Vəfa Nağı: Bələdiyyə yenə iclas edir, mənim qatılmağıma şərait yaratmır

“O, xaricdədir, gəlib çıxa bilmir, mən nə edim onun üçün? 5 gün qalmış məktub göndərilib, üstündə tarixi də qeyd edilib”

Vəfa Nağı


Əlibala Səlimov: "Vəfa Nağıya iclasdan 5 gün əvvəl məktub göndərmişik"

Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı deyir ki, bələdiyyə yenə iclas edir, ancaq onun qatılmasına şərait yaratmır.

Vəfa Nağı bu barədə Meydan TV-yə danışıb.

O bildirib ki, o, hazırda iclasa canlı qoşula bilmir. Buna görə bələdiyyənin sədri Əlibala Səlimova mesaj yazıb ki, iclasa onu “online” qoşsun: “Qeyd etdim ki, pandemiyaya görə mənim və bələdiyyənin digər üzvlərinin hüquqlarının qorunması baxımından iclasları “online” keçirin. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq fərmanları da var. Eyni zamanda, soruşdum ki, pandemiya dövrü kəndin Mədəniyyət Klubunda keçirilən iclaslarda hansı gigyenik tədbirlərin görülməsi barədə də məlumat versin. Ancaq mənə heç bir məlumat göndərilmədi”.

Vəfa Nağı deyir ki, iclasın olması ilə bağlı məktubun göndərilməsində də problem var. Qanunla həmin məktub iclasdan 5 gün əvvəl gəlməlidir, ancaq mən fevralın 2-də almışam: "İclas isə bu gün, fevralın 5-də olub. Yəni mənə iclasın vaxtını da gec məlumat veriblər. Üstəlik, “online” qoşulmaq istəyib də nəzərə alınmayıb”.

Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov isə bildirib ki, onlar Vəfa Nağıya iclasdan 5 gün əvvəldən məktub göndəriblər.

Eyni zamanda, Vəfa Nağıdan iclasa “online” qoşulmaq istəyi barədə hər hansı məktub, mesaj almayıb: "O, xaricdədir, gəlib çıxa bilmir, mən nə edim onun üçün? 5 gün qalmış məktub göndərilib, üstündə tarixi də qeyd edilib. Ümumiyyətlə, o gedəndə bələdiyyədən izin almalı idi, onu da etməyib. 3 dəfə iclasa üzrsüz səbəbdən gəlmədikdə, bələdiyyə onun üzvlüyünü dayandırıb və verir məhkəməyə. Biz də bunu etmişik. Sonra geri çəkmişik iddiamızı. Ona görə ki, kəndçiyik, ayıbdır, ona görə geri çəkdim”.

Bir müddət öncə Vəfa Nağı bələdiyyə üzvlüyündən qanunsuz çıxarıldığını bildirmişdi. İşə Şirvan İnzibati Məhkəməsində baxılırdı. İddianı bələdiyyə sədri qaldırmışdı.

Ə.Səlimov iddia edirdi ki, Vəfa Nağı bələdiyyənin 2020-ci ildə keçirilmiş doqquz iclasından beşində üzrlü səbəb olmadan iştirak etməyib.

Xol Qaraqaşlı bələdiyyəsinin üzvləri onunla bağlı məsələni müzakirə edib. Qərar verilib ki, V.Nağının bələdiyyə üzvü kimi səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət olunsun. Ancaq fevralın 4-də Əlibala Səlimov məhkəməyə Vəfa Nağını bələdiyyə üzvlüyündən çıxarmaq qərarından daşınması ilə bağlı ərizə verib.

2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Vəfa Nağı bələdiyyə üzvü seçildikdən sonra sədr Əlibala Səlimov barəsində müxtəlif instansiyalara 60-dan çox şikayət yazdığını bildirmişdi.

Onun sözlərinə görə, bələdiyyədə korrupsiya faktları var, lakin o faktlar araşdırılmır.

Vəfa Nağı iddia edir ki, maliyyə hesabatını tələb etdiyinə görə kənddə ona qarşı şantaja başlanıb, şəkillərini hər yerə yapışdırıblar.

Ə.Səlimov isə ittihamlarla razılaşmırdı. O bildirmişdi ki, bələdiyyə üzvü Vəfa Nağıya qarşı heç bir qanunsuzluğa yol verməyib.

Ana səhifəSiyasətVəfa Nağı: Bələdiyyə yenə iclas edir, mənim qatılmağıma şərait yaratmır