Tibb bacısı: “Dedim ki, təcili yardım çağırılmalıdır, direktor məni otağından çıxardı”

Elina Hacıyevanın dostu: “Deyirdi ki, onu məktəbdə incidirdilər”

Source: APA

162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsliyyətinə cəlb olunmuş Sevinc Abbasovanın məhkəməsi davam etdirilib.

Sentyabrın 27-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Elinanın dostu, başqa məktəbin şagirdi olan 15 yaşlı Ramin Rəhimov ifadə verib. O bildirib ki, Elina ilə “İnstagram”da tanış olmuşdular. Elina söhbət əsnasında ona məktəb yoldaşlarının davranışlarından şikayətlənib. Deyirmiş ki, onu məktəbdə incidirlər.

R.Rəhimov onu da bildirib ki, Elina ona məktəbin direktoru və direktor müavininin ona qarşı bu münasibətdən xəbərdar olduğunu, amma qarşısını almaq üçün heç bir tədbir görmədiklərini demişdi.

162 saylı orta məktəbin tibb bacısı Ləman Nuriyeva da şahid qismində dindirilib. O bildirib ki, aprelin 4-də hadisə baş verəndə işdə olmayıb, poliklinikaya gedirmiş. Yolda olanda ona zəng edərək, belə bir olayın baş verdiyini xəbər veriblər. O da yoldan geri qayıdıb. Gəlib məktəbə çatanda isə Elinanı direktorun kabinetindəki divanda uzandırılmış vəziyyətdə görüb. Əvvəlcə Elinanın təzyiqini ölçüb, görüb ki, aşağıdır və getdikcə də düşür. Amma həmin vaxt Elinanın üzərində görünən xəsarətlər olmayıb.

"Dedim ki, təzyiq düşür. Bədən də soyuyur. Şübhələndim ki, daxili qanaxma ola bilər. Dedim ki, mütləq tez Təcili Tibbi Yardım çağırılmalıdır. Fikir vermədilər. Bir də deyəndə direktor məni otağından çıxardı. Dedi ki, öz otağıma gedim və oradan çıxmayım, təcili yardımı özü çağıracaq", – deyə L.Nuriyeva bildirib.

Tibb bacısı bildirib ki, həmin vaxt Elinanın huşu başında olub. Deyirmiş ki, heç nə hiss eləmir. L.Nuriyevanın sözlərinə görə, Elina ona deyib ki, həblər – “Ketatfen” içib: "Soruşdum ki, nə qədər içmisən? Dedi ki, bilmirəm".

Tibb bacısının sözlərinə görə, bir qədər sonra onu çağırıblar. Bu dəfə gedəndə görüb ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və polislər direktorun otağındadır. Bir qədər sonra Təcili Tibbi Yardım da gəlib.

Məhkəmə prosesi oktyabrın 2-nə qədər təxirə salınıb.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəSosialTibb bacısı: “Dedim ki, təcili yardım çağırılmalıdır, direktor məni otağından çıxardı”