Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açıldı

“Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.

Source: Specify Source


Açılışda Türkiyə və Rusiya müdafiə nazirlərinin müavinləri də iştirak edib

Yanvarın 30-da Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş nazirinin ötən ilin noyabrında imzalanan üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

“Azərtac” mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlunun və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin iştirak etdiyini bildirib.

Müdafiə naziri Zakir Həsənov deyib ki, noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini sülhməramlı fəaliyyətdə mahiyyətcə yeni mərhələ adlandırıb:

“Biz qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malikik. Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparıb. Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.

w_1616120097012165258692_1000x669.jpg
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini sülhməramlı fəaliyyətdə mahiyyətcə yeni mərhələ adlandırıb

Həm rusiyalı, həm də türk hərbçilərinə müraciət edən Aleksandr Fomin deyib: “Bu torpaqlarda sülhün bərqərar olması üçün bütün zəruri tədbirlərin nə dərəcədə sürətlə və etibarlı görülməsi indi sizdən asılıdır”.

Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu regionda sülh və sabitliyin Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin olunduğunu diqqətə çatdırıb:

“Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Gələcəkdə bu əməkdaşlığın davam etməsinin faydalı olacağını düşünürəm”.

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Ana səhifəSiyasətTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açıldı