Üstü açılmayan cinayətlər: Elgün İbrahimovun ölümündəki müəmmalar

Ötən ilin may ayının 13-də həyatını itirmiş 17 yaşlı məktəbli Elgün İbrahimovun ölümündən bir il ötdü. Onun ölümü hələ də müəmmalı olaraq qalır.

O, Gəncədə, tərk edilmiş yataqxanada ağır yaralı vəziyyətdə tapılmış, xəstəxanada vəfat etmişdi.

Hökümətə yaxın medialar onun intihar etdiyini tirajlamışdı. Hüquq mühafizə orqanları isə bu ölümün əsl gerçəkliyini göstərməkdə maraqlı görünmədi və ya ictimaiyyəti inandıra bilmədi.

Ilkin olaraq mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi versiyalar səsləndirilirdi.  

Rəsmi açıqlamada isə qeyd edilirdi ki, Elgün İbrahimov hündürlükdən yıxılaraq aldığı xəsarətlər səbəbilə həyatını itirib.

Ailəsi isə onun intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirirdi.

Bütün bu fərziyyələr və iddialar, eyni zamanda rəsmi açıqlama insanlar arasında Elgünün ölümü ilə bağlı şübhələri daha da artırdı. Rəsmi açıqlamalar eyni zamanda hökumətyönlü medialarda onun intihar etdiyi dəfələrlə vurğulansa da, ictimaiyyət bu açıqlamalara inanmaq istəmədi. 

“Bu insan işi deyildi”

Hadisə baş verən ilk günlərdə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgün İbrahimovun döyülərək tanınmaz hala gəldiyini deyirdi.

“Uşaq çox vəhşicəsinə döyülmüşdü. Uşağın başı yox idi, tikə-tikə idi, gözü yerdə idi. Qabırğaları sındırılmışdı. Döyülübsə, dəmirlə döyülüb. Bu insan işi deyildi. Bu vəhşilikdir. Belə adamlara cəmiyyət arasında yer yoxdur. 4-5 gün keçib bunlar hələ çöldədirlər. Tələb edirik ki, tapılsın cəzalandırılsın. Uşaq universitetə hazırlaşırdı, dərsləri yaxşı idi, davakar uşaq deyildi”,– dayısı ilk müsahibələrinin birində belə deyirdi.

Həkim Adil Qeybullanın Meydan TV-yə bildirdiyinə görə, insan orqanizmində qan dövranı, beyin hipoksiyası, beyin ölümü və orqan-toxumalarda baş verən dəyişikliklər əsasında həyatın bitməsi, ən azı ürəyin dayanması ilə bioloji ölümün başlanma anını təxmini də olsa müəyyən etmək mümkündür. Ekspert bildirir ki, müasir ekspertiza metodları bunu dəqiqələr səviyyəsində təyin edə bilir. Adil Qeybullanın sözlərinə görə, bu baxımdan hündürlükdən yıxılan şəxsin əvvəlcədən öldürülüb atıldığını, yoxsa yıxılaraq öldüyünü müəyyən etmək mümkündür. 

“Müasir ekspertiza vasitələri ilə şəxsin aldığı travmalardan öldüyünü, yoxsa başqa səbəbdən öldürülüb sonradan atıldığını müəyyən etmək olur.  Bəzi xəsarətlər var ki, insanın onları özünə yetirməsi məntiqi və real görünmür. Belə hallar da ekspertiza zamanı müəyyən edilir.Göz zədələri, sifət travmaları, onurğa sütununun zədələnməsi, sınıqlar və digər xəsarətlərin ölüm anından əvvəl, yaxud düşmə zamanı alındığını müəyyən etmək mümkündür”.

“Qanaxmanın olmaması şübhə yaradır”

Adil Qeybulla bildirib ki, 5-ci mərtəbədən yıxılan və ya özünü atan bir şəxsin belə xəsarətlər almasına şübhə ilə yanaşır.

