Xaricdə təhsil alan həkimlər Səhiyyə Nazirliyi önündə toplaşdılar

Ülviyyə İsayeva bildirib ki, indiyədək dəfələrlə aidiyyatı qurumlara məktublar müraciətlər ediblər.

Source: Meydan TV
Keçmiş həkimlər işə götürülmədiklərinə görə etiraz edirlər


Onlar işsiz qaldıqlarını deyirlər

Bu gün, iyunun 14-də xarici ölkələrdə təhsil almış, ixtisasartırmadan keçmiş, hətta orada həkim işləmiş şəxslər Azərbaycan Səhiyyə Nazirliyi önündə toplaşıblar.

Onlar Azərbaycanda işə götürülmədiklərindən şikayətləniblər.

Bildiriblər ki, illərdir xaricdə oxuyub, orada imtahanlardan keçib gəliblər, indi Azərbaycanda onlardan rezidenturadan keçmək tələb olunur.

Şikayətçilərdən Ülviyyə İsayeva deyir ki, Azərbaycanda rezidentura sistemidir, ona görə klinik ordinatura ixtisasları təsdiqlənmir.

Onun sözlərinə görə, bu gün Səhiyyə Nazirliyinə müraciət etmək üçün gəliblər və ilk dəfə onları qəbul ediblər: “Söz verdilər ki, qısa zaman ərazində bizim problemlərimizin həll yolunda addımlar atacaqlar”.

Ülviyyə İsayeva bildirib ki, indiyədək dəfələrlə aidiyyatı qurumlara məktublar müraciətlər ediblər. Hər dəfəsində onlara 2011-ci ildə Azərbaycanda rezidentura sisteminə keçildiyini, bununla bağlı Nazirlər Kabinetinin qərarının olduğu söyləyiblər: “Bizə müəyyən güzəştlərin olmasını istəyirik. Müraciətimizə müsbət yanaşdılar, görək sonrası necə olacaq. Biz istəyirik ki, ya ölkəmizdə ixtisasımızın təsdiqi üçün imtahan verək, yaxud rezidentura ilə klinik ordinatura arasındakı saatların fərqi ilə yenidən öz ixtisasımız üzrə imtahana girək, sonra da işləyək. Orda bir çox məqamlar, nüanslar var. Ümid edirik ki, düzələr. Dedilər ki, qısa zaman ərzində problemimiz həll ediləcək. Biz çox razı qaldıq görüşdən. Bizi kadrlar şöbəsinin əməkdaşları qəbul etdi. Ümid edirik ki, qısa müddətdə problem həll olunacaq”.

Nazirliyin önünə toplaşanlar bildirirlər ki, kliniki ordinatura təhsili alıb Azərbaycana gələn və problemlə üzləşən yüzlərlə insan var: "Hətta bu problemə görə xarici ölkələrdə oxuyub, Azərbaycana dönmək istəməyənlər də az deyil".

“Biz gəlmişik və işsiz qalmışıq. Gözləyirik görək bu dəfə söz verdilər, nə edəcəklər. İşləmişik, stajımız da var. Sankt Peterburqda oxumuş, orada işləmişəm. Çalışırıq işləyək. Pandemiya dövründə həkimə ehtiyac var. Həkimlik elə bir ixtisasdır ki, hər il təkmilləşmək, inkişaf etmək lazımdır. Kömək etsinlər, təcrübə toplayaq. Bizə klinikalar deməsinlər ki, sizin əlinizdə sertfikat yoxdur. Desinlər, imtahan vermək lazımdır, buyrun verin sonra. Biz oxumuşuq, imtahanları keçmişik. Yenidən lazımdırsa, öz ixtisasımız üzrə imtahan verə bilərik. Buna hazırıq. Nə deyirik, cavab verirlər ki, 2011-ci ildən rezidentura sisteminə keçilib. Rezidentura bitirmək lazımdır. Belə çıxır ki, bizim iki illik əziyyətimiz, zəhmətimiz çölə atılmalıdır. Bir dəyəri yoxdur”, – şikayətçilərdən biri deyir.

Nazirliyin önünə gələnlərdən Mehparə adlı qadın isə bildirib ki, qızı və kürəkəni 8 il xaricdə oxuyublar: "Azərbaycana gəliblər, diplomları təsdiqlənməyib, ona görə hazırda xaricdə yaşayır, işləyirlər. Hazırda Rusiyanın Həştərxan şəhərindədirlər. Çox istəyərdim ki, gəlsinlər, öz vətənimizə xeyir versinlər, öz övladlarımızın sağlamlığının qayğısına qalsınlar”.

Ləman Məmmədova isə ginekologiya üzrə təhsil alıb. Rusiyada böyüyüb, orada oxuyub. 2 il öncə ailə qurub Azərbaycana gəlib, ancaq iş tapa bilmir: “Biz oxumaq, təcrübəmizi artırmaq, öz vətənimizə xidmət vermək istəyirik. Bizə imtahan verməyə, işləməyə icazə versinlər. Mən Rusiyada işləmişəm. İstədim öz ölkəmizə gələk, millətimiz üçün işləyək. Bu gün bizi qəbul etdilər. Ümid edirəm ki, bizə də fəaliyyət göstərməyə icazə verərlər”.

Ana səhifəSosialXaricdə təhsil alan həkimlər Səhiyyə Nazirliyi önündə toplaşdılar