Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyevin oğlu və kürəkəni şahid qismində ifadə verib

Əli Kərimli – Foto: Şəxsi “X” platforması

Bu gün, noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AXCP-dən verilən məlumata görə, iclas qapalı keçirilib və əvvəlki proseslərdə olduğu kimi, polis bu dəfə də partiya fəallarının məhkəmə binası önünə toplaşmasına imkan verməyib.

Məhkəmədə şahid qismində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev,  Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev, Ramiz Mehdiyevin köməkçisi Eldar Həmidov və AXCP-nin Sabunçu Rayon Təşkilatının sabiq sədri Fazil Əliyev iştirak edib.

Məhkəmə prosesi qapalı keçirildiyindən şahidlərin ifadələri barədə məlumatlar məhkəmədəki mənbələrə istinadən yayılıb.

Qəzetçi-nin məlumatına görə, məhkəmədə ifadə verən Timur Mehdiyev Əli Kərimlini qiyabi olaraq tanıdığını desə də, onunla əlaqələrinin olmadığını bildirib.

 “Əli Kərimlini bütün Azərbaycan tanıyır. Lakin onunla mənim və ailəmizin heç bir əlaqəsi olmayıb”, – deyə  Timur Mehdiyev vurğulayıb.

O həmçinin ifadəsində qeyd edib ki, atası Rusiyaya hər hansı bir məktub yazmayıb: 

“Atam prezident İlham Əliyevə tövsiyə məktubu yazıb, idarəçiliyini tənqid etmişdi. Atama qarşı kampaniya həmin məktubdan sonra başlayıb. Bacım atama etiraz edərək bildirmişdi ki, təqaüdçü adamsan, niyə bu işlərə qarışırsan?”.

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev isə Əli Kərimlini Bakı Dövlət Universitetində oxuduğu dövrdən tanıdığını bildirib.

“Əli Kərimlini universitetin komsomol təşkilatının sədri kimi tanımışam. Heç bir şəxsi münasibətim olmayıb”, – deyə o vurğulayıb.

İlham Əliyev ifadəsində deyib ki, o,  Əli Kərimlinin Rusiya ilə münasibətlərinin olub-olmamasından xəbərsizdir. O, məhkəmədən xahiş edib ki, həyat yoldaşı xəstə olduğu üçün məhkəməyə dəvət edilməsin.

 Məhkəmədə şahid qismində Ramiz Mehdiyevin köməkçisi Eldar Həmidov da ifadə verib. O, bildirib ki, Ramiz Mehdiyevin göstərişi ilə AXCP-nin Sabunçu Rayon Təşkilatının sədri Fazil Əliyevlə görüşüb.

“Ramiz Mehdiyev mənə Fazil Əliyevin telefon nömrəsini və məktubu verdi. Tapşırdı ki, zəng edim, Fazil Əliyevlə görüşüb məktubu ona verim. Mən tapşırığı icra elədim”, – deyə o, bildirib.

Bu ifadələrdən sonra müdafiə tərəfinin vəkilləri Eldar Həmidovdan həbsindən 20 gün sonra müstəntiqin adına ərizə yazaraq yeni ifadə vermək təşəbbüsünün səbəbini soruşublar.

Eldar Həmidov sualları cavablandırmaqdan yayınıb.

AXCP-nin Sabunçu Rayon Təşkilatının sabiq sədri Fazil Əliyev Ramiz Mehdiyevin köməkçisi ilə görüşüb ondan məktub alaraq Əli Kərimliyə verdiyini bildirib.

Müdafiə tərəfinin vəkilləri Əli Kərimlinin həbsindən 3 gün əvvəl Fazil Əliyevin yoxa çıxdığını bildiriblər. Fazil Əliyev isə yoxa çıxdığını inkar edib və telefonunun söndüyünü bildirib.

Vəkillər Fazil Əliyevin ailə üzvlərinin sosial şəbəkələrdə və mediada Fazil Əliyevin itməsi və 10 gün ərzində ondan xəbər olmaması barədə yazdıqlarını məhkəmədə nümayiş etdiriblər.

Əli Kərimlinin vəkilləri Fazil Əliyevin telefon siqnallarının əldə edilməsi ilə bağlı vəsatət veriblər.

Məhkəmədə çıxış edən Əli Kərimli  Rauf Arifoğlu, Fazil Əliyev və Sərdar Cəlaloğlunun verdikləri ifadələrə istinad edərək bildirib ki, o  həbsxanada ola-ola özünü həmin şəxslərdən daha azad hiss edir.

Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs ediliblər. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldıqları bildirilsə də, sonradan işlər ayrılıb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə — hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb. Maddənin sanksiyasında 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Əli Kərimli və Məmməd İbrahim ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər. Əli Kərimli daha əvvəl istintaqa ifadə vermədiyini də açıqlayıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə açıqlama yayıb. Qurumun məlumatında Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasovun, Əli Kərimlinin və Məmməd İbrahimin də adları çəkilib. DTX həmin şəxslərdən bəzilərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu dəyişdirməyə yönələn fəaliyyət göstərdiyini iddia edib.

Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin ötən həftə başa çatdığı və ona 14 il şərti cəza verildiyi açıqlanıb. Həmin prosesə də jurnalistlərin və məhkəmə iclasını izləmək istəyən şəxslərin buraxılmadığı barədə məlumatlar yayılıb.

Ana səhifə ▸ Siyasi işlər ▸ Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyevin oğlu və kürəkəni şahid qismində ifadə verib