“Bu cür hallar müəyyən şübhələr yarada bilər. İnsan düşünə bilər ki, əgər şəxs özü atılıbsa, niyə bu qədər ağır xəsarətlər alıb. Əgər həmin xəsarətlər yerdə alınıbsa, onların necə və hansı mexanizmlə yarandığı ekspertizada göstərilməlidir. Bu, sadəcə yazılmaqla kifayətlənə bilməz”.

İddialarla bağlı danışan həkim deyir ki, ümumiyyətlə, qanaxmanın olmaması, yerdə qan izlərinin görünməməsi və zərbə nahiyəsində yumşaq toxumalarda ciddi hematomaların olmaması ilə bağlı deyilənlər onu göstərir ki, qan dövranı həmin andan əvvəl dayanıb. 

“Bu isə ölümün yıxılmadan əvvəl baş verdiyinə işarə edə bilər”, – deyə Adil Qeybulla bildirib.

Ailənin dəyişən mövqeyi və susqunluğu

Ailə və yaxınları əvvəlcə Elgünün öldürüldüyünü bildirirdi. Daha sonra isə rəsmi açıqlamalarda hadisə intihar kimi təqdim olundu. Ailə bundan sonra susmağa üstünlük verdi — nə suallara cavab verdi, nə də əvvəlki iddialarını təkrarladı. Meydan TV olaraq Elgünün ailəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, yaxınları bu mövzu barədə danışmaq istəmədiklərini bildirdilər.

Bu, Azərbaycanda çoxlarına tanış olan bir mənzərədir: ailələr müxtəlif təzyiqlər və təhdidlər qarşısında susmağa məcbur qalır. Həqiqət isə çox vaxt həmin susqunluğun arxasında itib gedir.

Hətta hökumətyönlü medialarda da öncə ailəsinin onun döyülərək öldürülməsinə dair dediklərini tirajlasalar da, sonradan həmin materiallar bir çox media orqanlarından yığışdırıldı. Və bu da yenidən ictimaiyyət arasında şayiələrin yaranmasına səbəb oldu.

Yayılan şayiələrdə onu binadan atan Gəncədəki yuxarı ranqli məmurun – rəisinin övladı olduğu bildirilirdi. Başqa bir şayiəyə görə, guya Elgünün borcu var idi, buna görə döyülərək öldürülüb.

“Elgün üçün ədalət”

Rəsmi açıqlamalarda Elgünün intihar etdiyinin deyilməsi ictimaiyyət arasında da  narazılığa səbəb olmuşdu. Iyunun 1-də  “Elgün İbrahimov üçün ədalət” şüarı ilə Bakıda və ölkənin bir çox şəhərlərində aksiya təşkil olunmuşdu.

Hakimiyyət isə bu hadisənin daha qabardılmamasında maraqlı idi. Məhz bu səbəbdən Bakının mərkəzində keçirilən aksiya zorakılıqla dağıdılıb. Həmin aksiyada iştirak edən 63 nəfər şəxs polis tərəfindən saxlanılıb. Onların bir çoxu Nəsimi rayon polis idarəsində cinsi qısnama, təhqir və pis rəftara məruz qaldıqlarını dedilər.

Meydan TV- yə danışan hüquqşünas Emin Abbasovun sözlərinə görə, hüquq şübhəli ölüm halları üzrə bütün versiyaları yoxlayan hərtərəfli və şübhəyə yer qoymayan istintaq aparılmasını tələb edir. O, bildirir ki, yaşamaq hüququ dövlətlərin üzərinə insan həyatının toxunulmazlığını qanunsuz qəsdlərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görmək öhdəliyi qoyur. Bu öhdəliyə həm də əgər belə tədbirlər görülməzsə və ya ölüm/xəsarət hadisəsi baş verərsə, dövlətin həmin hadisəni effektiv şəkildə araşdırmaq, məsul şəxsləri müəyyən etmək və onların cəzalandırılmasını təmin etmək öhdəlikləri də daxildir.

