ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən seçilməsi üçün dəstəkləyərək onu Ermənistanı “güclü, varlı və çox təhlükəsiz” edən “böyük dost və lider” adlandırıb.
OC Media yazır ki, Tramp cümə axşamı “Truth Social” platformasında paylaşım edərək Paşinyana açıq dəstəyini ifadə edib.

O bildirib ki, Paşinyan Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün onun “SÜLH və RİFAH vizyonunu” bölüşür və əlavə edib ki, dövlət katibi Marko Rubio hər iki ölkə üçün bir sıra mühüm razılaşmalar əldə edib:
“Tezliklə ABŞ və Ermənistan birlikdə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun təməlini qoyacaqlar. Bu layihə Cənubi Qafqazı dəyişdirəcək və möhtəşəm Amerika enerji şirkətlərinə Mərkəzi Asiyadan ABŞ-a qədər çıxış imkanı yaradacaq. Bu səbəblərə görə Nikol 7 iyun 2026-cı il seçkilərində mənim TAM və QƏTİ dəstəyimə malikdir. Ermənistanı yenidən möhtəşəm edək – MAGA!”.
Öz növbəsində Paşinyan “X” platformasında Trampa “yüksək qiymətləndirmə və dostcasına sözlərə” görə təşəkkür edib.
Tramp 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistan–Azərbaycan sülh müqaviləsinin paraflanmasına vasitəçilik etdikdən sonra Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin “dost” olduqlarını tez-tez vurğulayıb. Həmin sammitdə üç lider Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək genişmiqyaslı bağlantı layihəsi – Tramp marşrutunun yaradılması planlarını elan etmişdilər.
Bu dəstək Rubionun çərşənbə axşamı Ermənistana etdiyi çox qısa səfərdən bir neçə gün sonra gəlib. Səfər zamanı Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan planlaşdırılan Tramp marşrutu ilə bağlı çərçivə sazişi imzalayıb, həmçinin strateji tərəfdaşlıq xartiyası və kritik mineralların hasilatı ilə bağlı memorandum qəbul ediblər.
Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyası 7 iyun parlament seçkilərində müxtəlif müxalif fiqur və partiyalarla mübarizə aparacaq.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.