Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir

Foto: Ramazan Tağıyevin sosial media hesabı

Fransada yaşayan azərbaycanlı ictimai fəal Ramazan Tağıyev sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə təhdidlərlə üzləşib.

Bu barədə Meydan TV-yə məlumat verən fəal bildirib ki, mart ayından etibarən sosial media hesablarında tənqidi fikirlər və meyxanaçı Rəşad Dağlı barədə paylaşım etdikdən sonra ona qarşı kütləvi kiberhücumlar və təhdidlər başlayıb. Fəalın sözlərinə görə, həmin paylaşımdan sonra naməlum şəxslər onunla əlaqə saxlayaraq onu ölümlə təhdid ediblər.

Ramazan Tağıyev bildirir ki, onu təhdid edən şəxslərdən biri Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə qarşı hücum işində adı hallanan, daha sonra isə sərbəst buraxılan “Roma” ləqəbi ilə tanınan Rəşad adlı şəxsdir. Fəalın sözlərinə görə, həmin şəxs etdiyi təhdid mesajlarında Məhəmməd Mirzəliyə qarşı törətdikləri aktı ona qarşı da törədəcəklərini deyib.

Buna səbəb onun “Cavan TV” və blogerləri barədə silsilə paylaşımlar etməsi olub. Onun sözlərinə görə, bundan sonra onun profilinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektindən ümumilikdə 1100 dəfə kütləvi kiberhücum cəhdi olub və nəticədə “Meta” şirkəti təhlükəsizlik məqsədilə onun hesabını kilidləyib.

“İnstagramda siyasi statuslarıma davam etməyə başlayandan təhdidlər də davam etdi. Bir neçə profildən təxmini eyni mesajları alırdım. Rəşad adlı şəxs yazırdı ki, Məhəmməd Mirzəliyə qarşı işimiz yarımçıq qalmışdı, amma indi ikinizin də işini tamamlayacağıq. Qaldığın yeri bilirəm, ora gəlirəm“.

Təhdidlərdən sonra Ramazan Tağıyev həmin şəxsi Fransa polisinə şikayət edib. Fəal qeyd edib ki, polis qısa müddətdə təhdid edən şəxsin şəxsiyyətini və yerini müəyyənləşdirib. Məlum olub ki, həmin şəxs Fransanın Tuluza şəhərinin Kolomye qəsəbəsində gizlənir. Ramazan Tağıyev bildirib ki, polis tərəfindən faktla bağlı rəsmi cinayət işi başladılıb, şübhəlinin saxlanılması üçün əraziyə xüsusi briqada yönələndirilib və onun ölkəni tərk etməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrinə xəbərdarlıq göndərilib.

İctimai fəal ona qarşı edilən bu təzyiqlərin məişət zəminində olmadığını, birbaşa onun ifadə azadlığı və ictimai fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.

Ana səhifəSiyasətFransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir