“Human Rights Watch” təşkilatı və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info” platformasının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmana verilən həbs cəzalarını pisləyib.
Hər iki beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini müstəqil medianı və vətəndaş cəmiyyətini susdurmaq üçün xarici maliyyələşmə ilə bağlı qanunlardan istifadə etməkdə ittiham edib.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) noyabrın 13-də yaydığı bəyanatda İmran Əliyevin 10 il, Elgiz Qəhrəmanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini tənqid edib.
Təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru Fiona O’Brien bildirib ki, bu hökmlərdən sonra Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb.
“Azərbaycan hakimiyyəti bir daha müstəqil medianı məhv etmək üçün xarici maliyyələşmə qanunlarından qəddarcasına sui-istifadə edir. Azərbaycan jurnalistləri sadəcə öz işlərini gördüklərinə görə ağır cinayətkarlar kimi rəftar edilməməlidir. Beynəlxalq tərəfdaşlar Azərbaycan hökumətini məsuliyyətə cəlb etməlidirlər”,- O’Brien deyib.
CPJ qeyd edib ki, “Meclis.info” parlament deputatlarının fəaliyyəti ilə bağlı analitik materiallar və videolar yayımlayıb.
Təşkilat bəyanatında Toplum TV, AbzasMedia və Meydan TV ilə əlaqəli jurnalist və media işçilərinin də təqib olunduğunu xatırladıb.
CPJ xatırladıb ki, Toplum TV ilə əlaqəli doqquz nəfər bu ilin iyulunda oxşar ittihamlarla həbs cəzası alıb, AbzasMedia-nın altı jurnalisti və bir media işçisi isə 2025-ci ildə azadlıqdan məhrum edilib. Meydan TV ilə əlaqəli 12 jurnalist də maliyyə cinayətləri ittihamları ilə həbsdə saxlanılır.
“Human Rights Watch” (HRW) da İmran Əliyev və Elgiz Qəhrəmana verilən cəzaları pisləyib. Təşkilatın bəyanatında bildirilir ki, Azərbaycan hakimiyyəti məhdudlaşdırıcı qanunlar və süni qeydiyyat maneələri vasitəsilə müstəqil təşkilatların qanuni fəaliyyətini və xaricdən maliyyə almasını faktiki olaraq mümkünsüz edib.
HRW Azərbaycan hakimiyyətini İmran Əliyevi, Elgiz Qəhrəmanı və siyasi motivli ittihamlarla həbs olunan digər şəxsləri dərhal azad etməyə, ədalətsiz hökmləri ləğv etməyə çağırıb.
Təşkilat həmçinin müstəqil təşkilatları və medianı susdurmaq məqsədilə xarici maliyyələşmə qaydalarından sui-istifadəyə son qoyulmasını tələb edib.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb.
Elgiz Qəhrəman və Tamella Musayeva eyni cinayət işi üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə İmran Əliyev 10 il, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib. Tamella Musayevaya isə 8 il şərti cəza verilib. Azadlıqda olan Elgiz Qəhrəman hökm elan olunduqdan dərhal sonra məhkəmə zalında həbs edilib.
Onlar cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, qaçaqmalçılıq və digər əməllərdə təqsirli biliniblər. İmran Əliyev və Elgiz Qəhrəman isə məhkəmədə son sözlərində ittihamları əsassız sayaraq bəraət istəyiblər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. İstintaqın sonunda daha bir neçə maddə ilə əlavə ittihamlar elan olunub.
Onlar bu ittihamların heç birini qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycanda 322 nəfər siyasi məhbus var. Azərbaycan rəsmi qurumları isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və vurğulayırlar ki, adları bu siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.