Ermənistan azərbaycanlı çobanın sərhədi keçdiyini bildirir, Azərbaycan isə təkzib edir

Azərbaycanlı çoban – Foto: Chatgpt

Bu gün Ermənistanın 5TV telekanalı azərbaycanlı çobanın Ermənistanla dövlət sərhədini keçməsi barədə xəbər yayıb.

Məlumatda deyilir ki, sərhədi keçən şəxs hazırda Ermənistanın Tavuş vilayətində yerləşən Berd şəhərinin hərbi polis bölməsində saxlanılır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələ ilə bağlı açıqlama verib. O, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında çıxışı zamanı belə halların baş verə biləcəyini deyib və yolunu azmış çobanın ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsini tənqid edib.

“Vay o siyasi qüvvənin halına ki, ölkənin təhlükəsizliyinə təhdidin azmış çoban olduğunu düşünür. Belə hallar baş verə bilər – onların tərəfindən də çoban azıb yolu itirə bilər, bizim tərəfdən də. Sülhün bərqərar olmasından əvvəl də, sonra da belə hadisələr olur. Allaha şükür ki, hər iki tərəf bu cür hadisələrə konstruktiv yanaşır, kömək edir və həmin şəxsləri geri qaytarır”, – deyə Mirzoyan bildirib.

Nazir bu fikirləri Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Azərbaycan Dövlət Sərhəd Xidməti isə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirərək, öz xidməti ərazisində Ermənistana çobanın keçməsi ilə bağlı hər hansı hadisənin baş vermədiyini açıqlayıb.

Bundan əvvəl, oktyabrın 1-də Azərbaycan əsgəri Nəsimi Musayev Laçın istiqamətində itkin düşmüşdü, sonradan məlum olmuşdu ki, o, Ermənistan ərazisində saxlanılıb. Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində oktyabrın 2-də iki aylıq həbs qətimkan tədbiri seçilib.

Ermənistan Baş Prokurorluğu onun barəsində dövlət sərhədini qanunsuz keçmə, silah və hərbi təyinatlı əşyaların qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması və sağlamlığa ağır zərər vurulması ilə bağlı maddələr üzrə cinayət təqibinin başladıldığını bildirib.

Oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan istintaqın Ermənistanda davam edəcəyini və Nəsimi Musayevin ən azı müəyyən müddət orada qalacağını bildirib.

Ana səhifə ▸ Siyasət ▸ Ermənistan azərbaycanlı çobanın sərhədi keçdiyini bildirir, Azərbaycan isə təkzib edir