Tural Sadıqlının valideynlərinə ölkədən çıxış qadağası qoyulub

Photo of Tural Sadigli – From his personal archive

Mühacirətdə yaşayan bloger Tural Sadıqlının valideynlərinə ölkədən çıxış məhdudiyyəti qoyulub.

Bu barədə məlumatı Tural Sadıqlı özünün sosial media hesabı vasitəsilə yayıb.

O, mayın 15-də atası Əlövsət Sadıqlı və anası Mətanət Sadıqlının övladlarını ziyarət etmək məqsədilə Avropaya yola düşərkən Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qaytarıldıqlarını bildirib. Sərhəd nəzarəti zamanı onlara Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışlarına qadağa qoyulduğu barədə məlumat verilib.

Tural Sadıqlı bu qərarın birbaşa özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu və ötən il əmisi Elmir Sadıqovun həbsindən sonra ailəsinə tətbiq edilən növbəti tədbir olduğunu iddia edib.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Tural Sadıqlı Avropada yaşayır və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınır. Fəaliyyətinə görə son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik alveri  və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı da həbsdə olub. Ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə əmisi Elmir Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Sadıqlı özü Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunub. Onun barəsində qiyabi həbs qərarı verilib. Ötən il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Tural Sadıqlıya 14 il həbs cəzası verilib.

Tural Sadıqlı haqqında səslənən ittihamları rədd edir və bunu tənqidi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəSiyasətTural Sadıqlının valideynlərinə ölkədən çıxış qadağası qoyulub