TRIPP layihəsində səhmlərin 74%-i ABŞ-yə, 26%-i isə Ermənistana məxsus olacaq

Ararat Mirzoyan. Foto: Ermənistan Xarici İşlər Nazirliyi

Ermənistanla ABŞ “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

Sənədi iyulun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumət iclasında təqdim edib. Saziş bu ilin mayında Yerevanda Mirzoyanla ABŞ dövlət katibi Marko Rubio arasında imzalanıb.

Nazirin sözlərinə görə, növbəti mərhələdə sənəd Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər məhkəmə saziş üzrə öhdəliklərin ölkə Konstitusiyasına uyğun olduğunu müəyyən etsə, sənəd parlamentə təqdim olunacaq.

“Bu qərarla biz faktiki olaraq Ermənistanla ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya prosesinə başlayırıq”, -Mirzoyan bildirib.

TRIPP layihəsi Ermənistan ərazisindən keçəcək nəqliyyat və infrastruktur marşrutunun yaradılmasını nəzərdə tutur. Layihənin əsas məqsədi Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi, regionda ticarət əlaqələrinin genişləndirilməsi və Cənubi Qafqazda yeni iqtisadi imkanların yaradılmasıdır.

Layihə çərçivəsində dəmir və avtomobil yolları, kommunikasiya xətləri, logistika və digər infrastruktur obyektlərinin inkişaf etdirilməsi planlaşdırılır. Ermənistan və ABŞ arasında yaradılacaq TRIPP Development Company şirkəti layihənin həyata keçirilməsi və idarə olunmasında iştirak edəcək.

Razılaşmaya əsasən, şirkətdə səhmlərin 74 faizi ABŞ tərəfinə, 26 faizi isə Ermənistana məxsus olacaq. Ermənistan hökuməti bildirir ki, layihənin həyata keçiriləcəyi ərazilərdə ölkənin suverenliyi, ərazi bütövlüyü və hüquqi yurisdiksiyası qorunacaq. Sərhəd nəzarəti, gömrük prosedurları, təhlükəsizlik və hüquq-mühafizə funksiyaları Ermənistan dövlət orqanlarının səlahiyyətində qalacaq.

TRIPP layihəsi 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar fonunda gündəmə gəlib. Sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Vaşinqtonda imzalanan birgə bəyannaməyə əsaslanır.

Həmin razılaşmalar regional nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan, Azərbaycan, eləcə də daha geniş region arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyırdı.

ABŞ layihəni Cənubi Qafqazda sülh və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüsü kimi təqdim edir. Ermənistan isə TRIPP-in yalnız öz qanunvericiliyi və suverenliyi çərçivəsində həyata keçiriləcəyini vurğulayır. Azərbaycan tərəfi üçün isə layihənin əsas əhəmiyyəti ölkənin əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır.

Ana səhifəTövsiyəTRIPP layihəsində səhmlərin 74%-i ABŞ-yə, 26%-i isə Ermənistana məxsus olacaq