Təşkilatlar hesab edirlər ki, siyasi məhbusların, jurnalistlərin və hüquq müdafiəçilərinin təqib olunduğu bir ölkənin ATƏT-ə rəhbərlik etməsi qurumun nüfuzuna zərbə vura bilər.
46 beynəlxalq və bir sıra ölkələrdən olan vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) mümkün sədrliyinə qarşı çıxıb.
Noyabrın 23-də “Human Rights House Foundation”ın saytında yayımlanan birgə bəyanatda ATƏT-in 57 iştirakçı dövlətinə müraciət edilərək Azərbaycanın 2027-ci ildə təşkilata rəhbərlik etməsinə razılıq verilməməsi istənilib.
“Azərbaycan hökuməti təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində etibarlı tərəfdaş deyil və təşkilata sədrlik etməyə uyğun deyil”, – bəyanatda qeyd olunur.
Təşkilatlar bildirirlər ki, Azərbaycan hakimiyyəti 2013-cü ildən müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri artırıb. Onların fikrincə, 2023-cü ilin sonundan başlayan yeni həbs dalğası nəticəsində ölkədə insan hüquqlarının vəziyyəti daha da ağırlaşıb.
Bəyanatda azərbaycanlı hüquq müdafiəçilərinin hesablamalarına istinadla ölkədə 300-dən çox siyasi məhbusun olduğu bildirilir. Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin işi xüsusi xatırladılır.
Müraciət müəllifləri Avropa Parlamentinin 2026-cı ilin oktyabrında, Avropa Şurası Parlament Assambleyasının isə iyunda qəbul etdiyi qətnamələrə istinad edərək Azərbaycanda müstəqil medianın və QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını tənqid ediblər.
Bəyanatı imzalayanlar arasında Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), Norveç və Niderland Helsinki komitələri, “Freedom Now” və digər hüquq müdafiə təşkilatları var. Azərbaycanı təmsil edən təşkilatlar arasında Azərbaycan İnsan Hüquqları Mərkəzi və Müstəqil Hüquqşünaslar Şəbəkəsi də yer alır.
Azərbaycanın sədrliyi hələ təsdiqlənməyib
ATƏT-in noyabrın 20-də yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Avstriya və Norveç 2027–2029-cu illərdə təşkilata sədrlik etməkdə maraqlı olduqlarını bildiriblər. Kipr və Gürcüstan isə əvvəlki namizədliklərini qüvvədə saxlayıblar.
Hazırda ATƏT-ə İsveçrə sədrlik edir. Növbəti illər üzrə yekun qərar hələ verilməyib. Qərarlar 57 iştirakçı dövlətin konsensusu ilə qəbul olunduğundan istənilən ölkənin etirazı namizədliyin təsdiqlənməsinə mane ola bilər.
Məsələnin dekabrın 3–4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının toplantısı ərəfəsində yenidən müzakirəsi gözlənilir.
Rəsmi Bakı hələlik bu müraciətə münasibət bildirməyib. Azərbaycan hakimiyyəti indiyədək ölkədə fundamental hüquq və azadlıqların təmin olunduğunu bəyan edib. Rəsmilər siyasi məhbusların olması barədə iddiaları rədd edir, həbsdə olan şəxslərin siyasi fəaliyyətlərinə görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.