Bu gün səhər saatlarında Şanlıurfada Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı insident baş verib, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Şanlıurfa valisi Hasan Şıldakın məlumatına görə, hücumu törədən 19 yaşlı Ömer Ketin məktəbin keçmiş şagirdi olub və hadisədən sonra intihar edib. Valinin sözlərinə görə, xəsarət alanların böyük əksəriyyəti şagirdlərdir və yaralılar dərhal ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Vali bildirib ki, xəsarət alan 16 nəfərdən 10-u şagirddir, bir müəllimin vəziyyəti ağırdır. Yaralananlardan birinin polis əməkdaşı olduğu qeyd edilib.
İnsident dərs zamanı baş verib. Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ov tüfəngi ilə məktəbin həyətinə daxil olub və nizamsız atəş açıb, daha sonra binaya girərək atəşi davam etdirib.
Bəzi şagirdlərin girov götürüldüyü ilə bağlı iddialar yayılsa da, hüquq-mühafizə orqanları bunu təkzib edib. Bildirilib ki, məktəbin müəllim və şagir heyəti təhlükəsiz şəkildə təxliyə olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.