“Bu mənada hüquq tələb edir ki, şəxs zorakı və ya şübhəli şəraitdə ölübsə, dövlətin yaşamaq hüququ üzrə effektiv araşdırma aparmaq öhdəliyi bütün ciddiyəti ilə həyata keçirilməlidir. Bu araşdırma formal xarakter daşımamalı, ölümün səbəbini, şəraitini, mümkün zorakılığı, hadisədə iştirak etmiş şəxsləri və dövlət orqanlarının mümkün hərəkətsizliyini, yəni səhlənkarlığını da aydınlaşdırmağa yönəlməlidir. Hüquqi standartlar tələb edir ki, bu kimi hallarda istintaq müstəqil, adekvat, operativ olmalı, bütün versiyalar, ciddi olub olmamasından asılı olmayaraq araşdırılmalı, ailə üzvləri və digər maraqlı tərəflər də bu prosesə yetərli dərəcədə cəlb edilməlidir. Ona görə də ailənin “döyülərək öldürülüb” iddiası şübhəsiz ki, araşdırılmalı haldır”.

“Araşdırma formal xarakter daşımamalıdır”

Hüquqşünas deyir ki, Cinayət-Prosessual Məcəllənin də tələbi budur ki, sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, istintaq birtərəfli versiya üzərində qurulmamalıdır. Onun sözlərinə görə, əgər ilkin məlumatlar şəxsin döyülməsi və ağır xəsarətlər nəticəsində ölməsi ehtimalını göstərirdisə, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ilkin hüquqi tövsif kimi mümkündür. 

“Amma bu, istintaqın yalnız həmin maddə ilə məhdudlaşması demək deyil. Əgər sübutlar işin qəsdən adam öldürmə olduğunu müəyyən etməyə kifayət etdici halda iş üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsinin tətbiq edilir.İlkin tövsif istintaqın başlanğıcıdır, nəticəsi deyil. İş üzrə aparılan istintaqın nəticəsində toplanan  sübutlara əsasən gəlinən qənaət üzrə ittiham dəyişə bilər”.

Emin Abbasov bildirir ki, məhkəmə-tibbi ekspertiza yalnız “ölüm səbəbi nədir?” sualına cavab verməməlidir, ən azı xəsarətlərin sayı, yeri və xarakteri, onların necə yarandığı, xəsarətlərin

yıxılma ilə, yoxsa döyülmə ilə uyğunluğu, ölüm vaxtı, xəsarətlərin sağ ikən, yoxsa ölümdən sonra yaranması suallarına cavab verməli, bütün bioloji izlər və digər maddi sübutlar toplanılmalı və araşdırma predmeti olmalıdır.

“Mübahisəli hallarda əlavə və ya təkrar ekspertiza, yaxud komissiya ekspertizası təyin olunması da hüquqi baxımdan əsaslı ola bilər. İctimaiyyətə rəsmi nəticəyə inanmaq üçün yalnız bəyanatlar kifayət etməyə bilər. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi Azərbaycanda da həqiqətin müəyyən edilməsi vəzifəsi daşıyan açıq məhkəmələr ilə ədalət mühakiməsinin aparılması təmin edilməlidir. Araşdırmanın keyfiyyətinə dair minimum şəffaflıq olmalıdır. Ailənin sualları cavabsız qalırsa, ekspertiza rəylərinə çıxış məhduddursa, istintaqın hansı versiyaları necə istisna etdiyi izah olunmursa, bu haqlı şübhələr yaradır. Açıq məhkəmənin əsas funksiyalarından biri də məhz budur: ictimaiyyətin ədalət mühakiməsinin aparılmasına inamını təmin etmək”.

Açıq qalan hüquqi suallar

Ekspertin sözlərinə görə, ümumi problem odur ki, şübhəli ölüm işlərində istintaq orqanlarının keyfiyyətli istintaq aparmaq potensialı yoxdur.

“Təəssüf ki, hətta bəzən istintaqın gəldiyi nəticə doğru olsa da, aparılan istintaqın forması keyfiyyətli olmur, yəni araşdırma tam və hərətərəfli və şübhəyə yer qoyamaycaq dərəcədə bütün digər versiyaların istisna edildiyini göstərəcək həddə inandırıcılığı göstərə bilmir. Buna görə də bir çox hallarda bu kimi hallarda araşdırmalar ictimai təzyiqdən yayınmaq, qurumların reputasiyasını qorumaq, işi tez bağlamaq və ya daha mürəkkəb versiyaları araşdırmaqdan yayınmaq üçün çox qapalı olur”.

Hüquqşünas bildirir ki, istintaq orqanları vaxtaşırı, sübutlara zərər vermədən, əsas prosessual addımlar, hüquqi tövsif, ekspertiza istiqamətləri və yekun qərarın əsasları barədə məlumat verməlidir. Ailəyə isə ictimaiyyətdən daha geniş prosessual məlumat və iş materiallarına çıxış imkanı təmin olunmalıdır.

Amma bu bir il ərzində istintaq orqanlarının ictimaiyyətə Elgünün ölümünün təfərrüatları ilə bağlı geniş, təfərrüatlı və inandırıcı açıqlama verdiyinin şahidi olmadıq. Meydan TV məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlayaraq Elgünün ölümü ilə bağlı bu bir il ərzində  aparılan istintaq barədə məlumat almağa çalışsa da, material dərc olunan vaxta qədər sorğumuza cavab verilməyib.

Qurumların mövqeyini əldə etdiyimiz halda, onu ayrıca təqdim edəcəyik.

Və bir gəncin ölümü bu formada ört-basdır edildi.  Amma maraqlı və üzücü məqam odur ki, Elgün İbrahimovun ölümündən sonra məhz Gəncə şəhərində yeniyetmə və gənclər arasında ard-arda bir neçə buna bənzər ölüm halları baş verdi.

İyunun  4-də 20 yaşlı C.Abbasovun meyiti park ərazisindən sakinlər tərəfindən aşkarlanır. Iyunun 25-də isə 19 yaşlı İbrahim Nəzərovun meyiti evində asılmış vəziyyətdə tapıldı. Gəncədə gənclər və yeniyetmələr arasında bu kimi silsilə müəmmalı ölümlər bu hadisədən sonra da davam edir. Bu vaxta qədər şəhərdə 10-a yaxın belə hadisə baş verib. Amma hüquq mühafizə orqanları tərəfindən bu ölüm hadisələrinin səbəbləri ilə bağlı hələ də tutarlı faktlar ortaya çıxmır.

Elgün İbrahimovun ölümünün üzərindən uzun müddət keçməsinə baxmayaraq, hələ də aydın və inandırıcı cavabların verilməməsi, ziddiyyətli açıqlamalar və yayılan iddialar bu işin obyektiv araşdırılmadığına dair şübhələri daha da gücləndirir.

Əgər bir gəncin ölümünün səbəbi açıq, şəffaf və hüquqi əsaslarla izah olunmursa, bu, yalnız bir hadisə kimi qalmır — oxşar halların təkrarlanması üçün zəmin yaradır. Gəncədə ard-arda baş verən müəmmalı ölümlər də göstərir ki, problemin kökü daha dərindir və sistemli yanaşma tələb edir.

Bu səbəbdən, Elgün İbrahimovun ölümü ilə bağlı həqiqətin üzə çıxarılması yalnız ailəsinin deyil, bütün cəmiyyətin haqqıdır. Şəffaf istintaq, müstəqil ekspertiza və ictimaiyyətə açıq məlumatlandırma olmadan bu kimi hadisələrə olan etimadı bərpa etmək mümkün deyil. 

Ana səhifəTövsiyəÜstü açılmayan cinayətlər: Elgün İbrahimovun ölümündəki müəmmalar