Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Rauf oğlu Kərimov vəfat edib.
Bu barədə noyabrın 24-də DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, hərbçi uzun sürən ağır xəstəlik səbəbindən Mərkəzi Klinik Xəstəxanada müalicə alırmış. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əsgərin neçə yaşında olduğu, hansı xəstəlikdən əziyyət çəkdiyi və nə qədər müddət müalicə aldığı barədə rəsmi məlumat açıqlanmayıb.
Bu il azı 48 hərbçi qeyri-döyüş şəraitində ölüb
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) monitorinqinə görə, 2026-cı il yanvarın 1-dən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr, 5-i intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində ölüb. Daha 9 nəfərin ölüm səbəbi açıqlanmayıb.
Oktyabrın 4-dən sonra DSX əsgəri Orxan Şabanovun, Naxçıvanda hərbi xidmət keçən Elnar Tağıyevin, mayor Müşfiq Əliyevin və əsgər Rəhman Kərimovun ölümü barədə də məlumat yayılıb. Bu hadisələr nəzərə alındıqda, 2026-cı ildə qeyri-döyüş şəraitində ölən hərbçilərin açıq mənbələrdən məlum minimum sayı 48-ə çatır.
Bununla belə, oktyabr və noyabr aylarını tam əhatə edən yenilənmiş ümumi statistika hələ açıqlanmayıb. Ötən il XHTİ-nin monitorinqində azı 43 hərbi qulluqçunun qeyri-döyüş şəraitində öldüyü bildirilirdi.