Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya ordusu sıralarında döyüşən 408 Azərbaycan vətəndaşı həlak olub.
Bu barədə NEST Centre-in Rusiyanın Federal Dövlət Statistika Xidmətindən (Rosstat) sızdırılmış məlumatlar əsasında apardığı araşdırmada bildirilir.
Araşdırmaya görə, 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 29-dək Ukraynada Rusiya ordusunun sıralarında döyüşən 6 947 xarici ölkə vətəndaşının ölümü qeydə alınıb. Bu siyahıda 408 Azərbaycan vətəndaşı yer alıb.
Xarici ölkə vətəndaşları arasında ən çox ölüm Mərkəzi Asiya ölkələrinin payına düşüb. Belə ki, Qazaxıstan vətəndaşlarından 1 375, Özbəkistan vətəndaşlarından 1 301, Tacikistan vətəndaşlarından 831, Belarus vətəndaşlarından 719, Qırğızıstan vətəndaşlarından isə 415 nəfər həlak olub.
NEST Centre-in hesablamalarına görə, müharibə başlayandan 2026-cı ilin sentyabr ayınadək Rusiya hərbçiləri arasında ümumilikdə təxminən 530 min ölüm qeydə alınıb. Araşdırmada bu rəqəmin istifadə olunan metodologiyadan asılı olaraq 521 minlə 537 min arasında dəyişdiyi bildirilir.
Mərkəz qeyd edir ki, bu hesablamaya digər ölkələrin təxminən 8 min vətəndaşı da daxildir. Tədqiqatçılar rəqəmin müharibədəki real itkilərin yekun göstəricisi olmadığını, ölümü hələ qeydə alınmamış şəxslərin də ola biləcəyini vurğulayırlar.
Araşdırmada xarici vətəndaşların Rusiya ordusuna cəlb olunması məsələsinə də toxunulur. Bildirilir ki, miqrantlara Rusiyada mülki iş, sənədləşmə yardımı və həbsdən azad edilmə vədləri verilib. Bəzi hallarda isə hərbi müqavilələr təzyiq və fiziki zorakılıq yolu ilə imzaladılıb və həmin şəxslər cəbhəyə göndəriliblər.
NEST Centre-in məlumatına görə, 2025-ci ilin yazında müharibənin ən ağır itkiləri qeydə alınıb. Həmin ilin may ayında 19 mindən çox ölüm qeydə alınıb. Araşdırmada müharibənin ən ölümcül günü kimi 2025-ci il mayın 6-sı göstərilir: həmin gün 808 nəfərin öldüyü hesablanıb.