VHİ qanuna dəyişikliyi tənqid etdi: Əhalinin maddi rifahı ilə uzlaşmır

“Eləcə də 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar və 10000 manatdan 20000 manata qədər qiymətləndirilən iddialar üçün nəzərdə tutulan məbləğdə əhali üçün əlavə yük yaradır”.

Foto: Milli Məclis


Anar Bağırov: "Vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu?"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Vətəndaş Hüquqları İnstitutu (VHİ) iyunun 25-dəMilli Məclisdə müzakirəyə çıxaracaq “Dövlət rüsumu haqqında” Qanunda və Mülki Prosessual Məcəllədə dəyişikliklərə etiraz edir.

Anar Bağırov bununla bağlı Milli Məclis üzvlərinə suallar ünvanlayıb: "Vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda "açıq-aşkar və aşkar olmayan əsasssız" vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.

Vətəndaş Hüquqları İnstitutu isə hesab edir ki, hazırkı mərhələdə bu qanun layihələrində nəzərdə tutulmuş düzəlişləri ədalət mühakiməsi hüququnun təmin edilməsinə problem yaradacaq: "Düzəlişlərin müxtəsər məğzi aşağıdakı kimidir: “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan dövlət rüsumlarının miqdarı artırılır; Mülki Prosessual Məcəllənin 174-cü maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə işə baxan hakim təqdir (diskresion) səlahiyyəti əsasında açıq-aşkar əssasız vəsatət və şikayət verən yaxud işin gedişatına maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manata kimi cərimələmək səlahiyyəti əldə edəcək. Bu dəyişikliklər Azərbaycan sakinlərinin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və ölkədə yaşayan əcnəbilərin) onsuz da ağır vəziyyətdə olan məhkəmə müyəssəriliyi (məhkəməyə çatımlılıq) hüququnu pisləşdirir və məhkəmədə təmsilçilik hüququnun səmərəli həyata keçirilməsi üçün çəkindirici effekt yaradır".

Bəyanatda vurğulanıb ki, Azərbaycanda əhalinin maddi rifah vəziyyəti dövlət rüsumlarının bu qanun layihəsində nəzərdə tutulan qaydada artırılması ilə uzlaşmır: "Dövlət rüsumu məfhumu məhkəmə müyəssərliyi (çatımlılığı) hüququna qoyulan məhdudiyyətlərdən biridir və onun ağlabatan səviyyədə tətbiqi ümumavropa standartıdır. Lakin dövlət rüsumlarının dərəcələri müəyyənləşdirilərkən və onun differensiallaşdırılması həyata keçirilərkən əhalinin maddi rifah səviyyəsi nəzərə alınmalıdır. Əks halda (yəni əhalinin maddi rifah səviyyəsi nəzərə alınmadığı halda) dövlət rüsumları məhkəmə müyəssərliyi hüququnun qarşısındakı əsassız maneələrdən birinə çevriləcək. Nəzərə alsaq ki, məhkəmə müyəssərliyi ədalət mühakiməsinin başlanğıcıdır, bu halda məhkəmə müyəssərliyinin təmin olunmaması ədalət mühakiməsi hüququnun tamamilə sıradan çıxarılması yaxud da aztəminatlı və hətta orta təminatlı əhali üçün ağır yükə çevrilməsi mənasına gələcək. Praktikada olan iddiaların çoxu 1000 manatdan 20000 manata qədər olan iddialar yaxud qiymətləndirilməyən iddialardır. Qiymətləndirilməyən iddialar üçün dövlət rüsumunun miqdarı 100 manat müəyyənləşdirilməsi planlaşdırılır. 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar üçün artım o qədər əhəmiyyətli olmasa da, 10000 manatdan 20000 manata qədər olan iddialar üçün artım ağırdır (120 manat). Azərbaycanda isə ortastatistik işçilərin orta aylıq gəliri 343 manatla 707 manat arasında dəyişir. Məhkəmə işləri üçün həmçinin vəkil orderi və vəkilə etibarnamə verilməsi xərcləri daxildir (bu miqdar birinci instansiya məhkəməsi üçün 150 manat civarında olur), vəkilin də xidmət haqqı ödənilməlidir, bu halda dövlət rüsumlarının bu səviyyədə artırılması əhalinin əksəriyyətinin maddi rifahı ilə uzlaşmır".

Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

"Hökumət qiymətləndirilməyən iddialar üçün çox yuxarı məbləğ təyin edib. Eləcə də 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar və 10000 manatdan 20000 manata qədər qiymətləndirilən iddialar üçün nəzərdə tutulan məbləğdə əhali üçün əlavə yük yaradır. Qanunvericiliyə digər bir düzəliş isə tərəfin və ya onun nümayəndəsinin və ya vəkilinin 500 manata qədər cərimələnməsi riskidir. Bu cür cərimələnmə açıq-aşkar əsassız vəsatətlər və şikayətlər verildikdə yaxud işin gedişatına maneçilik yaradıldıqda hakim tərəfindən diskresion səlahiyyət əsasında təyin edilə bilər. Bu müddəanın hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət yaratdığı vurğulanmalıdır. Dəfələrlə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda hakimlər tərəfindən hüquqi müəyyənlik prinsipinin pozulması hallarını və diskresion səlahiyyətdən sui-istifadə hallarının olması müəyyən edib. Vəkillərin gəlir səviyyəsi Azərbaycanda çox yuxarı deyil. 500 manata kimi cərimələnmə riski bu baxımdan onların fəaliyyəti üçün ciddi hədələyici effekt yaradır. Hazırkı layihədə “açıq-aşkar əsassız”lığın konkret meyarları, eləcə də “işin gedişatına mane olma”nın çərçivələri müəyyən edilməyib. Bundan əlavə, məhkəmə təcrübəsində belə meyarlar və çərçivələr dəqiqləşdirilməyib. Belə halda hakimlər tərəfindən vəkillik fəaliyyətindən legitim istifadəyə görə bu müddəadan sui-istifadə halları baş verə bilər. Qeyd edək ki, əvvəllər məhkəmələr vəkillərin legitim fəaliyyətinə görə onlar barəsində Vəkillər Kollegiyasına əsassız şikayətlər veriblər. Hazırda isə bu müddəadan vəkillərin əleyhinə sui-istifadə edə bilərlər. Göstərilən halları nəzərə alaraq ya cərimənin miqdarı ağlabatan miqdarda təyin edilməli, ya da yeni dəyişiklikdə göstərilən konseptlərin (açıq-aşkar əsassızlıq və işin gedişatına mane olma) meyarları daha konkret və aydın müəyyən edilməlidir. Nəticə etibarilə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması planlaşdırılan qanun layihələri ədalət mühakiməsi hüququna, o cümlədən məhkəmə müyəssərliyi və məhkəmədə təmsilçilik hüququna ciddi maneələrdir", – deyə VHİ bəyan edib.

İnstitut qanun layihələrini əhalini maraqlandırdığı halda qabaqcadan ictimai müzakirə olunmadan Milli Məclisin plenar iclasına çıxarılmasını prosessual ədalətlilik prinsipinə zidd hesab edir: "Qanun layihələri (Dövlət rüsumu haqqında Qanun və Mülki Prosessual Məcəlləyə dəyişikliklər) Milli Məclisin plenar iclasından çıxarılmalı və ictimai müzakirə məqsədləri üçün təxirə salınmalıdır; Dövlət rüsumunun ədalətli dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq elmi-iqtisadi araşdırma aparılmalı və rüsum dərəcələri məhkəmə işlərinin spesifikasına, sayına və əhalinin maddi imkanlarına uyğun hesablanmalıdır; Məhkəmə cərimələrinin miqdarı daha aşağı və ağlabatan miqdarda müəyyən edilməli və bu cərimələrin tətbiqi üçün meyarlar daha aydın və konkret dəqiqləşdirilməlidir".

Ana səhifəSiyasətVHİ qanuna dəyişikliyi tənqid etdi: Əhalinin maddi rifahı ilə uzlaşmır