə etdikdə bizdəki qanunun mürtəce olduğu qənaətinə gəlirsən”.

Şikayətçi deyir ki, diplom həmin ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənirsə, Azərbaycan notariusunda yenidən təsdiqlənməsi absurddur:

“Həmçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomun həqiqiliyini yoxlayırsa, hərbi bileti yoxlamaq səlahiyyətinin olması sağlam məntiqə sığmır. Digər yandan agentlik diplom təsdiqi üçün 250 manat dövlət rüsumu alır. Bir anlıq təsəvvür edin ki, iki diplom təsdiqlətdirmək istəyən şəxs 500 manat ödəməlidir. Bu zaman başqa bir məsələ ortaya çıxır. Madam, Agentlik 250 manat dövlət rüsumu alırsa, niyə diplomun həqiqiliyini özü yoxlamayıb məzun olmuş şəxsi yenidən oxuduğu ölkəyə qaytarıb diplomunun apostl edilməsini tələb edir?”

Şikayətçinin suallarına cavab almaq məqsədilə Meydan TV TKTA-nə sorğu göndərib, lakin sorğuya cavab verilməyib.

Təhsil Nazirliyi
Foto: Təhsil Nazirliyi

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Meydan TV-yə deyir ki, Şura tərəfindən TKTA-də dəfələrlə monitorinqlər aparılıb və qurumun işindən razı qalınıb.

Şikayətlərlə bağlı müraciətlər araşdırılan zaman isə əksər hallarda iddiaçıların haqsız olduğu ortaya çıxıb: “İctimai Şuraya agentliklə bağlı çoxsaylı müraciətlər olur. Hətta agentliyin rəhbəri bizə bildirib ki, əgər sizə müraciətlər daxil olsa, mütləq göndərin araşdıraq. Çünki burada insan faktoru var. Diplomun qiymətləndirməsini həyata keçirən konkret hər hansı əməkdaşdır, şəxsdir. Təbii ki, o, səhv edə bilər. Yəni istisnalar var, vətəndaşın əleyhinə verilən qərarlar sonradan dəyişdirilə bilir. Bütövlükdə isə agentliyin fəaliyyətində şəffaflığa şübhə etmirəm. Sizə müraciət edən iddiaçının haqlı və ya haqsız olduğunu araşdırandan sonra müəyyən edə bilərik”.

Elçin Süleymanov. Mənbə: “banko.az”

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, əksər inkişaf etmiş ölkələrdə xaricdə alınan diplomların təsdiqlənməsi prosesi var. Yaxşı mexanizmdir, çünki ən çox saxtakarlıq məhz elə bu istiqamətdə olur:

“Hətta elə ölkələr var ki, diplomun təsdiqi zamanı bəzi ixtisaslar üzrə əlavə imtahanlardan keçirilir. Azərbaycanda isə yalnız sənədlərə baxışla yoxlama aparılır. Bütün dünyada keyfiyyətsiz təhsil verərək, qeydiyyatdan keçmədən universitet fəaliyyəti ilə əlaqədar çox böyük biznes şəbəkəsi var. Ona görə də diplomun ölkə tərəfindən yoxlanılması qənaətbəxş hesab edilməlidir. Statistika göstərir ki, Azərbaycanda diplomun təsdiqi ilə əlaqədar müraciət edənlərin təxminən 15-20 faizinə imtina cavabı verilir. Onlar da kifayət qədər obyektiv səbəblərdən dolayıdır”.

Təhsil ekspert Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi isə diplomun təsdiqi üçün 250 manat rüsum tələbini doğru saymır.

O düşünür ki, ümumilikdə bu proses asan yolla tənzimlənməlidir:

“Xaricdə təhsil alan on minlərlə vətəndaşımız var. Vətəndaş diplomunu yoxlatdırdığı zaman artıq 250 manat dövlət rüsumu tələbinin qoyulması, fikrimcə, doğru deyil. Vətəndaş nə üçün bu pulu bəri başdan ödəməlidir? Bunun özü böyük bir sual doğurur. Vətəndaş o zaman müəyyən edilmiş rüsumu ödəyər ki, onun diplomu dövlət sənədi olaraq təsdiqləsin. Diplomların təsdiqi üçün qurumun olması vacibdir. Amma bu mexanizmi müəyyən bürokratik maneələr yaratmadan həyata keçirmək mümkündür. Proses vətəndaş incidilmədən aparılmalıdır. Haqlıdırsa, diplomu tanınmalıdır. Daha bu proses inzibati qaydada məhkəməyə qədər gedib çıxmamalıdır”.

Ana səhifəSosialXaricdə təhsil alanların diplomlarını təsdiqləmək üçün Azərbaycanda üzləşdiyi problemlər