“Amnesty International”: AbzasMedia əməkdaşları müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir

Foto: AbzasMedia

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı AbzasMedia jurnalistlərinin həbslərinin üçüncü ildönümü ərəfəsində onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.

Təşkilat həbsdə olan yeddi jurnalistin saxlanma şəraiti, tibbi yardımdan məhrum edilməsi, təkadamlıq kameralara salınması və pis rəftara məruz qalması ilə bağlı məlumatlardan narahatlığını bildirib.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers noyabrın 17-də yaydığı açıqlamada bildirib ki, AbzasMedia-nın yeddi jurnalisti ailələrindən uzaqda, ağır şəraitdə həbsdə saxlanılır.

Açıqlamada bildirilir ki, təzyiqlər təkcə əsassız həbslərlə bitmir. Jurnalistlərin yaxınları və vəkilləri həm AbzasMedia əməkdaşlarına, həm də tənqidi fəaliyyətlərinə və fərqli fikirlərinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftarın artdığını deyirlər. Buraya təkadamlıq kameralarda saxlanma, tibbi yardımdan məhrumetmə, döyülmə və digər hallar daxildir.

“Azərbaycan hakimiyyəti yalnız ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbsdə saxlanılan bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir. Hakimiyyət bütün məhbusları lazımi tibbi yardımla təmin etməli, pis rəftarla bağlı məlumatları dərhal araşdırmalı və bütün pis rəftar hallarına son qoymalıdır”, – Mari Strazers bildirib.

2023-cü il noyabrın 20-də AbzasMedia-nın direktoru Ülvi Həsənli saxlanılıb. Ardınca nəşrin daha beş əməkdaşı – baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər. 2024-cü il mayın 30-da isə AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” ilə əlaqədar saxlanılıb.

2025-ci il iyunun 20-də onların yeddisi də maliyyə ittihamları üzrə 7 il 6 aydan 9 ilədək həbs cəzasına məhkum edilib. Jurnalistlər ittihamları rədd edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirirlər.

Sonradan oxşar ittihamlar Toplum TV-nin jurnalistlərinə qarşı da irəli sürülüb. Onlar 2026-cı ilin iyulunda 12 ildən 15 ilədək həbs cəzasına məhkum ediliblər. Meydan TV əməkdaşlarının oxşar ittihamlarla mühakiməsi isə davam edir.

“Amnesty International”ın açıqlamasında bildirilir ki, noyabrın 2-də Ülvi Həsənli 10 saylı cəzaçəkmə müəssisəsində təkadamlıq kameraya salınıb. Həyat yoldaşı Rübabə Quliyevanın təşkilata verdiyi məlumata görə, həbsxana rəhbərliyi Həsənliyə təzyiq göstərərək ondan müəssisədəki şərait və orada baş verdiyi iddia olunan qanun pozuntuları barədə AbzasMedia-nın araşdırma materiallarını silməyi tələb edib. Ülvi Həsənlinin buna etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

“Amnesty International” həbsdə olan digər jurnalistlərə və fəallara qarşı da təzyiqlərin artması barədə məlumatlar aldığını açıqlayıb.

Azərbaycan rəsmiləri isə əvvəlki açıqlamalarında ölkədə insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların tənqidlərini rədd edib, həbsdə olan şəxslərin hüquqlarının qorunduğunu bildiriblər.

Ana səhifə ▸ Siyasət ▸ “Amnesty International”: AbzasMedia əməkdaşları müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir