Ukraynanı dəstəkləyən rus aktyorlara qadağa qoyula bilər

Rusiya Dövlət Duması, Mənbə: Ultraskrip/shutterstock

Deputat: “Onlara büdcə hesabına yeni filmlərdə çəkilmək hüququ verilməməlidir”

Dövlət Dumasının Mədəniyyət Komitəsinin deputatı Yelena Drapeko Rusiyada “xarici agent” elan edilən aktyorlara dövlət büdcəsindən maliyyələşən filmlərdə çəkilməyə qadağa qoyulması təklifi ilə çıxış edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hesab edirəm ki, həmin sənətçilərə büdcə hesabına yeni filmlərdə çəkilmək hüququ verilməməlidir. Çəkildikləri köhnə filmlərdən isə imtina etmək lazım deyil. Onlar bizə məxsusdur”, – deputat deyib.

Yanvarın 16-da Dövlət Dumasının Mədəniyyət Komitəsinin üzvü Sergey Solovyov isə Rusiya-Ukrayna müharibəsində ikinci ölkəni dəstəkləyən “satqın aktyorlar”ın çəkildikləri köhnə filmlərdəki kadrların kəsilməsi təklifini etmişdi.

Yelena Drapeko Sergey Solovyovun fikirlərini doğru hesab etmədiyini deyib.

“Kinematoqrafiya- kollektiv yaradıcılıqdır. Burada artistlərlə yanaşı, ssenarist, rejissor, operator, rəssam, bir sözlə, bütöv bir çəkiliş qrupu çalışır. Sənətçi isə orada ancaq simadır. Heç nəyi dəyişmək lazım deyil”, – Drapeko bildirib.

Fiziki şəxslər – “xarici agentlər” adlı siyahı Rusiya Ədliyyə Nazirliyi tərəfindən 2022-ci ilin aprelindən tərtib edilib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir çox rus sənətçiləri-müğənni, aktyor və digrələri buna etirazlarını bildirdilər.

Hətta müharibənin əleyhdarlarının əksəriyyəti Rusiyanı tərk etdi.

Ukraynanın maraqlarından çıxış etməkdə ittiham edilən bəzi tanınmışlar isə “xarici agentlər” siyahısına salınıblar.

Ana səhifəMədəniyyətUkraynanı dəstəkləyən rus aktyorlara qadağa qoyula bilər